Komada tənha ömür sürən dünya şöhrətli yazıçı – Oğuz Ayvaz yazır
Məşhur Amerika yazıçısı Cerom Devid Selincer Azərbaycanda da sevilən yazarlardandır. Xüsusən onun “Çovdarlıqda uçurumdan qoruyan” romanı gənclərin maraqla oxuduğu əsərlərdəndir.
92 yaşında vəfat edən yazıçı bu əsəri yazandan sonrakı ömrünü rahib kimi tənha yaşamağa qərar verdi. Hətta deyilənlərə görə, qapıları bağlayıb əlində silah öz otağına qapanıbmış.
Yazıçı özünün yaratdığı Holden Kolflid obrazını sanki həyatda görürmüş kimi davranır və bütün insanlara bu adla müraciət edirmiş.
Onun həyatının gerçək mənzərəsini isə yazıçının qızı Marqaret Selincer qələmə alıb. Xanım Selincerin “Balıqçının oğlu” kitabı Cerom Selincerə həsr olunub.
Marqaret 31 il insanlardan qaçıb bir meşədə daldalanan atasının elə də sadə olmayan, ziddiyyətli həyatını mübaliğəsiz-şişirtməsiz təsvir edib. Kitabın girişini oxuyanda elə zənn edirsən ki, bu qız qarşında oturub səninlə danışır.
İkinci dünya müharibəsində iştirak edən və əsəbləri “zədələnən” Selincer döyüşlər bitəndən, savaş sona çatandan sonra Amerika əks-kəşfiyyatının əməkdaşı olur.
Nasist partiyasının üzvü Silviyonla ilk evliliyi uzun çəkmir. Selincer ikinci dəfə Kler Duqlasla evlənir. Yazıçının bu vaxt 31, evləndiyi xanımın isə 16 yaşı vardı. Aradan xeyli vaxt keçəndən sonra Kler Selincerə biri qız, o biri oğlan olmaqla iki uşaq bəxş edir: Marqaret və Met.
Marqaret öz kitabında yazırdı: “Mənim valideynlərim tərəfindən hörülən, bütün dünyanı başdan-başa qorxu və vahimə içində saxlayan qatı hörümçək torunun yırtılıb dağılacağına və yıxılanda qalxıb dikələcəyinə heç bir ümid, heç bir güc yetərli deyildi. Ata-anam gözəl övladlarının varlığını görürdülər, ancaq gündəlik həyatın çətinliyini görməyə qadir deyildilər.
Mən doğulanda anam hələ balaca qız uşağıydı. O bir neçə il xəyal içində yaşadı, eynən ledi Maqbet kimi əzablı gecələr yaşadı, onda onun lunatikliyi tutmuşdu. Atam isə kitab yazırdı. O xəyalpərəst idi, hətta öz ayaqqabısının qaytanını da bağlamağa həvəs göstərmirdi. Hələ uşağı beşikdə düzgün yerləşdirib, onun yıxılmamağına göz qoymağı demirəm”.
Selincer arvadından kolleci buraxmağını tələb eləyəndə qadın razılaşmır. Belədə yazıçı evdən çıxıb gedir, haralardasa yox olur.
Yazıçının qızı xatırlayır: “Tərk edilmiş qadın gücsüz deyildi, əksinə o, hər şeyi etməyə hazırıdı, təki həyat yoldaşı onunla birgə, baş-başa olsun… Ancaq atamı tapmaq anama çox çətin gəlirdi. Əsəblərinin pozulması ucbatından Kler xəstəxanaya düşəsi oldu.
Atam qayıdanda anam onun rəğbətini qazanmaq üçün nə edə bilərdisə hamısını elədi. Pis-yaxşı buna nail oldu. Mənim anam deyirdi ki, hərdən özünü sehri-tilsimli nağılın qəhrəmanı kimi hiss eləyir: bir çətinliyi aşdıqdan sonra yenisiylə qarşılaşır, daha sonra həlli mümkünsüz başqa bir məsələylə üzləşir və beləcə sonsuza qədər davam edir…”.
Gözəl arvadını komada dustaq kimi saxlayan Selincer məişət həyatı üçün əlini ağdan-qaraya vurmurdu. Evdə istilik sistemi, eləcə də əlüzyuyan yox idi. Hətta paltar yumağa münasib bir yer də tapılmırdı. Buna baxmayaraq, yazıçı öz arvadından hər gün dadlı axşam yeməyi və həftədə iki dəfə döşəkağının təzələnməsini tələb edirdi.
Marqaret kitabında yazdığı kimi, o, qardaşı Metlə təsadüf nəticəsində dünyaya gəlib. Ataları çətin ki, onları arzulayardı… Bütün bunlar bir yana, Cerom onlarla həmişə söhbətləşir, oynayır, onlara maraqlı əhvalatlar danışırdı.
Selincer dinlə maraqlanır, zen-buddizmi, sayentologiyanı, xristianlığı öyrənirdi. Marqaretin kitabında atasının başqa qəribə maraqları haqda da söhbət açılır.
Qadınlara olan ehtirası Selinceri heç vaxt pis vəziyyətdə qoymadı. 66 yaşında yazıçı öz arvadı ilə ayrılıb Kolin adlı qadınla evləndi. Evləndiyi xanımın da eynən Kler kimi 16 yaşı vardı və gənc qadın ömrünün sonuna qədər Selincerin yaşadığı tənha komada qalmağa razılıq verdi.