Azərbaycan xalqına qarşı növbəti soyqırım yoxsa…-“Faktlara dayanan TARİXİMİZ”

Azərbaycan xalqına qarşı növbəti soyqırım yoxsa…-“Faktlara dayanan TARİXİMİZ”

“İNFONEWS” -un “Faktlara dayanan TARİXİMİZ” layihəsində

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:

Azərbaycan xalqına qarşı növbəti soyqırım yoxsa, xalqın müstəqillik uğrunda mübarizəsi?

1988-ci il fevralın 19-da Qarabağda erməni millətçilərinin seperatçı çıxışlarına qarşı Bakıda tələbələrin ilk etiraz mitinqi oldu. Sonrakı aylarda etiraz çıxışlarının miqyası genişləndi, xalq hərəkatı daha kütləvi xarakter aldı.

Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə doğru aparır və kommunist hökümətinin sonu deməkdir, xalq hakimiyyətə gələcəkdir. İmperiya azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı. Hətta onlar belə bir əmr etmişdi ki, mitinqçilərə elə də müdaxilə edilməsin. Çünki onlar bunu bəhanə edərək qanlı qırğına bəraət qazandıracaqdı.

Meydan hərəkatının əhəmiyyəti odur ki, xalqımız birliyini göstərdi, onun müstəqillik, azadlıq uğrunda əzmi dünyaya səs saldı. Buna görə də 17 noyabr Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi yazılmışdır.

Hər il 1989-cu ildə xarici mətbuatda xalqımızın “İlin xalqı” elan olunması hadisəsi xatırlanır. “Newsweek” jurnalının 1989-cu il 25 dekabr buraxılışının üz qabığında  “Standing up for freedom People of the Year” sözləri yazılmışdı. Ön qapağında Bakının şəkli yerləşdirilmişdi. Bunun səbəbi fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Məncə, bu şəkil ilin ən gözəl şəklidir. Çünki dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi.

Xalq hərəkatının qarşısını almaq üçün SSRİ höküməti Ermənistanın işğalçılıq siyasətini daha da qızışdırmağa başladı. Azərbaycan kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yenə yüzlərlə Azərbaycan vətəndaşı yaralandı və şəhid oldu. Qanlı yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı,hərbi,siyasi təcavüz idi. Lakin biz iradəmizi itirmədik. Bir daha vətənin azadlığı və müstəqilliyi uğruna ən ağır sınaqlara sinə gərdik.

1990-cı ilin 15 yanvarında erməni millətçiləri Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə basqın etdi. Yanvarın 19-da ermənilər Sovet ordusunun yardımı ilə Naxçıvana hücum etsə də, bu yürüşün qarşısı alındı. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qırğın törədildi.

Yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək burada təşkil olunmuş izdihamlı yığınacaqda Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş bütün bu yaşanan hadisələri kobud siyasi səhv kimi ifşa etdi. Xalqımızın başına gələnləri dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Təbii ki də, Qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevə qarşı repressiya planları hazırladı.Onun Bakıda olmasına icazə vermədilər, o, doğma diyarı olan Naxçıvana getməli oldu.

Qanlı Yanvar milli azadlıq hərəkatının daha da güclənməsinə və nəticəsində Azərbaycanın yenidən müstəqilliyə qavuşmasına yol açdı. Tarix birdaha göstərdi ki, xalqımızı azadlıq uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Ümumiyyətlə, XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı, misli görünməmiş faciələrlə, soyqırımlarla yanaşı, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə uzun illər sovetin əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Tarixdə xalqların  həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifəsi olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Bizim üçün 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi oldu. Bizlər o gecə sınağa çəkildik, xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı. O dönəmləri yada salsaq, çox kədər dolu fraqmentlər ağlımızda canlanır. Lakin bu gün əgər biz xalq olaraq müstəqil şəkildə yaşayırıqsa, bu əzəmətli yolları keçməyə dəyərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir