Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir
Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir. Bununla bağlı məsələ Milli Məclisin “Prokurorluq haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.
“İNFONEWS” xəbər verir ki, qanun layihəsi parlamentin aprelin 4-də keçirilən iclasının gündəliyində üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Baş prokurorun səlahiyyətləri sırasına prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiqlənməsi də daxil edilir.
Təqdim edilən qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin olunması məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Respublikasının Baş prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli Qanunu ilə təsdiq edilib. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.
Həmçinin Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş prokuroru və ya Baş prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.