Elə şeirlər var ki,xatirələrimiz kimi yaddaşımıza hopub. Tez-tez misralar dilimizdən düşmür. Sevdiyimiz adamlar kimi misralar da həyatımızın parçasına çevrilir.
“İNFONEWS” yazar, şairlərimizə sorğu ünvanlayıb – “Hansı şairimizin misraları dilinizdən düşmür?”
Yazıçı Nəriman Əbdülrəhmanlı:”Belə şairlər bir neçədi.Arif Mustafazadənin, İsa İsmayılzadənin, Səməd Qaraçöpün, Zakir Məmmədin, Allahverdi Təhləlinin, Nurafizin, Ramiz Qusarçaylının, Tapdıq Yolçunun, Afiq Muxtaroğlunun, Rafiq Hümmətin… Yaddaşımda qalan şeirlərini və misralarını hərdən söyləməyi sevirəm.”
Yazıçı Varis Yolçuyev: “Müxtəlif illərdə müxtəlif ovqatdan asılı olaraq bu misralar müxtəlif olub. Hal- hazırdakılar Almas İldırımdandır:
Azərbaycan, mənim taxtım,tacım, oy.
Oyanmazmı kor olası baxtım oy!”
Şair Cəlil Cavanşir:”Hər ovqatın, hər ruh halının öz şairi, öz şeiri var.Bəzən Əli Kərim, bəzən Vaqif Bayatlı, Bəzən Salam Sarvan, bəzən Aqşin Yenisey, Qismət, Əsəd Qaraqaplan şeirlərinin ovqatında oluram. Bəzən müəllifini unutduğum misraları dua kimi qeyd edirəm. Sonra oturub düşünürəm, müəllifini yadıma sala bilmirəm. Ən çox sevdiyim və bəlkə də yeganə əzbər bildiyim şeir Salam Sarvanın şeiridir. Əksər məclislərdə deyirəm. Bir dəfə Salamın özünün də olduğu məclisdə dedim həmin şeiri. Salam da fikrə getdi və dedi ki, mən o şeirdən çoxdan imtina etmişəm.
Bəzən tez-tez təkrar etdiyimiz misralar, yaddaşımıza qazınan misraların ədəbi-bədii çəkisi də olmur.Yaddaşımızda qalan misraların ruhumuzla, təhtəl şüurumuzla əlaqəsi var. Məsələn, hazırda Şəhriyar del Geraninin misraları beynimin hansısa bir nöqtəsində aramsız təkrarlanır.”
Yazar Günel Natiq: “Mən Nazim Hikmətin şeirləriylə həyatı və insanları tanımışam. Onun “Gülhanə parkında” şeiri dilimin əzbəridir.
Mən bir ceviz ağacıyam Gülhanə parkında
Nə sənbunun fərqindəsən, nə polis fərqində.
Dəfələrlə özüm də bu hissləri keçirmişəm. Özümü İstanbulun Gülhanə parkındakı həmin oağac kimi hiss eləmişəm, hansının ki, heç kim ordakı mövcudluğunun fərqində deyil.
Ramiz Rövşənin “Ayrılıq” şeiri də mənim həyata baxışımın bir aynası olub. Ətrafımdan keçən kişili-qadınlı insanlara qəhrəmanın gözləriylə, ürəyiylə baxmışam.
Oğuz Ayvaz