“Bu Nəsimi adına Dilçililik İnstititunun növbəti uğurudur!”

“Bu Nəsimi adına Dilçililik İnstititunun növbəti uğurudur!

Bir neçə gün öncə “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı keçirilib. 

“İNFONEWS” UNEC-in dosenti, qabaqcıl təhsil işçisi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Aynur Paşayevanın (Familqızı) bu yeni kitab – atlas barədə fikirlərini təqdim edir.

“Bunu AMEA-nın Nəsimi adına Dilçililik İnstititunun növbəti uğuru hesab etmək olar.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Dialektologiya şöbəsində 4 dildə (Azərbaycan, türk, rus, ingilis dillərində) tərtib olunan “Azərbaycan dilinin Qarabağ va Şərqi Zəngəzur dialektoloji atlası”ında Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılıbdır. Atlasda 278 xəritə, hər bir xəritə üçün yazılan xüsusi şərh, atlasın tərtibində istifadə olunan proqram, tədqiq edilən yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunan informatorların siyahısı, informatorların səsi yazılan kompakt disk ilə yanaşı ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilən, həmçinin, Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini və tarixi Zəfəri əks etdirən şəkillər öz əksini tapıbdır.

“Atlas”ın hər bir xəritəsində regionun dialekt sözlərinin spesifik xüsusiyyərtləri, dəyişməsi, meyiletmənin özünəməxsus işlənməsi, istifadə formaları və variantları, əvəzlənmə halları, nömrələrlə yaşayış məntəqələrində işlənən sözlərin sinonim variantları da verilmişdir. Xəritələrdə hər rayonun rəngi fərqli şəkildədir. Sözlərin müxtəlif variantları yaşayış məntəqələrində leksik vahidin mənaları və formalarının rəngarəngliyini göstərir.
Maraq doğuran cəhətlərdən biri milli-mədəni abidələrimizin bu atlasda şəklinin verilməsidir. Müəyyən dövrlərdə tapılmış türbələrin şəkli hər bir xəritənin sonunda verilmiş, əsas və köməkçi nitq hissəsinə dair variantlar türk, rus və ingilis dillərində də əksini tapmışdır. Bu da həmin bölgənin dialekt variantları ilə digər millətləri də tanış etməyə imkan və şərait yaradır.”

“Dialektologiya şöbəsinin müdiri dos. Kifayət İmamquliyeva, dos. Kubra Quliyeva, dos. Qüdsiyyə Qəmbərova və əziyyəti keçən bütün həmkarlarıma uğurlar arzulayıram! Səmimi münasibətləri üçün, mənə də Atlası təqdim etdikləri üçün dərin minnətdarlığımı bildirirəm. Tezliklə Qərbi Zəngəzur və Güney Azərbaycan Atlasını görmək ümidilə yolumuz rəvan olsun”, – Aynur xanım əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir