“İranın dini-siyasi rəhbərliyi 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar ilə heç cürə barışa bilmir. Buna qarşı daima öz narazılığını bildirib”.
“İNFONEWS” Ednews-a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq və Qafqaz tədqiqatları üzrə ekspert, politoloq Vüqar Zifəroğlu bildirib.
“İran rəhbərliyi Ermənistanın sərhədini, xüsusilə Zəngəzur bölgəsini özünün qırmızı xətti olduğunu deyir. Hətta belə bir absurd açıqlamalara da şahid olmuşuq ki, guya İran və Ermənistan arasında min illik sərhəd mövcuddur. Son proseslərə nəzər yetirərkən görərik ki, Tehran atdığı addımlar heç də Cənubi Qafqazda sabitliyə xidmət etmir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, İran Ermənistan vasitəsilə Azərbaycan üzərində təsir və təzyiq rıçaqlarını əlində saxlamağa cəhd göstərir. Eyni zamanda Ermənistanı dəstəkləməklə bölgədə öz mövqeyini möhkəmləndirməyə çalışır. Amma onu da vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra İranın təsir rıçaqları kifayət qədər minimuma enib”.
Ekspert, həmçinin əlavə edib ki, İranın son qeyri-obyektiv addımları qəbuledilməzdir.
“Vətən müharibəsində Azərbaycan torpaqlarını erməni işğalından azad etdi, İranla sərhəd əraziləri tam nəzarətə götürüldü. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına müsbət reaksiya verilməli olduğu halda İran ordusunun işğaldan azad olunan sərhəd ərazilərimizin yaxınlığında geniş-miqyaslı hərbi təlimlər keçirməsinə şahidi olduq. Qonşumuzun bizə qarşı təhdid dolu mesajlar verməsinə müşahidə etdik. Halbuki 30 illik işğal dönəmində bir dəfə də olsun həmin sərhədd ərazisində belə miqyasda hərbi təlim keçirilməmişdi”.
İranın Ermənistanın əli ilə regionda hər hansı təxribat törətmək ehtimalına, ən əsası buna Türkiyə və Rusiyanın münasibətinə gəlincə isə Vüqar Zifəroğlu vurğulayıb ki, Ankara və Moskva Tehranın Cənubi Qafqazda özbaşına hərəkətlər etməsinə imkan verə bilməz.
“Türkiyənin buna reaksiyası birmənalıdır. Azərbaycanın təhlükəsizliyinin təminatında, o cümlədən Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olunmasında Türkiyə hər zaman dəqiq və obyektiv mövqe ortalığa qoyub”.
Vüqar Zifəroğlu İran-Ermənistan tandeminə qarşı Azərbaycan-Türkiyə-İsrail hərbi birliyinin qurulmasının mümkünlüyü barədə də söz açıb.
“İranın Cənubi Qafqazda açıq şəkildə müharibə elan etməsi və ya Ermənistana açıq şəkildə hərbi dəstək göstərməsi, ümumiyyətlə istisnadır. Çünki bu İranın özü üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Azərbaycana gəlincə isə rəsmi Bakının İsrail ilə münasibətləri üçüncü bir ölkəyə qarşı yönəlməyib. İstər qonşu ölkələr, istərsə bölgə ölkələr ilə əlaqələrdə Azərbaycan hər zaman xoş və işgüzar münasibətlərin qurulmasına, əməkdaşlıq və tərəfdaşlıq imkanlarının genişlənməsinə, o cümlədən strateji əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinə diqqət ayırıb. Hətta tərəfdaşlıq strategiyamızda Ermənistanı belə hədəf götürməmişik”.
Oğuz Ayvaz