QARABAĞIN QİYMƏTSİZ SƏRVƏTLƏRİ– “Faktlara dayanan TARİXİMİZ”

QARABAĞIN QİYMƏTSİZ SƏRVƏTLƏRİ– “Faktlara dayanan TARİXİMİZ”

“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsi davam edir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının müəllimi, beynəlxalq tarixçi-ekspert tarix üzrə fəlsəfə doktoru Cəmilə Vaqif qızı HƏSƏNOVA təqdim edir:

DAĞLIQ QARABAĞ ƏRAZİSİNİN TƏBİİ RESURSLARI VƏ REGİONUN SƏNAYE POTENSİALI

İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı çoxşaxəli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. İşğaldan azad edilmiş torpaqlar şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala malikdir. Burada qarğıdalı, noxud və üzüm regiona xas olan bitkilərdəndir. Xatırladaq ki, Dağlıq Qarabağ fiziki rayonları da şərabçılıq və heyvandarlıqda aparıcı rol oynayırdılar. Göründüyü kimi, işğaldan azad olunan ərazilərimizin təbii və kənd təsərrüfatı potensialı bölgədə iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yarada bilər. Dağlıq Qarabağ bölgəsi bir sıra efiryağlı, aromatik, dərman, dekor və digər qeyri-ənənəvi bitkilərin də vətənidir. Yalnız Şuşa şəhərində bitən xarıbülbül Qarabağın  simvolu hesab olunur. Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli inzibati rayonları da böyük xammal bazasına malikdir. Həmin rayonlarımızda qızıl, mis, civə, dəmir, mərmər, xromit, perlit, əhəng və eləcə də inşaat materialları üçün xammal bazası mövcuddur. Zəngilan rayonundakı Vejnəli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yataqları sənaye ehtiyatları ilə zəngin qızıl yataqlarıdır. Dağlıq Qarabağda yerləşən təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, o cümlədən, metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, habelə hərbi sənayenin inkişafını sürətləndirmiş olar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhində göstərilir ki, ilkin baxışda faydalı qazıntıların gələcək emalı üç istiqamətdə aparıla bilər: əlvan metallar və onların metallurgiyası, nadir metallar və tikinti materialları. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyata aid olan  sahələrdir və mövcud ehtiyatlar bu sahələrdə yeni güclərin yaranmasına imkan verir. Bundan əlavə, yüksək texnologiyalarda geniş istifadə olunan nadir metalların Dağlıq Qarabağ regionunda mövcudluğu ilə bağlı araşdırmalar və geoloji işlər aparılır.

Regionun sənaye potensialını 4 şaxədə qiymətləndirə bilərik: zəngin su təchizatı,  sənaye rekreasiya imkanları, elektrik enerjisi və zəngin faydalı qazıntıların emalı. Region həm də emal və ərzaq sənayesinin inkişafı üçün də əlverişlidir. İşğaldan azad olun torpaqlarımız mineral və termal su mənbələri ilə də zəngin bir ərazidir. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə edilməsi  nəzərdə tutulub. Azərbaycan su ehtiyatlarını düzgün idarə etməklə ölkəmizə qarşı aparılan hidro müharibələrə son qoyacaq, həm də özünə nəzarət imkanı qazanacaq. Azərbaycanın mineral su ehtiyatlarının 40 %-ə qədəri işğal altındakı torpaqlarda idi. Xüsusilə Şuşa rayonunda Turşsu, Şırlan və başqa mineral sular diqqəti cəlb edir. Bu suların həm qablaşdırılması, həm də bulaqların üzərində kurort və sənaye  rekreasiya zonalarının yaradılması mümkündür. Regionun sənaye rekreasiya imkanlarını vurğulayarkən deyə bilərik ki, əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir.  Apardığımız araşdırmalardan, istinad etdiyimiz ekspert rəylərindən göründüyü kimi, Dağlıq Qarabağ inzibati rayonlarının sənaye, kənd təsərrüfatı potensialı geniş, xammal bazası və təbii resursları kifayət qədər böyükdür. Bütün bunlar, bərpa işlərindən sonra qısa zamanda həmin regionun iqtisadiyyatının sürətlə inkişaf edəcəyini deməyə əsas verir. Kiçik Qafqazın dağlıq zonası olan Dağlıq Qarabağ regionu müxtəlif təbiət abidələri, meşələr, nadir bitki və heyvan növləri ilə tanınır. Regionun ümumi meşə sahəsi, təxminən, 46,7 min hektardır, o cümlədən, 13197 hektar qiymətli meşə sahələridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir