Şahbaz Xuduoğlu: “Bizi xilas edən məhz “Z” nəslidir”

Şahbaz Xuduoğlu: “Bizi xilas edən məhz “Z” nəslidir”

UNEC-də ölkənin tanınmış ziyalılarının iştirakı ilə “Oxu mədəniyyəti” layihəsinə start verilib.

Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu tədbirdə oxu mədəniyyəti, nəşriyyatların qarşısında duran problemlər, gənc nəslin mütaliəyə marağı ilə bağlı fikirlərini bölüşüb:

“Biz “Z” nəslindən elə də çox narahat olmamalıyıq. Çünki bizi əslində bir nəşriyyat olaraq xilas edən, məhz “Z” nəslidir. Əgər nəşriyyatlar kitabxanaların ümidinə qalsaydı, indi mövcud olmazdılar. Universitetlər kitab yarmarkaları təşkil etmək üçün nəşriyyatlara şərait yaradırlar. Küçələr olmasaydı, o gənc nəsil kitab almasaydı, indi Azərbaycanda heç bir nəşriyyat olmazdı. Məncə, kitaba münasibət hər yerdə dəyişməlidir, təfəkkürdə də. Cəmiyyətdə hər kəs yalnız kitab oxuya bilməz. Sağlamlıq, uğur, əyləncə, teatr, kino, mədəniyyət kitabın yanında olmalıdır.

Azərbaycanda insanlar öz sağlamlıqlarına və zəkalarına çox biganədirlər və kapital qoymaq istəməzlər. Yalnız xəstələnəndə, ürək dayananda həkimə gedirlər, kitaba imtahanlar başlayanda pul verirlər. Amma bu, mədəniyyətin bir hissəsinə çevrilməlidir. Kitablar yalnız universitetlərdə, tələbənin masasının üstündə olmamalıdır, hər yerdə olmalıdır. Məsələn, Londonda, Türkiyədə metrolarda da kitablar var. Qəzetlər böyük hissəsini kitablarla bağlı yazılara həsr edirlər. Bizim həyatımızda isə kitab ümumiyyətlə yoxdur. Yox olmayan yerdə biz tələbədən, yeni nəsildən kitab oxumağı tələb edə bilmərik.

Mən bəzən iqtisadiyyatla, hüquqla bağlı dərsliklərə baxıram. Anlamaq mümkün deyil. Bunu Azərbaycan alimləri yazıb. Alimlər dilini dəyişməlidir, düşüncəsini dəyişməlidir. Alim sadə düşünməklə gerçək alim olur, sadə dildə yazmaqla insanları oxutmalıdır. Müasir dövrdə bir dənə də olsun elmi populyar ədəbiyyat tapıb çap eləmək mümkün deyil. Məcburuq tərcümə ədəbiyyatına müraciət edək. Bəli, tərcümələrlə bağlı çoxlu iradlar var. Amma başqa yolumuz yoxdur.

Baxın, hər il dünyanın ən zəngin 5 adamının oxuduğu kitabların siyahısı açıqlanır. Amazonun, “Google” rəhbərləri hər il 100-120 kitab oxuyaraq, gənclərə örnək göstərirlər ki, kitab mütləq oxunmalıdır.

Dünya statistikasına, eyni zamanda Türkiyənin son açıqladığı statistikaya görə, kitab oxumaq azalmır, əksinə, kitab oxuyanların sayı artır. Bizim bildiyimiz kağız kitabları oxuyanların sayı artır. Azərbaycanda elektron kitab, audiokitab yoxdur. Biz bunun bolluğunu yaratmalıyıq ki, gənclər kitab oxuya bilsinlər.

Mən UNEC-in həyata keçirdiyi “Oxu mədəniyyəti” təşəbbüsünü dəstəkləyirəm. İstərdim ki, kitab oxucuları ilə bağlı çoxsaylı müzakirələr keçirilsin. Auditoriyalara, yeni düşünən “Z” nəslinə birbaşa çıxış üçün yazıçılara imkan yaradılsın”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir