Zərərli vərdişlərdən “Kor”olmuş gələcək
Klinik-psixoloq Fidan İbrahimova İNFONEWS açıqlamasında bildirib ki, yeniyetmələrin siqaret çəkməsi bir neçə səbəbə görə narahatlıq doğurur:
* Yeniyetməlik illərində gündəlik siqaret çəkməyə başlayanlar adətən bütün həyatları boyu siqaret çəkirlər;
* Siqaret çəkmək xroniki xəstəliklərin inkişaf riskini artırır;
* Siqaretlə bağlı xroniki xəstəliklər adətən yetkinlik dövründə ortaya çıxsa da, yeniyetmə siqaret çəkənlər öskürək, nəfəs darlığı və digər tənəffüs əlamətlərindən daha çox əziyyət çəkirlər.
Yeniyetmələrin siqaret çəkməsinin səbəblərindən bəziləri bunlardır:
* Böyükləri təqlid etmək;
* Yenilik, maraq hissi;
* Yetkin, müstəqil görünmək istəyi və s.
Əgər ətrafınızdakı hər kəs siqaret çəkirsə, o zaman ən azı özünüzün cəhd etmək istəyini dəf etmək çətindir. Bu, yeniyetməyə sanki ətrafındakı hər kəsin nəyisə bildiyi, amma onun bilmədiyi və buna görə də sanki kənarda qaldığı hissini verir. Digər nümunələrdən biri də , qrupun səni ələ salmağa başladıqları zamandır. “Yaxşı, sən niyə çəkmirsən? Balacasan?” və s. tipli ifadələr yeniyetmələri daha çox təhrik edir.
Siqaret sayəsində yeniyetmələrə, problemlərinin öhdəsindən gəlmək daha asan görünür : ailələri ilə mübahisələr, dərslərdə zəif olmaları, dostlarla münaqişələri və s.
Siqaret çəkmə nəticəsində tütünə, nikotinə qarşı vərdiş yaranır. Nikotin – neyrotrop zəhərdir, sinir impulslarının keçirilməsinə və ötürülməsinə təsir göstərir, mərkəzi və periferik sinir sistemlərinin fəaliyyətini pozur. Yeniyetmələr, sağlamlıqlarına çox az əhəmiyyət verdikləri üçün siqaretin nəticələrinin ciddiliyini tam qiymətləndirə bilmirlər.
Burada hər şeydən əvvəl şəxsi nümunə vacibdir:
* uşağın uşaqlıqdan gördükləri;
* sizin, ən yaxın qohumlarınızın, ailənizin dostlarının siqaretə, spirtli içkilərə münasibətinin necə olması və s.
Belə görünə bilər ki, yeniyetməlik dövrünə qədəm qoyan uşaq, valideynlərindən uzaqlaşır və yalnız öz maraqları üçün yaşayır. Bu doğru deyil! Ailə onun inkişafına, şəxsiyyətinin və dünyagörüşünün formalaşmasına təsir edən ən mühüm amil olaraq qalır. Məhz əlverişsiz ailə vəziyyəti yeniyetməlik dövründə valideynlərlə uşaq arasında bir çox münaqişələrin mənbəyidir. Əsas odur ki, ailə uşağı, sağlam həyat tərzinə yönəltsin. Sağlam həyat tərzi sağlamlığın qorunmasına, möhkəmləndirilməsinə və bərpasına kömək edən davranış, həyat tərzidir. Uşağa sağlamlığının qayğısına qalmağı, xarici dünya ilə ahəngdar münasibətlər qurmağı öyrətmək valideynlərin ən vacib vəzifəsidir.
Bir uşağa qarşı kəskin şəkildə bir növ sanksiyalar tətbiq etməyə başlasanız, o zaman onunla nəinki münasibətinizi pozacaqsınız, həm də siqaret çəkməyinin qarşısını ala bilməyəcəksiniz. Əgər yeniyetmə nəyisə istəyirsə, həqiqətən istəyirsə, o zaman bunu edəcək və pulun olmaması və ya “pis adamlarla” ünsiyyətə qadağa qoyulması ona mane olmayacaq. Ən yaxşı üsul övladınızla təmkinli şəkildə danışmaqdır. Məsələn, siqaretin nə qədər zərərli olduğu haqqında danışın, ona müxtəlif məqalələr, videolar göstərin. Övladınızı maarifləndirin. Burada diqqət yetirməli olduğunuz əsas məqam, valideynlərin övladlarına qarşı olan dəstəyi və sevgisidir.