Fariz Vəliyev: “Tələbələr arasında möhkəm birlik qura bilmişik”

Fariz Vəliyev: “Tələbələr arasında möhkəm birlik qura bilmişik”

Fariz VƏLİYEV: – Məqsədimiz İstanbulda təhsil alan tələbələri bir araya gətirib, müxtəlif universitetlərdə Azərbaycanla bağlı tədbirlər təşkil etməkdir.

Hər bir müasir gəncin təhsili önəmli olduğu qədər, onların ictimai təşkilatlarda fəaliyyət göstərməsi də əsas şərtlərdəndir. Xüsusilə də, hər bir xaricdə təhsil alan azərbaycanlı gəncin biraraya gəlməsi, təşkilatlanması onların təbliğat işlərini daha da gücləndirir. Bu baxımdan, Azərbaycan Gənclik Platformasının fəaliyyəti təqdirəlayiqdir.

İNFONEWS-un müsahibi uzun müddət Türkiyədə yaşamış, İstanbul Kültür Universitetinin “Beynəlxalq əlaqələr” fakültəsinin məzunu, Türkiyə-Azərbaycan münasibətləri mövzusunda silsilə məqalələrin və kitabın müəllifi, Türkiyədə təsis edilmiş, hazırda bir sıra xarici ölkələrdə geniş fəaliyyət göstərən Azərbaycan Gənclik Platformasının (AGP) sədri Fariz Vəliyevdir.

  • İctimai fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

Fariz VƏLİYEV: – Mən həmişə azərbaycanlı, həm də laçınlı olmağımla fəxr etmişəm. Eləcə də dünyaya göz açandan Azərbaycanımızın, doğma Laçınımızın erməni işğalında olmasının acısını yaşamışam. Ali təhsilimi Türkiyədə davam etdirdiyim müddətdə ilk qarşıma qoyduğum əsas məqsədlərdən biri Azərbaycanımızın həqiqətlərini buradakı gənclərə tanıtmaqdan ibarət oldu. Bu niyyətlə universitetdə Azərbaycana qarşı edilən ədalətsizliyi bacardığım qədər ingilisdilli xarici tələbələrə, akademik heyətə çatdırmaq idi. Hər vasitə ilə, məsələn, Azərbaycanın siyasi gücünü, iqtisadiyyatını, mədəniyyətini yaxından tanısınlar deyə ingilis dilində məlumatları çap etdirib tələbələrə paylayırdım. Sonradan bu işləri daha sistemli və İstanbul Kültür Universitetində təhsil alan azərbaycanlı tələbələrlə, daha sonralar isə digər univeritetlərdəki tələbələrimizlə birgə etməyə başladım. Beləliklə, bir çox təddbirlər təşkil edib, maraqlı işlərlə üzərimizə düşən borcumuzu yerinə yetirməyə çlışırdıq.

Bütün bunlarla yanaşı, 2014-cü ildə Türkiyədə Avropa İttifaqı tərəfindən təşkil olunan tədbirində könüllü kimi, eləcə də səfirliyimizin tədbirlərində yaxından fəaliyyət göstərdim.

Bakıda keçirilən I Avropa Oyunları  Əməliyyat Komitəsində, 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Oyunlarında şalışmışam. BMT-nin Uşaq Fondu (UNİCEF), Avropa İttifaqının maliyyə dəstəyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Programın”da layihə koordinatoru vəzifəsində işləmişəm ki, bu layihə keçmiş cəbhəyanı üç regionda – Bərdə, Tərtər, Goranboyda həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanda öz həyatları üçün doğru qərarlar verməkdə çətinlik çəkən əksər yeniyetmə və gənclərin, əsasən daha həssas qruplara aid olan xüsusi şərtlər və marjinal yeniyetmələrə, məsələn, məcburi  köçkün şəhərciklərində, həmçinin ucqar rayonlarda, kəndlərdə yaşayan fiziki məhdudiyyəti gənclərə yardım göstərmək, onların bacarıqlarını inkişaf etdirmək, təhsillərinə köməklik göstərmək, iş imkanlarını artırmaq, biliklərini genişləndirmək, yerli idarəetmə orqanları ilə münasibətləri təkmilləşdirmək kimi işlərində yardım etmişəm, bu istiqamətdə çalışmışam.

İkinci Qarabağ müharibəsi zamanı müharibə ilə bağlı dəqiq, operativ məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Tərtər, Goranboy, Bərdə və Gəncədə, daha sonra ANAMA-da mina təhlükəsizliyinə dair maarifləndirmə mütəxəssis kimi fəaliyyət göstərmişəm. Hal-hazırda isə mediadayam.

  • Azərbaycan Gənclik Platforması (AGP) nə vaxtdan fəaliyyət göstərir və məramı nədən ibarətdir?

Fariz VƏLİYEV: – Azərbaycan Gənclik Platforması 2015-ci ilin may ayında İstanbulda təsis edilmiş tələbə-gənclər ictimai birliyidir. Bu birliyin fəaliyyətini bir neçə dövrə ayırmaq olar: ilk başlayanda yalnız İstanbulda, sonra Türkiyədə, daha sonra Azərbayanda, indi isə xarici ölkələr üzrə fəaliyyət dövrü desəm yanılmaram.

Başlanğıcda məqsədimiz İstanbulda təhsil alan tələbələri bir araya toplamaq, əlamətdar, qan yaddaşı günlərimizdə birgə yığışıb, tədbirlər təşkil etmək idi. Sonralar fəaliyyətimiz genişləndikcə Türkiyənin müxtəlif universitetlərində təhsil alanlarla əlaqələr yaratmaq, tədbirlərdə təşkilatlanmaq, ciddi mərasimlərə dəstək vermək oldu. Və ən əsası isə Azərbaycan və Türkiyə gəncliyi arasında bir platforma qurmaq oldu. Hazırda təşkilat olaraq qarşıya qoyulan əsas məqsədimiz gənc nəslin sosial, intellektual və mənəvi inkişafında irəliləyişə nail olmaq, gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasına nail olmaqla onların ictimai fəallığını artırmaq və ölkənin beynəlxalq aləmdə müsbət təbliğini aparmalarını təşkil etməkdir.

  • Xaricdə təhsil almaq haqqında yetərincə məlumat əldə etmək olar, bu, bəs Siz nə qazandırdı?

Fariz VƏLİYEV: – Mən xaricdə təhsilin üstünlüləri barədə deyil, onun bizə verdiyi mənəvi qazancdan danışmaq istərdim. Tələbə-gənclər ictimai birliyinin sədri olaraq, Azərbaycanımızı Türkiyədə və dünyada əlimdən gəldiyi qədər tanıtmaq, bir çox ictimai- siyasi məsələlərdə tələbələrimizlə bir araya gəlib, güc nümayiş etdirməyimiz əsas qazancımdır deyərdim. Bu gün tələbə-gənclər arasında möhkəm bir birlik qurmuşuqsa, fikrimizi, iradlarımızı, istək və arzularımızı birgə geniş cəmiyyətə çatdıra biliriksə, “yaxşı-yaman” günlərdə bir-birimizə dəstək oluruqsa, deməli, biz nəyəsə nail olmuşuq.

Həmçinin, gördüyüm işlərlə bağlı ilk qazandığım və məni sonakı fəaliyyətimə motivə edən ödül 2015-ci ildə İstanbul Kültür Universitetinin rektoru Sıdıka Semahat Demir tərəfindən ictimai fəaliyətimə görə təltif edildiyim Fəxri Diplomum olub ki, bunu həmişə qeyd edirəm.

  • Azərbaycanla bağlı hansı tədbirlər edibsiz? Təşkilatınız yarandığı gündən gördüyünüz işlərdən ilk növbədə nələri qeyd edərdiniz?

Fariz VƏLİYEV: – Təşkilat yarandığı gündən bir çox tədbirlər və elmi seminarlar həyata keçirmişik. 2015-ci ildə İlk Avropa Oyunlarının keçirilməsi ölkəmiz adına olduqca mühüm addım idi. Mən də düşündüm ki, xaricdə təhsil alan bir azərbaycanlı tələbə kimi ilk Avropa Oyunlarının təqdimatını keçirim. Beləcə, 17 Aprel 2015-ci ildə İstanbul Kültür Universitetində Bakı 2015 Avropa Oyunlarının təqdimatın təşkil etdik. Çox sevinirəm ki, bu tədbiri xarici tələbələr də çox böyük maraqla qarşıladılar. Çox uğurlu bir tədbir oldu. Tədbirdə ölkə rəhbərliyimizin bu oyunlara göstərdiyi diqqət və qayğı, oyunların keçirilməsi zamanı təşkilatçılığın səviyyəsi və qısa zaman ərzində nələrin edildiyi haqqında məlumat verildi ki, qonaq qismində Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan nümayəndələr belə qatılmış oldu. Gənclər və İdman Nazirliyi və Türkiyədə fəaliyyət göstərən bir neçə dərnək bizə bu işdə yaxından dəstək oldular.

Daha sonra Xocalı Soyqırımı ilə ilə bağlı təhsil aldığım İstanbul Kültür Universitetində konfrans təşkil etdim. Konfransda Türkiyədəki konsulluğumuzun nümayəndələri və QHT sədrləri də iştirak etdilər. Bütün konfrans iştirakçılarına hazırlatdığım 12 səhifədən ibarət olan “Kardeş ülke Azerbaycan” broşuralarını payladım. Nəticə gözlədiyimdən də yaxşı oldu. Çünki Xocalı ilə bağlı məlumatı olmayan çox sayda xarici gənclər var idi və onların hər biri xalqımızın başına gətirilən bu qanlı tarix haqqında məlumat əldə etdilər.

Daha bir tədbirimiz İstanbul Kültür Universitetində keçirilən “Beynəlxalq Gün” çərçivəsində Azərbaycanın tanıtım stendini açmağımızdır. Stenddə Azərbaycanı xatırladan suvenirlər, fotolar nümayiş etdirildi. Eyni zamanda tələbələrə Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı yaradıldı. Qeyd edim ki, tanıtım stendini İstanbul Kültür Universitetinin rektoru Sıddıka Semahat Demir, Baş katibi Etham Tarhan, universitetin əcnəbi tələbələr təmsilçisi Cavid Qədirov, “ÖKTEM” jurnalının məsul əməkdaşı Meltem Zengin, İNDEX təşkilatının təmsilçisi Nərmin Balayeva ziyarət etdi. Bakıda fəaliyyət göstərdiyimiz müddət ərzində “TANAP: Azərbaycan və Türkiyə münasibətlərinə strateji baxış” mövzusunda Beynəlxalq Avrasiya Mətbuat Fondunda konfrans keçirtdik. Tədbirdə Türkiyə Səfirliyinin  nümayəndəsi Tuğba Uzel, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının rəhbəri, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyəti iştirak etdilər. Həmçinin, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRACECA” layihəsinin əhəmiyyətini, iqtisadi zəzurətlərini və əməkdaşlıq potensialının inkişafını gənc nəsilə aşılamaq” mövzusunda tədbir təşkil etdik. Tədbirdə Türkiyə Səfirliyinin nümayəndəsi Cengiz Günəş, Elmi Araşdırmalar İctimai Birliyinin Sədri Qasımov Telman,  Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədova, Bakı  Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Xəzər Universitetinin tələbələri iştirak etdilər. 4 oktyabr 2019-cu il tarixində “Əsrin Müqaviləsi və Gələcəyə Baxış” mövzusunda tədbir təşkil etdik. Tədbirdə bəzi  dövlət rəsmiləri, Türkiyə və Gürcüstan Səfirliyinin nümayəndələri, QHT sədrləri, tələbələr və media nümayəndələri iştirak etdilər. Həmn ilin yanvran ayında isə “Beynəlxalq aləmin Qarabağ hadisələrinə münasibəti” mövzusunda konfrans təşkil etdik. Konfransda Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, Suraxanı Gənclər Evinin nümayəndəsi Kamil Yaqubov, “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universitetinin Tələbələri, şəhid ailələri, qazilər və  media nümayəndələri iştirak etdilər. Eləcə də “Azərbaycanda Könüllülük Hərəkatının İnkişaf Mərhələləri və Gələcək Perspektivlər” mövzusunda maarifləndirici seminar tədbirlərimiz sırasında yer aldı.

Xüsusilə vurğulamaq istərdim ki, biz bu istiqamətdə fəaliyyətimizi öz maliyyə vəsaitimizə ingilis dilində broşürlər çap etdirərək davam etmişik. Məqsədimiz, əlbəttə ki, həmişəki kimi, doğma ölkəmizi xarici tələbələrə yaxından tanıtmaq olub. Hər bir broşür 12 səhifə olmaqla ölkəmiz haqqında kifayət qədər ətraflı məlumatı əhatə edirdi.

  • Digər dərnəklərlə birgə tədbirləriniz olubmu?

Fariz VƏLİYEV: – Bəli, bir neçə dərnəklə birgə İstanbul Universitetində qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirmişik. Bu tədbirimiz də çox yaddaqalan oldu. Çalışdıq ki, ermənilərin qondarma iddialarını ifşa edək. Çıxışlarımızda Azərbaycan-Türkiyə və Ermənistan münasibətləri ilə bağlı danışdıq. Ermənilərin Azərbaycana qarşı apardıqları soyqırımı siyasəti haqqında da tarixi faktlarla məlumat verdik.

  • Bu gün tələbələ-gənclərimizin birliyini necə qiymətləndirərdiniz?

Fariz VƏLİYEV: – Bizim birliyimiz və inadımız bizə məqsədlərimizə nail olmağa kömək olub. Əlbəttə, biz bəzən ayrı-seçkilik kimi mənfi hallarla qarşılaşırıq, amma geri çəkilmirik. Məncə, bu birlik və inad idi ki, bizə qarşı olan ayrı-seçkiliyin qalib gəlməsinə mane oldu. Biz anlayırdıq ki, bu hallardan heç kim sığortalanmayıb və bu bizi ruhdan sala bilməz və işə davam etmək lazımdır. Fəaliyyətimiz zamanı türk və əcnəbi tələbələrdən bizə çoxlu sayda dəstək olan da var idi. Biz yenə də birləşir və öz işimizi görürdük. Bütün gənclərimizdən istəyim də budur ki, həmişə bir olsunlar və inadla öz məqsədlərinə nail olsunlar. Birlik və məqsədyönlü fəaliyyətlə heç bir çətinliklərə baxmadan irəli getsinlər və Azərbaycanımızı layiqincə tanıda bilən tədbirlər təşkil etsinlər.

  • Həm özünüzün, həm də təşkilatın gələcək planları barədə nə deyərdiniz?

Fariz VƏLİYEV: – Əlbəttə, planlarım çoxdur. Yaxın zamanlarda Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı yazdığım kitabımın təqdimatını keçirmək niyyətindəyəm………..

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir