Laçında ilk xalça – “Qasımuşağı” çeşnisi toxunub
Laçın şəhərində yerləşən “İslimi” Xalçaçılıq Mərkəzində çalışan xanımlar burada birinci əl işlərini tamamlayıblar. Mərkəzdə ilk toxunan xalçada Laçının “Qasımuşağı” çeşniləri öz əksini tapıb.
“İNFONEWS” AZƏRTAC-a istinadən xəbər verir ki, Laçındakı Xalçaçılıq Mərkəzində elə rayon sakinləri olan xanımlar çalışırlar. Burada müxtəlif ölçülərdə xalçalar toxunulması üçün dəzgahlar və digər avadanlıqlar mövcuddur.
“İslimi” Xalçaçılıq Mərkəzinin rəhbəri Bəhmən Hacıyev deyir ki, Laçında xalçaçılıq qədimdən məşhur olub. Elə ona görə də burada belə mərkəz yaradılıb. Burada həm Laçın çeşniləri toxunur, həm də yerli sakinlər işlə təmin olunurlar.
“İlk əl işimiz elə Laçının “Qasımuşağı” çeşniləri ilə toxunan xalça oldu. Suvenir kimi toxunan bu xalçanın ölçüləri kiçikdir. Bu, Laçın xalçalarının yenidən öz şöhrətini geri qaytarmasına bir işarədir”, – deyən Bəhmən Hacıyevin sözlərinə görə, mərkəzdə həm kiçik, həm də böyük ölçülərdə xalçalar toxumaq mümkündür: “Burada klassik toxunuşlu xalçalar, əsasən də Laçının “Qasımuşağı” çeşniləri olan xalçalar toxunacaq. “Qasımuşağı” çeşnilərindən başlamaqda əsas məqsədimiz odur ki, bir vaxtlar Laçında bu çeşnilər məşhur idi. İşğal dövründə ermənilər digər sənət nümunələrimizlə yanaşı, “Qasımuşağı” çeşniləri olan xalçaçılıq əl işlərini də mənimsəməyə çalışıblar. Bu çeşnilər Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aiddir və Laçın inzibati ərazi vahidində yerləşən Qasımobasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. Bizim də məqsədimiz bu çeşnidə olan xalçaları yenidən dünyaya tanıtmaqdır”.
“Qasımuşağı” çeşnilərinin tarixindən danışan həmsöhbətimiz bildirib ki, bəzi sənətşünaslar, xalçaçılar, həmçinin yerli əhali bu xalçaya “Ağqol gəbə”, “Ağqol xalça” da deyirlər.