Azərbaycandan kömək istəyən mülki erməni Rusiya sülhməramlılarına təhvil verilib
Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.
“INFONEWS” Reportun aksiya keçirilən ərazidəki əməkdaşına istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib.
Qarabağın erməni sakininə qayğı ilə yanaşılıb.
Bu gün Şuşada – Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.
Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə “sağ ol” deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.