“İŞSİZLİK MÜAVİNƏTİ, YOXSA İŞSİZLİKDƏN SIĞORTA ÖDƏNİŞİ” –SOSİAL PROBLEMLƏR
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi, iqtisadçı ekspert, beynəlxalq təlimçi Leyla Köçərlinin təqdimatında
“İNFONEWS” – un “SOSİAL PROBLEMLƏR” layihəsinin növbəti buraxılışı:
İŞSİZLİK MÜAVİNƏTİ, YOXSA İŞSİZLİKDƏN SIĞORTA ÖDƏNİŞİ – HANSI DÜZGÜNDÜR?
İşsizlikdən sığorta ödənişi. Çünki 30 iyun 2017-ci ildə qəbul olunmuş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu 2018-ci il yanvarın 1-i qüvvəyə mindiyi vaxtdan işsizlik müavinəti adlı bir ödəniş növü “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mövcud deyildir. Yalnız sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş işsizlikdən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu ödəniş də yalnız qanunla nəzərdə tutulan hallarda ödənilir. Hazırda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən:
- Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə;
- İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
- Əmək müqaviləsinin müddəti bitdikdə;
- Müəssisənin mülkiyyətçisi dəyişdikdə;
- Əvvəllər müvafiq işdə və ya vəzifədə çalışan işçinin işinə və ya vəzifəsinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
- Əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə və ya vəzifəsinə qayıtmaq hüququndan istifadə etdikdə əmək münasibətlərinə xitam verilmiş şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ yaranır.
Qanuna edilmiş digər dəyişikliyə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilən şəxslərdən tələb olunan sığorta stajının müddəti 30 aydan 24 aya endirilmişdir. Həmçinin uşağa görə ödənilən əlavələrin məbləği üzrə 20 faizlik maksimum hədd də ləğv edilmişdir. Belə ki, Maddə 13.1.3-də nəzərdə tutulan hal (əmək müqaviləsinin müddəti qurtardıqda) istisna olmaqla himayəsində 18 yaşa çatmamış uşaq olan, əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla əsas sığorta ödənişinə əlavə almaq hüququna malikdirlər. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır. Vacib məqamlardan biri də odur ki, yuxarıda göstərilən kateqoriya şəxslər mütləq “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınmış olmalıdır. Qanunvericiliyə əsasən, sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə yəni sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi – Maddə 13.1.3 (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
Yuxarıda göstərilən kateqoriya şəxslər üçün Maddə 13.1.3-də nəzərdə tutulan hal (əmək müqaviləsinin müddəti qurtardıqda) istisna olmaqla sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıda göstərilən faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- İlk 2 təqvim ayı üçün – 100 faiz;
- 3–4-cü təqvim ayları üçün – 80 faiz;
- 5–6-cı təqvim ayları üçün – 70 faiz.
Təkrar müraciət zamanı təyin olunan minimum sığorta ödənişi 3 ay müddətində hər ay üçün bərabər məbləğdə minimum aylıq əmək haqqı məbləğində ödənilir.
Qeyd edək ki, öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilən şəxslər üçün işsizlikdən sığorta ödənişinin verilməsi qanunda nəzərdə tutulmamışdır.