“Milli-mənəvi dəyərlərin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub”
Azərbaycan xalqının tarixdən süzülüb-gələn milli-mənəvi dəyərlərinin qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, fevralın 14-də keçirilən mərasimdə dövlətimizin başçısı “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içdi. Azərbaycan Prezidentinin andiçmə mərasimindəki nitqinə nəzər saldıqda bundan sonra da sözügedən istiqamətin dövlətimizin başçısının xüsusi diqqət mərkəzində olacağını əminliklə deyə bilərik. Qloballaşma prosesi bir tərəfdən müxtəlif mədəniyyətlərə mənsub insanların yaxınlaşması, qarşılıqlı şəkildə bir-birinin nailiyyətlərindən istifadə etməsi baxımından müsbət təsirə malik olsa da, digər tərəfdən Qərb sivilizasiyasının öz hegemoniyasını artırması, başqa mədəniyyətlərin Qərb mədəniyyəti içərisində əriməsi və assimilyasiyaya məruz qalması ilə nəticələnir. Bu baxımdan qloballaşan dünyada hər bir xalqın öz milli-mənəvi dəyərlərinə sahib çıxması, xüsusilə də bu dəyərlərin gənc nəsillərə təlqin edilməsi böyük əhəmiyyət daşıyır. Qloballaşmanı bir selə bənzətsək, milli-mənəvi dəyərlər bu selin önündə sürüklənməmək üçün tuta biləcəyimiz güclü kökə malik ağaclardır. Sel gələndə zəif köklü ağacları aparır, amma kökü qüvvətli ağaclar ayaqda qalır. Gəncliyimiz milli-mənəvi dəyərlərə layiqincə sahib çıxsa, dünyanın inkişafından geri qalmamaqla yanaşı, mədəni assimiliyasiyadan da sığortalanmış olar. Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində yer alan “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın…” sözləri məhz bu məqamı önə çəkir.
“İNFONEWS” – un əldə etdiyi məlumatına görə, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev nitqində milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi yollarını da göstərdi, bunun, ilk növbədə, milli dəyərlərə söykənən ailə və məktəb tərbiyəsindən keçdiyini xüsusi vurğuladı. Dövlətimizin başçısının fəaliyyətlərinə nəzər saldıqda görürük ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği üçün bir çox əməli addım atılır, bu sahədə dövlət siyasəti həyata keçirilir. Məsələn, Azərbaycan Prezidentinin Fərmanı ilə 2017-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun əyani nümunəsidir. Ölkəmizdə tarixən formalaşmış milli-mənəvi dəyərlərin təbliği bu fondun başlıca fəaliyyət istiqamətlərindən biridir. Həmçinin 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əsas məqsədi də məhz mənəvi dəyərlərin qorunması sahəsində fəaliyyət göstərən savadlı kadrların hazırlanmasını təmin etməkdir.
A.Şirinovun sözlərinə görə, milli-mənəvi dəyərlər cəmiyyəti ayaqda saxlayan, ictimai həmrəyliyi təmin edən əsas sütunlardır. Bu sütunlar nə qədər güclü olsa, cəmiyyət də bir o qədər mənfi yad təsirlərdən sığortalanmış olar. Prezident İlham Əliyev də andiçmə mərasimində məhz bu məqamı önə çəkir: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”.
Həqiqətən də Prezident İlham Əliyevin sözügedən istiqamətdəki məqsədyönlü siyasəti və əməli fəaliyyəti onu deməyə əsas verir ki, növbəti prezidentlik dövründə də milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi əsas prioritetlərindən biri olacaq.