“ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI SİSTEMİNDƏ…” – SOSİAL PROBLEMLƏR

“ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI SİSTEMİNDƏ…” – SOSİAL PROBLEMLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi, iqtisadçı ekspert, beynəlxalq təlimçi Leyla Köçərlinin təqdimatında

“İNFONEWS” – un “SOSİAL PROBLEMLƏR” layihəsinin növbəti buraxılışı:

AZƏRBAYCANDA ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI SİSTEMİNDƏ İNNOVATİV ADDIMLAR MƏŞĞULLUĞUN HƏDƏFİ KİMİ NECƏ MÜƏYYƏN OLUNUR?

Suala cavab verməzdən əvvəl qeyd etmək istərdim  ki, əgər vətəndaş sosial sığorta sistemi ilə əhatə olunmayıbsa, onda onun gəlirinin müvəqqəti və ya xroniki azalmasının qarşısının alınmasında yeganə dəstək – dövlətin sosial yardım proqramlarıdır. Sosial yardımın əsas hədəfi aztəminatlı ailələrin  həyatlarını kənar yardım olmadan yaşaya biləcək vəziyyətə çatan müddətə qədər onların ehtiyac şərtlərini aradan qaldırmaqdır. Ünvanlı dövlət sosial yardımı məşğul əhaliyə şamil olunan yardım olduğu üçün vətəndaş ünvanlı dövlət sosial yardım almaq məqsədilə müraciət edərkən mütləq onun iş yeri olması şərtdir. Çünki, bu iş yeri əsasında şəxs məşğul sayılaraq ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edir və onun aldığı əmək haqqı ehtiyac meyarından aşağı olduğu halda hesablanaraq, alınan fərq vətəndaşa ödənilmiş olur.

Ümumiyyətlə, ünvanlı dövlət sosial yardımın təyin olunmasında yeganə məqsəd aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması ilə yanaşı,  insan kapitalının inkişafının da eyni dərəcədə əhəmiyyət kəsb etməsidir. Belə ki, təkcə ünvanlı sosial yardımın verilməsi vətəndaşda əməyə qarşı həvəsi azalda bilər ki, bu da yekun nəticədə iqtisadiyyata zərər verir.

Hazırda Azərbaycanda ünvanlı dövlət sosial yardımı sisteminin məşğulluqla əlaqələndirilməsi və məşğulluğun şərti kimi irəli sürülməsi başlıca hədəf hesab edilir. Sosial yardımın məşğulluqla əlaqələndirilməsinin başlıca üstünlüyü ondan ibarətdir ki, yardım alan və əmək qabiliyyətli üzvlərə malik ailələr iş axtardıqları müddət ərzində də dövlətin diqqətindədirlər. Qeyd edək ki, 2020-ci ildə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən (Maddə 8.) ünvanlı dövlət sosial yardımın verilmə müddətinin iki ildən bir ilə endirilməsi, özünüməşğulluq proqramında aztəminatlı ailələrin iştirakı üçün hüquqi əsas yaradır. Məhz bu baxımdan da aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Özünüməşğulluq proqramında iştirak etmək istəyən vətəndaşlar qeydiyyatda olduqları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər. Şəxsin işsiz kimi qeydiyyata alınması, özünüməşğulluğun təşkili üçün şəraitinin və biznes ideyasının olması, həmçinin ilkin praktik bacarıqlarının mövcudluğu bu proqramda iştirak etmək üçün kifayət edir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində material, avadanlıq və digər əmlakın bir il müddətinə müqavilə əsasında verilməsi ilə dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Aktivlər verildikdən sonra da proqram iştirakçılarına biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilərək,  özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılır. Müqavilə müddətinin sonuna kimi həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

Özünüməşğulluğun təşkili zamanı əsasən aşağıdakı kateqoriyadan olan şəxslərə üstünlük verilir:

  1. Ünvanlı dövlət sosial yardımı alan şəxslərə;
  2. Əlilliyi olan şəxslərə;
  3. Şəhid ailəsinin üzvlərinə;
  4. Bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara;
  5. Pensiya yaşına iki ildən az vaxt qalmış şəxslərə;
  6. Cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişini alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir