Harvard Universitetinə xarici tələbələrin qəbulu qadağan edilə bilər
ABŞ-nin Daxili İşlər Nazirliyi (DİN) Harvard Universitetinə xarici tələbələri qəbul etmək hüququnun məhdudlaşdırılması ilə hədə-qorxu gəlib.
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin sosial şəbəkə səhifəsində yer alıb.
Belə bir tədbir, universitet 30 aprelə qədər antisemitizmə meylli, həmçinin digər tələbələr və ya əməkdaşlar üçün təhlükə yaradan xarici tələbələr haqqında DİN-ə məlumat təqdim etməzsə, həyata keçirilə bilər. Nazirlik həmçinin bu tələbələrə qarşı tətbiq olunmuş intizam tədbirləri barədə də məlumat verilməsini tələb edib. ABŞ Daxili İşlər Naziri Kristi Noem bildirib ki, “Harvardın auditoriyaları antiamerikan ideologiya və HƏMAS-a dəstək baxışları ilə zəhərlənib”.
Bundan əvvəl ABŞ Təhsil Nazirliyi Harvard Universitetini 2,2 milyard dollar məbləğində maliyyələşdirmədən məhrum edib. Media məlumatına görə, universitet rəhbərliyindən, xüsusilə, müxtəliflik, bərabərlik və inklüzivlik proqramından imtina etmək tələb olunub. Lakin 14 aprel tarixində Harvard rəsmiləri bəyan ediblər ki, hökumətin özəl universitetə nəyi tədris etməli, kimi tələbə kimi qəbul etməli və kimi işə götürməli olduğunu diktə etməsinə imkan verməyəcəklər.
Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Harvard Universitetini vergidən azad olması statusundan məhrum etməyi təklif edib.
Tramp daha əvvəllər də qanunsuz miqrantları müdafiə edən şəhərlərin maliyyələşdirilməsinin dayandırılmasını planlaşdırdığını bildirmişdi.