“Ədəbiyyatdan namələr”: MƏNİ MƏHBUS EDƏNİ…(I hissə) – Namə 17
“İNFONEWS”– un “Ədəbiyyatdan namələr” layihəsində On yeddinci namə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı Paşayeva təqdim edir:
On yeddinci namə:
“MƏNİ MƏHBUS EDƏNİ GÖRÜM ALƏMDƏ XAR OLSUN”
(I hissə)
Məşhur misranın müəllifi Mir Həmzə Nigari soyundan gələn, Qubadlı rayonunun Mirlər kəndində yaşamış, zəmanəmizin böyük övliyası olan Mir Sədi Ağa sovet rejiminin repressiyasına məruz qalaraq, ömrünün 17 ilini fasilələrlə məhbəsdə keçirməsinə etirazını məhz belə ifadə etmişdir.
Məni məhbus edəni görüm aləmdə xar olsun,
Onun da könül evi mənimki tək tar-mar olsun.
Yetişməsin kamına, heç bilməsin eşqin dadını,
Sevdiyi sevgilisi özgələrə yar olsun.
O, bimürvət saldı bir quru böhtanə məni,
Məndən artıq demirəm, mənlə bərabər olsun.
Özü çəkdikcə bilər, başqa cavanlar nə çəkir,
Etdiyi zülmlər qoy ona aşikar olsun.
Baxıban pəncərədən yarını əğyar ilə görsün,
Qana dönsün ciyəri gözləri ağlar olsun.
Qapısı, pəncərəsi bağlı qalsın həmişə,
Ürəyi ömrü boyu qüsseyi qubar olsun.
Möhtac qalıb köməyə Yusifi-Kənanı çağırsın,
Hə Xudadan, nə İmamdan ona bir kam olsun.
Mirsədiyəm, qarğamaram özgə bəlaya onu mən,
Xoş günü zindan evi , dar günü məzar olsun…
Nə qədər içdən deyilmiş bu misralarda bir yanğı, iftiradan sarsılma var… Həqiqətən, quru böhtan qədər çəkilən əziyyətin daği-düyünü, zülmünü yaşayan insan belə içdən yanaraq anladar, özü də qarğımaqla… İrtica sovet rejiminin o dönəmlərdə övliya-şairin ocağına insanların gəlməsinə qadağalarla bağlı maraqlı məlumat qarşımıza çıxır:
“1960-cı il may ayının son günlərindən biri idi. Biz Mir Sədi Babamgilin həyətində toplanmışdıq. Dağdağan agacının altinda sərilmiş xalıların üzərinə döşəkçələri düzüb hamımız oturmuşduq. Mir Sədi AĞanın bir-birindən gözəl söhbətlərini böyük həvəslə dinləyirdik. Anidən beş yaşlı balaca bacım Dilgüşə bizim yanımıza gəldi ve anama tərəf yürüyəndə anam ona acıqlandı ki get evimizə. Uşaq getmek istəyəndə Mir Sədi Babam onu yanına cağırdı, qucağına alıb üzündən öpdü. Sonra mübarək nəzərlərini anama çevirdi: “Ətifə, qızım, uşagın könlünə dəymə, bu dünya fani dünyadır. Ömür-günə də etibar yoxdur. Nə bilirsiniz ki, sabah nələr olacaq?”.
Həmən günün sabahı diqqətimizdən yayınan Dilguşə çaya düşdü, boğuldu.
Mir Sədi Babam anama toxdaqlıq verib deyirdi: “Ağlama qızım, ağlama, səbrli ol! Allah -Təala verən ömrü heç kim kəsə də bilməz, uzada da bilməz”. Bacımın yas məclisinə gələnlərin ardı-arası kəsilmirdi. Başsağlığına gələnlərdən biri Mir Sədi Babama dedi: “Ağa, hökümətin qorxusundan sizə gələ bilmirik. Qorxuruq, sizi yenə incidərlər. Amma camaat bu ocağa həsrət qalıb axı! Allah buna görəmi o uşağı aldı ki, sizi ziyarət etmək üçün bəhanəmiz olsun?!”. Mir Sədi Babam acı-acı gülümsündü. O yaşlı adamın dedikləri acı olsa da, həqiqət idi, deyilmi? Sonra yasa gələnlərdən bir çoxu həmin sözləri bir daha təkrarladı”.
(ardı var)