BDU – nun ikili diplom proqramlarının sayı 12-yə çatıb
Bakı Dövlət Universitetinin (BDU) ikili diplom proqramlarının sayı 12-yə çatıb.
“İNFONEWS” – un BDU-dan əldə etdiyi məlumatına görə, ötən il BDU-da 2 ikili diplom layihəsinin icrasına başlanılıb. Belə ki, 2023-cü il mayın 24-də BDU və İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisaslaşması üzrə ikili diplom proqramı müqaviləsi imzalanıb. Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir. Ötən il dekabrın 8-də BDU ilə Çin Xalq Respublikasının (ÇXR) Anhui Universiteti arasında bakalavriat pilləsində filologiya (Çin dili və ədəbiyyatı) ixtisası üzrə ikili diplom proqramı müqaviləsi imzalanıb. Bu layihə ÇXR-in Dil Tədrisi Əməkdaşlıq Mərkəzi tərəfindən maliyyələşdiriləcək.