Habil Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib

Habil Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirildi. Habil sənəti vurğunlarının çoxdan gözlədiyi tədbirlərdən biri idi.

“İNFONEWS” xəbər verir ki, Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə keçən tədbir həm kövrək notlar, həm sənətkarın xarakterinə məxsus baməzə, artıq lətifəyə dönən unudulmaz söhbətlərlə yadda qaldı. Habil Əliyev sənətinin ucalığı, kamança sənətimizə verdiyi töhfələrdən söz açıldı. O, bənzərsiz ifası ilə ürəkləri fəth etmiş, milli musiqi alətimiz kamançanı dünyada tanıtmış, muğam üçlüyünün tərkibində kamançanı ilk dəfə solo konsert aləti kimi təqdim etmişdi. Kamançanın ifa imkanlarının mükəmməl şəkildə ifadə və inkişaf etdirilməsində onun çox böyük xidmətləri olan sənətkar kamançanın səslənməsində müxtəlif texniki ifa üsulları tətbiq edərək onun tembr zənginliyinə nail olmuşdu.

Sənət dostları tarzən Xalq artisti Möhlət Müslümov, Əməkdar artist , kamança ifaçısı Mirnazim Əsədullayev sənətkarla bağlı xatirələrini bölüşdülər. Bu xatirələr nə qədər həzin idisə də bir o qədər də işıqlı idi. Çıxışlardan sonra yubiley gecəsi konsert proqramı ilə davam etdi. Xalq artisti, kamança ifaçısı Elşən Mansurov və tələbələri, Əməkdar artistlər Elnur Əhmədov, Toğrul Əsədullayev, Xəyyam Məmmədov sənətkarın repertuarından olan əsərləri böyük ustalıqla təqdim etdilər. Xanəndələr Əməkdar artistlər Babək Niftəliyev, Arzu Əliyeva, solistlər Rəvanə Qurbanova, Səbinə Ərəbli, Ayşən Mehdiyeva, Pərviz Qasımov Habil Əliyevin bəstəsi olan mahnı və muğamlardan ifaları alqışlarla qarşılandı. Yubiley gecəsində xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi BMM-nin solistlərindən ibarət olan “Buta” ansamblı müşayiət edirdi.

Qeyd edək ki, bu günə kimi BMM-də görkəmli kamança ifaçısı Habil Əliyevin xatirəsinə həsr edilən bir neçə tədbir keçirilib. Bu tədbirlər silsiləsinə 2015-ci ildə noyabr ayında təşkil edilən xatirə gecəsi, 2017-ci ildə sənətkarın xatirə gecəsi, 2018-ci ildə Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti, BMM-nin “Muğamat var olan yerdə” layihəsi çərçivəsində Habil Əliyev bəstələrinə müraciət edilən konsert proqramı daxildir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir