Bu gün İmam Həsənin və Hz. Həkimə xanımın mövlud günüdür
Bu gün aprel ayının 6-ı, Ramazan ayının 15-i İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam Əlinin (ə) ilk meyvəsi, şiələrin ikinci imamı Həsən Müctəbanın (ə) və Həzrəti Məhəmmədin nəslindən olan, altıncı imam Cəfər Sadiqin nəvəsi, yeddinci imam Musa əl-Kazımın qızı, səkkizinci imam Əli ər-Rzanın bacısı hamımızın Bibiheybət (Heybətin bibisi) kimi tanıdığımız Hz. Həkimə xanımın mövlud günüdür.
Bu barədə “İNFONEWS”-a Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi, bərpası üçün Ulu Öndər Heydər Əliyevin göstəriş verdiyi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü, eləcə də diqqət və qayğısı sayəsində kompleksinin genişləndirilməsi və yenidən qurulması işi davam etdirilərək əsas korpusunun açılışından düz on il sonra – 2008-ci il iyul ayının 12-də əsaslı yenidənqurma və təmir işləri tam olaraq yekunlaşdığı vaxt məscidin bütöv bir kompleks olaraq açılışını etdiyi Hz.Həkimə xanımın ziyarətgahı olan Bibiheybət Məscidindən məlumat verilib.
Şiələrin ikinci imamı Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər (s) nəvəsinin dünyaya gəlişindən sonra, onu qucağına alıb sağ qulağına “azan” və sol qulağına “iqamə” dedi, onun dünyaya gəlişi münasibətilə bir qoyun qurbanlıq etdi və adını Həsən qoydu. O vaxa qədər kiməsə Həsən adı qoyulmamışdı.
İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra, təxminən, otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etdi və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə yetdi. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında yerləşir.
Gəlin bu gün insanlarımızın ümid, pənah yeri olan müqəddəs məkanlardan biri, Həzrəti Peyğəmbər nəslindən olan Əhli-Beyt məzarlarının sayına görə Bibiheybət ziyarətgahı üçüncü yeri tutan, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi Bakının Bibiheybət kəndindəki Bibiheybət Məscidi barədə məlumatlara nəzər salaq:
Bibiheybət məscidini Şirvanşah II Fərruxzad inşa etdirmişdir. Məscidin portalındakı kitabədə onun miladi tarixlə 1281-1282-ci illərdə Fərruxzad ibn II Axsitan ibn III Fərzburzun əmri ilə memar Mahmud ibn Səidin tikdiyi yazılmışdır.
XIX əsrdə burada olmuş tədqiqatçı B.Dorn Səfəvi şahlarından I Şah Təhmasib, I Şah Abbas və Şah Hüseynin müxtəlif tarixlərdə ziyarətgahla bağlı verilmiş on fərmanının surətini çıxarmışdır. Hətta 1858-ci ildə Bakıda olmuş məşhur fransız yazıçısı Aleksandr Düma da ziyarətgahdan təsirlənmiş və bu barədə qeydlərini yazmışdır.
Deyilənlərə görə, uzun müddət övlad həsrəti ilə yaşayan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvan Həkimə xanımın məzarını ziyarət etdikdən sonra arzusuna çatır və əhdinə vəfa edərək həmin dövrün qızıl pulu ilə ziyarətgaha yol çəkdirir.
1934-cü ilin sentyabr ayında kommunist rejimi tərəfindən ziyarətgah dağıdılaraq yerlə-yeksan edilib.Amma qadağalara baxmayaraq, inanclı insanlar yenə bu yerləri unutmayıblar. Elə bunu nəzərə alan dindarlar dağıdılmış ziyarətgahla üzbəüz, pilləkənlərlə dağın zirvəsinə gedən yolun kənarında namazgah inşa etdirirlər.Uzun illər sonra- 1994-cü ildə isə əsası 13-cü əsrdə Şirvan şahı tərəfindən qoyulan məscidin qalıqları aşkar edilir. Həmin il mayın 21-də, Qurban bayramı münasibətilə Ümumilli Lider Heydər Əliyev bu qədim ziyarətgah yerinə gəlir və «Qələbə tağları» adlanan tikilinin yerində məscid tikilməsi haqqında göstəriş verir.
Həmin ərazidə aparılan qazıntı işləri zamanı Həzrəti Həkimə xanımın və yanındakı qardaşı uşaqlarının qəbirləri aşkar edilir. İki il ərzində geoloji qazıntı işləri aparılaraq yerin tərkibi öyrənilir. Yerin tərkibini öyrənməkdə məqsəd onun nə qədər yük götürə bilməsini müəyyən etmək idi. Sonra isə məscidin layihəsi hazırlanır. 1997-ci il iyulun 23-də Həzrəti Peyğəmbərin mövludu günü məscidin təməli qoyulur. Tikinti işləri bir ilə başa çatır və 1998-ci il iyul ayının 12-i yenə də Peyğəmbərin (s) mövludu günündə Məscid möminlərin ixtiyarına verilir.
Prezident İlham Əliyevin təşəbbüsü, eləcə də diqqət və qayğısı sayəsində Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və yenidən qurulması işi davam etdirilmişdir. Ziyarətgahın əsas korpusunun açılışından düz on il sonra – 2008-ci il iyul ayının 12-də əsaslı yenidənqurma və təmir işləri tam olaraq yekunlaşdığı vaxt məscidin bütöv bir kompleks olaraq açılış mərasimi olmuşdur.
Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu məsciddə də ilk dəfə оlaraq muzey zəvvarların ixtiyarına verilmişdir. Məsciddə eyni vaxtda təxminən üç min nəfərin namaz qılması mümkündür. Birinci və ikinci mərtəbələrində, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq ornamentləri öz əksini tapmışdır. Məscidin günbəzi də mükəmməl şəkildə işlənmişdir. Burada smaltadan, rəngbərəng şüşə materiallarından istifadə edilərək Qurani-Кərimdən “ən-Nisa”, “əl-Kövsər” və “əl-İxlas” surələri yazılmışdır.
Bibiheybət piri haqqında mənbələrdə müxtəlif fərziyyələr irəli sürülür. Mərhum akademik Ziya Bünyadov «Dinlər, təriqətlər» kitabında Bibiheybət piri haqqında məlumat verərək yazır ki, Bakının cənub-qərbində yerləşən Şıxlar (Şeyxlər) adlanan kənddəki məscidin içində vaxtilə şiələrin yeddinci imamı Musa əl-Kaziminin qızı 8-ci imam Əli ibn Musa ər-Rizanın bacısı Həkimə (Hükeymə) xanımın məqbərəsi var idi: «Məscidin binası üzərindəki kitabələr və əlavə məlumatlar təsdiq edir ki, bina hələ 13-cü əsrin ikinci yarısında mövcud idi. Rəvayətlərə görə, Həkimə xanım xəstələnib, öz yaxın adamları və nökərləri ilə 9-cu əsrdə həmin kəndin içində axan nazil suyuna möhtac olduğu üçün buraya gəlmişdi. Lakin xəstəlik qəfil gəldiyinə görə Həkimə xanım vəfat edib və elə burada da dəfn olunub. Onunla gələnlər isə bu yeri tərk etməyib, burada kənd salıblar. Burada müqəddəs məqbərənin xeyrinə vəqflər (gəliri dini idarənin xeyrinə verilən torpaq mülkiyyət forması) yaradıldı. Vəqfə mütəzəlli şeyx təyin olunur. Həmin Bibiheybət məqbərəsinin vəqfinə qədimdə «Əmlak və sərvətilə», Zığ kəndi, üç neft quyusu, bəzi torpaqlar, o cümlədən Badamdar adlanan yer, qoyun sürüləri və s. daxil idi. Bu vəqflərə nəzarət edən mütəvvəllilər var idi».
Ziyarətgahın özündə isə Həzrəti Həkimənin Bakıya gəlməsi başqa cür izah edilir. Bildirilir ki, qardaşı səkkizinci imam Rza Əleyhisalam indiki Məşhəd şəhərində şəhid olduqdan sonra Museyi Kazimin qızı Həzrəti Həkimə təzyiqlərdən qurtulmaq üçün 3 qardaşı uşağı ilə İranın Ənzəli şəhərindən Bakıya gəlir. Qeyd edək ki, yeddinci İmam Museyi Kaziminin 17-18 qızı olub. O, zəmanəsinin imamı olsa da, çox kasıb yaşadığına görə qızlarına elçi gəlmirdi. Gələn elçilər isə Xəlifənin qoyduğu casuslar tərəfindən təqib edilirdilər. Bu kimi səbəblərdən Həzrəti Həkimə xanım ailə qura bilməmiş, ömrünü qardaşı balalarına həsr etmişdi. Həkimə xanımın bacılarından biri – Mənsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran kəndində, digər bacı – həzrəti Leyla xanım isə Bakının Bilgəh kəndində dəfn olunub. Bildirilir ki, Həzrəti Həkimə xanımı və üç qardaşı uşağını Bakı şəhərinə gətirən gəmiçinin adı Baba Süjad olub. Onun Bakıda etibar etdiyi adam isə Hacı Bədir adlı bir şəxs olub. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin bir tacir imiş. Həkimə xanımı tanımasınlar deyə Hacı Bədir gizli bir ad qəbul edir. Yəni əlifba sözü ərəb dilində birinci və ikinci hərfin adından ibarət olduğu kimi (əlif və ba), Hacı Bədir də adının birinci hərflərini birləşdirərək Heybət adını qəbul edir. (Hacı sözünün birinci hərfi ərəb dilində həy, bəbir sözünün birinci hərfinin adı isə bə-dir). Həkimə xanıma insanlar «Heybətin bibisi» deyə müraciət edirmişlər. Əslində Hacı Bədir və Heybət eyni adamdır. Xanım və üç uşaq burada yaşadıqdan sonra vəfat ediblər və indiki Bibiheybətin ərazisində yaşayış məskəni olmadığı bir yerdə dəfn ediliblər. Hacı Bədir Heybət isə öz arzusu ilə xanımın ayaq tərəfində dəfn edilib. Bu, azərbaycanlı Hacı Bədirin xanım həzrətlərin, imam və İslam dünyasına olan sədaqət və məhəbbətinin təzahürü idi.
İmamzadələrin adı nə qədər gizli saxlanılsa da, sonradan bu sirr Bakı əhalisinə və Şirvan şahına aşkar oldu. Odur ki, həmişə bu müqəddəs məzarların ziyarətinə gəlir, onların başına dolanırdılar. Üç yüz il ərzində ziyarətgaha çevrildikdən sonra 1257-ci ildə Şirvanşah ikinci Fərruxzadın əmri ilə burada ilk minarə, məscid və ziyarətgah kompleksinin əsası qoyulur.
Bibiheybət zəyarətgahına hər gün çoxsaylı ziyarətçilər gəlir, ibadətlərini və dualarını edirlər. Buranın kəraməti haqqında çox deyilir. Xalq arasında bu ziyarətgaha hər zaman çox güclü inam mövcud olub. Biz özümüz də ora gələrək hacət tapan şəxsləri çox görmüşük.
19-cu əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan, Azərbaycan xalqının şairə qızı Xurşudbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olsa, pirə yol çəkdirəcək. Xanımın nəziri qəbul olur və o, övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla da pirə gəlir…
Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun baş daşı Tarix Muzeyində saxlanılır.
Bibiheybət ziyarətgah-kompleksində aparılan növbəti yenidənqurma və bərpa işləri ötən il başa çatıb. Qeyd edək ki, 11 il davam edən bərpa işləri nəticəsində məscid Şərq memarlıq üslubu ilə təmir edilib. Hazırda Bibiheybət məscidinin iki minarəsindən biri H.Əliyevin adını daşıyır.
Məscidin birinci və ikinci mərtəbələrində, mərkəzi salonda, foyenin tavanında, zirzəminin divarlarında incə memarlıq nümunələri əksini tapıb, günbəzi də mükəmməl şəkildə işlənib. Burada smaltdan rəngbərəng şüşə, şüşə materiallardan ibarət mozaikada Qurani-Kərimdən «Ən-Nisa» surəsi yazılıb. Ümumiyyətlə, məscidin müxtəlif guşələrində Quranın müxtəlif surələri əksini tapıb. Ərazinin relyefinin mürəkkəbliyi nəzərə alınaraq, ziyarətgah və buradan keçən magistral yol genişləndirilib. Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu məsciddə də ilk dəfə muzey və kitabxana zəvvarların ixtiyarına verilib. Qadın və kişilərin ayrı-ayrılıqda namaz qılmaları üçün müvafiq şərait yaradılıb. İnşaat və tərtibat işləri klassik Şərq üslubunda aparılıb. Kompleksdə çoxlu yardımçı otaqlar tikilib, hər cür şəraiti olan qurbangah yaradılıb. Bundan başqa, məscidin ayrıca qazanxanası, mükəmməl su təchizatı, havalandırma sistemi qurulub. Kompleksdə tikilmiş geniş meydançada dini mərasimlər icra olunacaq, müxtəlif mədəni tədbirlər təşkil ediləcək. Yay aylarında ziyarətgaha gələnlərin istirahəti üçün hər cür şərait yaradılıb. Məscidin muzeyində Bibiheybət ziyarətgah kompleksinin tarixi eksponatlarda hərtərəfli əksini tapıb.
Allah ziyarətinizi qəbul etsin.
Mənbə: maide.az / Yeni Müsavat.- 2009.- 22 iyul.- S. 13 / Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi