Gənc hərbiçilərə həmdəm olan könüllü gənc psixoloqlar

Gənc hərbiçilərə həmdəm olan könüllü gənc psixoloqlar

Əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulan müasir gənclər siyasəti Azərbaycanda 1994-cü ildən başlayıb. Bu əlamətdar hadisə 1997-ci ilin 2 fevral günündən dövlət səviyyəsində rəsmi şəkildə qeyd olunur. Yola saldığımız ilin 27 sentyabrından başlayan Vətən müharibəsində ordumuzun əsas tərkibini təşkil edən gənc döyüşçülərin sayəsində haqq savaşımızın qalibinə çevrildik. Döyüşlərdən fiziki və mənəvi yaralarla dönən əsgər və qazi qardaşlarımıza hər zaman ağ xalatlı mələklər – həkimlər öz şəfalı əllərini uzatdı, onlara sözün əsl mənasında həmdəm olmağı bacardılar. Çox sevindirici və qürurlu bir hissdir ki, həkimlərin fədakarlığını yüksək qiymətləndirən və onları ayaq üstə alqışlayan Cənab Prezidentimiz İlham Əliyevə və xalqa sadiq gənc hərbçilərimiz, gənc həkimlərimiz var.Biz də düşündük ki, bir araya gələrək könüllü şəkildə qazilərimizə can yanğısı, həkim məsuliyyəti ilə xidmət edən psixoloq heyətinin üzvü Aysel xanım Həsənova ilə həmsöhbət olaq.
  • Bu təşəbbüsünüz hansı zərurətdən yarandı?

Xalqımın tarixi taleyi elə gətirdi ki, işğalçı bir ölkə ilə qonşu olmağa məhkum olduq. Saysız – hesabsız müharibələr, münaqişələr qapımızı döydü, ocağının istisi ilə bizi qarsdı, külünü üstümüzə səpdi. Bu odlu-alovlu müharibələr biz bəni-Adəmin həyatla bağlı təsəvvürlərini dəyişdi. Dahi fransız ekzistensialisti Alber Kamyunun “Müharibə bizi olmadığımız birinə çevrilməyi öyrətdi” fikirləri bəlkə də bu məqamda yerinə düşər..

Hər bir iş onu görməli olmayan adama kənardan asan görünür. Çox təəssüf ki, bəzilərinin də müharibəyə baxışı belədir. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə düşmənlə mübarizə aparan hər bir Vətən oğlu yaxşı bilirdi ki, müharibənin hər anı, hər dəqiqəsi ölümdür. Mərd, şücaətli, gözünü bir an belə qırpmadan düşmən üstünə təpərlə addımlayan əsgərin yadına nəinki heç nə düşmür, bəzən insan belə situasiyada öz varlığını belə unudur.

Yaşanan parlaq zəfər xalqımıza, həmçinin də ölkədən kənarda yaşanan bütün azərbaycanlılara və haqqın yanında olan hər kəsə qürür hissi yaşatdı, bizlərə sevinc göz yaşları bəxş etdi. Üzümüz və ürəyimiz sevindi. Bu sülh savaşımız şüurumuzun dərinliklərində yuva salmış “el bir olsa….” misalını reallığa çevirdi və həmrəyliyimiz haqq qələbəmizin, haqqlı mübarizəmizin mənəvi zəminini yaratmış oldu. Ancaq bütün bunlara baxmayaraq savaş ağrı-acısız, itgisiz ötüşmədi, ötüşə də bilməzdi. Kimisi bir tərəfini, kimisi isə bir kəsini itirdi. Ən çox zərbə şəhid və qazi ailələrinin üzərinə düşdü. Biz də bu səbəbdən onların mənəvi və fiziki sağlamlığını bərpa etmək istiqamətində işə başladıq. Vətəni qoruyan əsgərlərin sağlamlığını qorumaq isə müqəddəs borcumuzdur.

– Vətən müharibəsindən sonra sizin komandanız işə başladı. Hal – hazırda işlər necə gedir?

Travma elə bir hal, yaşantıdır ki, şəxsin fiziki və ruhi bütövlüyünü təhlükə altında qoyur. İlkin stres ve qorxu zamanı psixika özünümüdafiə funksiyasını maksimum səfərbər edir, fərdi qoruyur. İnsana ruhi sarsıntı yaşadan, qorxudan hal, gözünün gördüyü, qulağının eşitdiyi səs neyronlar səviyyəsində beyində və bədəndə qalmaqda davam edir.

Həyatın sonrakı axarında istənilən kiçik bir qıcıq həmin xatirəni yenidən oyadır və şəxsə posttravmatik stres yaşadır. Dəyərli qazilərimizlə söhbət zamanı yaşadıqları ruhi sarsıntı, psixoloji gərginlik məlum olur. Bir anlıq özlərinə qapanarkən həmin o qorxunc anları yenidən yaşadıqlarını qeyd edirlər. Hazırda müalicə alan müharibə iştirakçılarında, qazilərində də bu hal tez-tez yaşanır.

İşimizə cani-dildən yanaşırıq ki, qazilərimizin də hər şey könlüncə olsun. Onların müalicə və müayinəsi ilə peşəkar könüllü psixoloq qrupumuz işini davam etdirir. Müalicə zamanı əldə etdiyimiz uğura sevinsək də, ancaq bu naliyyətdən heç bir zaman arxayınlaşmırıq, əksinə daha fədakarcasına işimizi davam etdiririk.

– Bir peşəkar psixoloq olaraq Müharibədən sonra qazilərimizin halı və vəziyyəti barəsində nə deyə bilərsiniz?

Qazilərlə işimizin əsas psixoloji istiqaməti EMDR terapiyadır. Hansı ki, bu terapevtik istiqamət travma və travma sonrası istifadə olunan ən effektli texnika kimi öz təsdiqini tapmışdır. Bu texnikanın istifadəsi ilə beyin yarımkürələri aktivləşərək yaşanmış neqativ xatirələrə məntiqi cavab tapmaqda kömək edir, yanmaqda olan ocağı söndürür. Nəticə etibarilə insanı gözü önündən getməyən səhnə ondan uzaqlaşır, adiləşir, təsir gücü azalır.

Təbii ki, hər bir insanın fərdi-psixoloji xüsusiyyətləri onun müharibədə aldığı travmanın dərinliyinin göstəricisinə təsir edir. Elə bu səbəbdən də müharibə sonrası fiziki və psixoloji bərpa çox önəmlidir.

– Şübhə etmirəm ki, bu xeyirxah işinizi gələcəkdə də davam etdirəcəksiniz?

Əlbəttə, bu istiqamətdə fəaliyyətimiz sözsüz ki, yeni layihələrlə də davam edəcək. Cəlil Məmmədquluzadənin təbirincə desəm “Həmişə və hər bir məkanda Vətən məhz cavanlardan öz nicatını gözləyib.” Bu mənada hər zaman bir vətəndaş – psixoloq olaraq dövlətimizin yanındayıq.

Biz artıq qalib ölkənin qalib vətəndaşlarıyıq və bu tarixi zəfər ömrümüzün sonunadək bizə bəs edəcək. Dünya var olduqca Azərbaycan yaşayacaq! Tanrı səni qorusun, ucalardan uca xalqım!

Müsahibəni hazırladı:

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir