“Ədəbiyyatdan namələr”: YANIRAM HİCR ODUNA, BARI DÜŞÜN (II hissə) – Namə 18
“İNFONEWS”– un “Ədəbiyyatdan namələr” layihəsində On səkkizinci namə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”, “Heydər zirvəsi” medalı və “Xarıbülbül” mükafatları laureatı, beynəlxalq dilçi-turkoloq ekspert Aynur Familqızı Paşayeva təqdim edir:
On səkkizinci namə:
YANIRAM HİCR ODUNA, BARI DÜŞÜN
(II hissə)
Soldurub gülşənimi, qəlbimi qan eyləmisən,
Gedibsən başqa vilayətdə məkan eyləmisən.
Məni həsrətdə qoyub qeyrisinə can demisən,
Sevgilim, diqqət elə, gör nə divan eyləmisən.
Gecə-gündüz yanıram hicr oduna, bari düşün,
Gör ki, sinəmdə mənim misli tufan eyləmisən.
MİR SƏDİ AĞA HZ. (Q.S.)
MİR SƏDİ AĞAYA HƏR ŞƏY ƏYAN İDİ
Səlbinaz nənəm Mir Sədi Ağa haqqında çoxlu möcüzələr danışırdı. Səlbinaz nənə deyirdi ki, ikinci Cahan Savaşından ilyarım keçmişdi. Qardaşım İsrafil obaşdan Seytasa gəldi. Onun bu cür gəlişindən mən çox narahat oldum.
– Qardaş, xeyirdimi?- dedim.
– Səlbi, lənət şərə. Nənəmizin vəziyyəti ağırdır yığış gədək.
Biz yubanmadan Çərəliyə getdik. Adlı-sanlı Salatın nənə can üstə idi. Vəsiyyətini eləyib, axırda dedi:
– Allah mərdimazara lənət eləsin. Mir Sədi Ağanı bu qədər dilə-dişə salmasaydılar namazımı qılardı.
İsrafil üzünü mənə tutdu:
– Bacı, ağlın nə kəsir, bəlkə gədim Mirlərə?
Salatın Nənə onun sözünü kəsdi:
– Yox İsrafil, getmə, kişini narahat eləmə. Allaha pənah, özünüz oxuyun.
O, səhərə yaxın dünyasını dəyişdi. Elə bu vaxt darvaza döyüldü. İsrafil də, mən də dərhal həyətə çıxdıq. Alatoran idi. İsrafil darvazanı açdı. Atdan düşən Mir Sədi Ağa idi.
Biz sevinə-sevinə mürşidimizi ziyarət etdik.
İsrafil atın cilovundan tutaraq:
– Ağam, niyə əziyyət çəkirdiniz?
– Nə danışırsın, ə… Yazıq arvad neçə gündür, mənə görə can vermək istəmir. Keçən gecə də məni arzulayib. Bəs niyə xəbər verməmisiniz? Elə bilirdiniz ki, xəbərim olmayacaq?!
– Ağa, özü dədi ki, kişiyə əziyyət verməyin.
– Yox, bizim bir Salatınımız var, o hər ananın tayı deyil. Salatın analar anası, nənələr nənəsidir.
Mir Sədi Ağaya hər şəy əyan idi. O, Salatın nənənin namazını qılıb, Mirlərə qayıtdı.
Ey Xuda, mən görməmiş dünyada möhnət qaldımı?
Çəkməmiş başım bəlavü dərdi zillət qaldımı?
Ruzigarın möhnətin çərxin cəfasın çəkməyə,
Cismi-əfkarımda, ey dil, tabu-taqət qaldımı?
Qafil olma Mir Sə’di, bir xabu-qəflətdən oyan
Yetdi ömrün başə gör ki, vəqtə fürsət qaldımı?