Ali Məhkəmədə vətəndaşlar üçün “Açıq qapı” günləri davam edir
Bu il Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq ötən ilin noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
“İNFONEWS” -un Ali Məhkəmənin mətbuat xidmətindən əldı etdiyi məlumatına görə, yanvarın 13-də Ali Məhkəmə tədbirlər çərçivəsində növbəti dəfə vətəndaşlar üçün öz qapılarını açıb.
Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Ali Məhkəmə ilə tanışlıq çərçivəsində Kommersiya kollegiyasının hakimi Bəhram Məmmədli və Aparat rəhbərinin müavini Orxan Musayev vətəndaşlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, məhkəmənin iş rejimi və sair barədə məlumatlar verib, vətəndaşların suallarını cavablandırıblar.
Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumat verilib.
Sonda qonaqlar xoş təəssüratlarını bölüşüb, tanışlıq səfərinin yüksək səviyyədə təşkili üçün Ali Məhkəmənin rəhbərliyinə təşəkkürlərini bildiriblər.