- “İranı ən çox qorxudan Azərbaycan türklərinin milli hüquqlarının təminatıdır” – Politoloqdan ŞƏRH
Xəbər verdiyimiz kimi, SEPAH komandiri Əlirza Tənhayi Azərbaycanı təhdid edib. O, rəsmi Bakını Ukraynadakı hadisələrdən dərs almağa və Səddamın səhvlərini təkrarlamamağa çağırıb. Əks halda İran rejiminin silahlı qüvvələri cavab verəcək.
Məsələ ilə bağlı “INFONEWS” -a açıqlamasında politoloq Sədrəddin Soltan İran hakimiyyətinin Azərbaycanla bağlı niyyətini bu cür izah edib.
“İran hakimiyyətinin əsas siyasi şüarı ABŞ və İsrailə ölümdür. Bu şüar İranın siyasi yönünü müəyyən edən istiqamətdir. Bu baxımdan Tehran ABŞ və İsrail ilə dostluq edən ölkələrə münasibətlərini elə bu yöndə yürüdür. Bir sıra hallarda başqalarının müstəqil xarici siyasətinə müdaxilə də edirlər”.
Sədrəddin Soltan hesab edir ki, İranın siyasi-dini və hərbi rəhbərliyinin Azərbaycana qarşı təxribat xarakterli və təhdidedici açıqlamalar verməsinin səbəblərindən biri İsrail və ABŞ ilə münasibətlərdir.
“İran hakimiyyətinin ünsürləri, xüsusilə ali rəhbər, prezident, xarici işlər naziri, eləcə də cümə namazlarında imam xətiblərin öz çıxışlarında Azərbaycan-İsrail münasibətlərinə toxunmaları tez-tez rast gəlinir. Onlar hesab eləyirlər ki, İsrail-Fələstin münasibətlərində Tehran daha ədalətli mövqe tutur. Guya hamını Fələstinin hüquqlarını müdafiə etməyə çağırırlar. Halbuki Azərbaycanın həm İsrailə, həm də Fələstinə münasibəti hər kəsə bəllidir, rəsmi Bakı iki tərəf arasında münaqişənin sülh və ədalətli şəkildə həll olunmasının tərəfdarıdır. Yoxsa, İran kimi müxtəlif hərbi qruplaşmalar yaradıb iki dövlət arasında sülh prosesinə əngəl törətmək fikrində deyil. İsrail və ABŞ ilə yüksək səviyyədə olan münasibətlərimiz, hər ikisinin ölkəmizə sərmaye qoyması İran hakimiyyətinin rəsmilərini qıcıqlandıran əsas faktorlardır”.
Politoloq, həmçinin qeyd edib ki, İran Azərbaycanın regional və beynəlxalq aləmdə siyasi və iqtisadi nüfuzunun artmasından narahatlıq keçirir.
“Azərbaycanın ABŞ, İsrail, Böyük Britaniya, Almaniya, o cümlədən Çin ilə diplomatik münasibətlər qurması, bununla yanaşı, bu münasibətləri yüksək səviyyədə saxlaması regionda onun mövqeyini daha da möhkəmləndirir. İran isə daima bu məsələdən narahatdır. Bundan başqa, Azərbaycanın bu ölkələr ilə yüksək səviyyəli əlaqələri həm də Cənubi Azərbaycan türklərinin problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çıxarır. İran rejimini ən çox qorxudan məsələlərdən biri Azərbaycan türklərinin milli hüquqlarının və haqlarının təminatıdır. Bu məsələdə Azərbaycan hakimiyyəti öz xalqı ilə eyni mövqeyi paylaşır. Bütün bunların hamısı İran rəsmilərinin Azərbaycanın əlehinə çıxışlarına səbəb olur”.
İranın Azərbaycan-Türkiyə müttəfiqliyinə münasibətinə gəlincə isə Sədrəddin Soltan vurğulayıb ki, Tehran Cənubi Qafqaz və Mərkəzi Asiyada vacib layihələrdən kənarda qalıb.
Azərbaycan-Türkiyə müttəfiqliyi Cənubi Qafqazda və Mərkəzi Asiyada böyük türk platforması deməkdir. Bu platforma hər iki regionda türk dövlətləri arasında çox şaxəli əməkdaşlığı daha da gücləndirir. Eyni zamanda türk dövlətləri arasında iqtisadi və enerji dəhlizlərinin qurulması Avropanı Asiya ilə birləşdirir. İran isə yürütdüyü siyasət ucbatından böyük güclərin diqqətindən kənarda qalıb. Buna görə də İran hakimiyyəti Ermənistan və müxtəlif problemlər yaratmaqla su bulandırmağa çalışır. Guya ki, Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Ermənistanın bu dəhlizin açılmasına razılıq verdiyi təqdirdə İran kimdir ki, bu məsələyə mane olsun. İrəvan onsuzda gec-tez bu məsələyə öz razılığını bildirəcək. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Türkiyənin yox, beynəlxalq təhlükəsizliyin tələbidir”.
Oğuz Ayvaz