“Ədəbiyyatdan namələr”: …HƏLƏ DƏ DÜNYA “SUSUR” – Namə 16

“Ədəbiyyatdan namələr”: …HƏLƏ DƏ DÜNYA “SUSUR” – Namə 16

“İNFONEWS”– un Ədəbiyyatdan namələr” layihəsində On altıncı namə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı Paşayeva təqdim edir:

On altıncı namə: 

XOCALIYA ƏDALƏT! AMMA HƏLƏ DƏ DÜNYA “SUSUR”

O gecə insanlıq öldü…qoca, uşaq, qadın, qız-gəlin demədən öldürülən, süngüyə keçirilən, diri-diri tonqalda yandırılan, başları kəsilən, sürüklənən, ləyaqətləri alçaldılan, həqarətlərə dözən əliyalın xalqın günahı nə idi?!!!

Bəli, söhbət həmin o gecədən – 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə… erməni-rus dəstələrinin xaincəsinə Xocalıya hücum etdiyi o dəhşətli, qanlı gecədən gedir…

İnsanlıq adına utanc gətirən, başqasının torpağına, namusuna göz dikən iyrənc erməni-rus vandalları həmin gecə Azərbaycan türkününün nəslini kəsmək hərisliyi ilə özlərinə xas bütün pisliklərini Xocalıda ortaya qoydular.
Xocalı faciəsi yaxın tariximizdə törədilib. Hələ də qanlı izləri bu gün azad olunmuş torpaqlarımızda hər addımbaşı tapılan kütləvi məzarlarda aşkar edilir. Həmin gecə, sonrakı işğal zamanı erməni vandallarının əsir düşən millətimizin başına açdıqları olmazın zülmünə məhz o torpaqlar şahiddir…

Bütün bəşəriyyət üçün bu gün də təhlükə mənbəyi olan erməni faşizminin qəddarlıqla azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının dünyaya tanıtmaq üçün hər bir sahədə ciddi işlər görülür. Bu baxımdan Xocalı faciəsinin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində ədiblərimiz tərəfindən uğurlu əsərlərin yaranmış və bu əsərlər ciddi milli-mənəvi vəzifə daşımaqla yanaşı, mövcud vəziyyətin zəruri mənəvi ehtiyacından qaynaqlanırdı. Çünki bu mövzuda ərsəyə gələn əsərlər ədəbiyyatımızda həm milli-mənəvi dəyər, həm də tarixi yaddaş idi.

Nəriman Həsənzadənin “Beynəlxalq məhkəməyə, bütün millətlərə”, Fikrət Qоcаnın “Hər gecə Хоcаlıdа”, Zəlimxan Yaqubun “O qızın göz yaşları”, İltifat Salehin “Şəhid Xocalı”, Şahmar Əkbərzadənin “Ölü torpaqlara məzar qazılmır”, Söhrab Tahirin “Xocalı qırğını”, “Dörd yaşında gəlin”, “Öldür məni”, Qəşəm Nəcəfzadənin “Хоcаlı mövsümü- fevrаl”, Nurəngiz Günün “Хоcаlı simfоniyаsı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanı, İtaliyalı şair-bəstəkar Davide Qualtierinin “Xocalı”şeiri və başqa çoxsaylı kiçik və irihəcmli əsərlərdə Xocalı faciəsi bütün dərd və kədər ağırlığı ilə təqdim və təhlil olunur.

Xalq şairi Zəlimxan Yaqubun “O qızın göz yaşları” poemasının əsasında Xocalıdan gələn qızın qəmli, faciəli hekayəti dayanır. Poemada bir qızın dərdi timsalında həlli düyünə çevrilmiş Qarabağ dərdindən, torpaq itkisindən, xalqın bu ağır dərdi necə yaşamasından, sabaha inamından da söz açılır.

O gün qan üstündə açıldı səhər,
O gün Xocalıda yer qırmızıydı.
Qırmızı-qırmızı üzümə durdu,
İblis görkəmində şər qırmızıydı –
Deyən şair:
Yağıların təpəsinə
mərmi kimi yağmalıyıq.
Bu gün bizdə olan nifrət
ən güclü silahdı, qızım.
Hər alçağın qarşısında
dizlərini bükməz Vətən.
Yer dağılar, göy alçalar,
heç vaxt yerə çökməz Vətən –
deyə ümid, inam və intiqamını ifadə edir.

Şairin “Layla, Xocalım, layla” şeiri də Xocalıya həsr olunmuş ən təsirli əsərlər silsiləsindəndir.
Bu torpağın canısan,
Selə dönmüş qanısan.
Sən kimin qurbanısan?
Layla, Xocalım, layla.
Xocasan, xocan hanı?
Cavansan, qocan hanı?
Tüstülü bacan hanı?
Layla, Xocalım, layla.

Bu gün Xocalı faciəsi barədə azacıq da olsa məlumatı olanlar 31 il keçən o dəhşətli cinayəti törədənlərə ən ağır, ən iyrənc adın tapılıb deyilməsində belə acizlik çəkir. Xocalı dağı bizdən çox şey aldı… Amma hələ də dünya “susur”. “Xocalıya ədalət!” demokratik, insan haqlarını müdafiə edən, müasir bir dünyada “susqunluqla” qarşılanırsa, deməli dünya heç də bizim ”dünya” deyilmiş…
İnanırıq ki, tezliklə igid, qəhrəman oğullarımız tərəfindən Xocalımız mənfur düşmənlərdən azad olunacaq və o zaman Xocalı qurbanlarının ruhu şad olar, bizim isə “ruhumuz dirçələr”, qanayan yaramız qaysaq bağlayar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir