“Mən o qədər xəstə fantaziyaya sahib deyiləm ki, bir gecədə 500-dən artıq adamı edam edim!”
“Tum1haber” qəzetinin müxbiri Hasan Barın İsveçdə yaşayan tanınmış soydaşımız yazar Eluca Atalı ilə müsahibə hazırlayıb.
“İNFONEWS” həmin reportajı təqdim edir:
Hasan Barın: İlk öncə mənim sözümü yerə salmayb mənə müsahibə vermək təklifimi qəbul etdiyiniz üçün Sizə minnətdaram. Uzaqdan olsa da, Sizinlə söhbətləşmək fürsətim olduğu üçün qürurumu və sevincimi bildirirəm. İllərdir tanıdığım, görüşlərindən bəhrələndiyim əziz bacım, kitablarını bəyənərək oxuduğum və böyük yazar olaraq gördüyüm Eluca Atalını mən tanıyıram, amma Türkiyədəki oxuculara özünüzü tanıdardınızmı?
Eluca Atalı: Quzey Azərbaycanın Salyan bölgəsində doğuldum, Asif Ata Ocağının Evladıyam, hekayə, esse, pyes, roman, fəlsəfi-bedii miniatür janrında əsərlər yazıram. Bu zamana qədər 42 kitab yazdım, onlar müxtəlif dillərə çevrilib, dünyanın bir çox ölkələrində yayımlandı.
Hasan Barın: “İran Hizbullah zindanında” kitabınızı orjinaldan azərbaycan türkcəsindən oxumuşdum, Türkiyədəki oxucularınız üçün də Türkiyə türkcəsinə çevrilməsi məni sevindirdi. Mənim də yüksək dəyər verdiyim bu fundamntal əsərinizin yazılma müddətini mənə anladarsınızmı?
Bir də kitabınıza yazar gözüylə nəzər salaq: hadisələrin keçdiyi yerləri təsvirlərdə yaşadaraq, oxucuların beynində təsir buraxacaq səviyyədə, dövrləri birbəbir izah edərək, tarixi şəraiti göstərərək, yaşada-yaşada yazmısınız. Zaman-zaman və xalqın içindən həqiqi qəhrəmaları seçərək yazmısınız.
Sizə soracağım sual belədir: bu qəhrəmanları tanıyırsınızmı?
Eluca Atalı: Siz özünüz də bir qələm əhli olaraq bilirsiniz ki, hər bir kitabın yazılma müddəti eyni olmur. İki həftəyə, iki aya yazdığım kitablar olduğu halda, “İran Hizbullah zindanında” romanım nə az, nə çox, düppədüz 12 il zaman aldı. Məncə, belə də olmalıydı, gileylənmək əbəsdir. Çünki kitabın içində 4 müstəqil roman var. 10 il ciddi şəkildə dünyada olmuş Fransa burjua inqilabını, böyük oktyabr inqilabını, İran tarixini və ən əsası inqilabların bəşərə gətirdiyi fəlakətləri öyrənməyə, təhlil etməyə cəhd etdim.
Kitabda əsasən Urmu, Paris və Qum şəhərləri məkan kimi canlandırılıb. Urmu qədim türk şəhəri kimi İslam İnqilabının zərbəsindən aldığı fəsadlar nəticəsində tarixi yer adlarının dəyişdirilib farslaşdırılmasını göstərmişəm. Və həmçinin əsərin qəhramanı Urmuludur. “İnqilabın travması” kitabındakı hadisələr bütünlüklə bu şəhərdə baş verir. Paris məkan kimi inqilaba hazırlıq hissəsinin təsvir edildiyi “Üç vəd, üç tələb” kitabında mərkəzdədir. Çünki inqilabın “müəllifi” Ayətullah Ruhulla Xomeyni Fransa təyyarəsi ilə Parisə aparılaraq inqilab üçün son təlimləri orda alır. Burda da onun Ağ Evlə məktublaşmalarında Amerikanın Parisdəki elçiliyinin oynadığı rol qabardılır. Xomeyninin məktublarını fars dilindən ingilis dilinə həkim Yəzdi çevirib səfirliyə ötürür, səfirliyin siyasi işlər üzrə müşaviri Verren Zimmermansa onları bir qayda olaraq teletaypla Ağ Evə gönderir. İnqilabın ən həssas nöqtələri bu hissədə verilib. Elə bu kitabın ikinci hissəsində, həm də inqilabdan sonra hadisələr dini mərkəz olan Qumda baş verir. Niyə Tehranda yox, məhz Qumda? Çünki Ağ Ev Xomeyniyə izin vermədi ki, Tehranda qalsın. Onun qarşısında qoyduğu tələbə əsasən inqilab “müəllifi” Tehranda Paris təyyarəsindən enən kimi Quma getməliydi. Bu da səbəbsiz deyildi, çünki ordu şahın ordusu idi, istənilən zaman əks-inqilab hadisəsi törədə bilərdi, kütləvi silahlar onların əlində idi, inqilabçılarda silah yox idi.
Zindan həyatından bəhs edən sonrakı hadisələr yenə Urmuda cəryan edir, 480 nəfərlik Nisvan qadın zindanında.
Kitabın Türkiyə türkcəsinə çevrilməsinə gəldikdə, deməliyəm ki, tərcüməçi, yazar Alpaslan Demir hoca kitab üzərində çox zəhmət çekdi. İri həcimli bir əsəri çevirmək üçün yalnız səriştə bəs etməz, həm də böyük səbr nümayiş etdirdi.
Öncədən söylədim Asif Ata Evladıyam, Atanın bizlərdən tələbi belə idi: “Elə yaz ki, poza bilməsinlər. Elə yaz ki, daimi olsun!” Yazan zaman çalışırdım hər hansı bir sətirimi pozub ora nəsə salmaq mümkün olmasın. Yəni hər şeyi özüm yazım ki, kimsənin ora nəsə əlavə etməsinə lüzum qalmasın.
Hasan Barın: Sizə belə bir sualım olacaq: əsərdəki qəhrəmanları şəxsən tanıyırsınızmı?
Eluca Atalı: Hə və yox deyəcəm! Bir az anormal görünür cavabım, amma gerçəkdən belədir. 10 il ərzində 100 -dən artıq hizbullah zindanında olmuş kişi və qadından, əlbəttə, əslən güneyli olmuş soydaşlarımızdan müsahibələr aldım, email, skype, WhatsApp vasitəsi ilə. Bəziləri universitetdən tələbə yoldaşlarım idilər, onlarla sıx ünsiyyətdə olmuşdum. Bəzi məhbusların hətta evlərində qonaq oldum, kafede görüşdüm. Məkanın önəmi yox idi mənim üçün, əsas psixoloji zədə almış insanlarla psixoterapik müalicə keçdim onları danışdırmaqla. Elə adamlar oldu ki, onlar üçün 50-dən artıq sual hazırlayıb cavab aldım. Danışdırdığım insanlar yalnız öz hekayətlərini mənə nəql etmirdilr, hər kəs edam olunmuş onlarla insanın taleyindən, hekayətindən mənə bəhs edirdi. İnanın, mən onları dinlədikcə, sanki bu adamlarla bir yerdə zindanda yatmış kimi özümü hiss edirdim. Qəribədir, bəzi jurnalistlər və oxucular mənə tez-tez sual verirlər: sən zindanda olmusan? Neçə il yatmısan? Olmamışam deyəndə, onlar digər bir sual verirlər: bəs, bu əsəri necə yazmısan? Hətta cavabıma inanmayıb, məni and içdirən oxucularım da var. Buna məyus olmuram, əksinə, düşünürəm, əsərdə hər şey təbiidir, inandırıcıdır ki, onlar mənim doğru cavabıma inanmırlar. Mələk xanım adlı bir oxucum var, bir gecə mənə zəng vurdu: “Qızım, bu sənin fantaziyandır, yoxsa doğrudan olmuş hadisələrdir?” Dedim: “Mən o qədər xəstə fantaziyaya sahib deyiləm ki, bir gecədə 500-dən artıq adamı edam edim!”
Qaldı, əsərin qəhrəmanı Fatma obrazına, onun 17 yaşına qədərki dövrünü canlandırdığım insan mənim yaxım rəfiqəmdir. Əlcazairli Cəmilənin romanını qapı-qapı paylayan 10 yaşılı qız indi sağdır, baxmayaraq, 4 dəfə zindana düşüb. İndi də onunla görüşürəm, romanı ona imzalı bağışladım, oxuyub, çox təsirlənib. Qara Balığın nağılını ona oxumağı tövsiyə edən Əlirza Şükrü Əfşar öyrətmən gerçəkdən edam edilib. Əsərdə verdiyim kimi bir sübh çağında boğazından asılıb. Şəxsi kitabxanasını ictimai kitabxana edən və Fatmanın da Qara Balıq kitabını oxumaq üçün götürdüyü kitabxananın rəhbəri Səbri Əfşar edam olunub.
Fatmanın 17-i yaşından sonrakı hadisələr digər edam olunmuş qadınların müxtəlif hekayətləri əsasında yazmışam. Sadəcə, mənə nağıl edilən ayrı-ayrı hadisələri bir nəfərin həyatında cəm edib, sistemləşdirmişəm.
Hasan Barın: Sizin siyasi yönünüzü bilən, yazmasa da bu sıxıntıları içində yaşadığınızı bilən bir dostunuz olaraq, İranın yaşatdığı bu zülmləri uzun uzadı anladarkən psixolojik olaraq nələr yaşadınız? Romanı yazmaqdan vaz keçməyi düşündünüzmü, yazarkən zorlandınızmı?
Eluca Atalı: İkinci sualınıza birinci cavab verim, romanı yazmaqdan heç zaman vaz keçmədim. Əksinə zindanilərlə söhbət etdikcə yazmaq iddiam güclənirdi. Dörd divar arasında edam edilmiş 12-15 yaşında qızların səsi olmaq, sizcə, nə deməkdir? Bu missiyanı üzərinə götürüb yarı yoldan qayıtmaq, yəni, əsəri başa vurub yazmamaq mümkündürmü? Və ya bunu yazarkən adi hal yaşamaq olarmı? Təbii ki, psixoloji baxımdan çox sarsılmışdım, hətta bəzi yerləri hönkürərək ağlayıb yazırdım. Xüsusən də zindan içindən bəhs edən “Qanlı orkesrt” kitabını yazarkən psixoloji gərginliyim çox oldu. Bəzən bir hissəni yazərkən o qədər ağlayırdım ki, ağrı beynimə vururdu və onu heç cürə özümdən kənar edə bilmirdim. Gərginlikdən bir neçə gün yazını yarımçıq qaldığım yerdən davam etdirə bilmirdim. Xüsusən, Fatmanın zindan həyatını əks etdirən 114 günlük Gündəliyini yazarkən ordakı hər anı yaşamışam. Bəzən də əlimə qırıq-qırıq iplər alıb yan-yana düzürdüm. Özüm üçün aydınlaşdırmaq istəyirdim, edam edilmiş qızların paltarlardan çəkilmiş müxtəlif rəngli kiçicik hissələrdən bir portreti toxumaq necə mümkündür? Reallıqda bunu etmək istyirdim. Axı mənim qəhrəmanlarım bunu ediblər. Edama məhkum edilmiş qızlar özlərindən sonra bir yadıgar qoymaqdan ötrü bu portreti toxuyublar. Bu insan taleyidir, yaşanıb, mən yaşanmış hadisələri təsvir edirdim. Millətimin taleyüklü dərdini qələmə alırdım. Bax, əziz dost, ağırlıq bu idi. İranın indi qəzaya düşmüş prezidenti, İranda “Edami Ayətullah” ləqəbi ilə tanınmış İbrahim Rəisinin “məzar əzabı” kəşfi nəticəsində edam olunmuşların imdad harayı bəzən gecələr yuxuma girirdi. Zindan içində qoyulmuş tabutda onlar əl-qol atır, yalvarırlar ki, “Məni xilas et!” Bax, mən bunu yazırdım. Bu zaman hansı halı yaşamışamsa, onu ifadə etməyə kəlmə tapmaqda acizəm.
Qəribə olsa da, bir hadisə danışım. Üçüncü kitabı “Qanlı orkestri” necə bitirəcəyimi düşünürdüm. Çox zor məqamlar yaşayırdım, Fatmanın səssiz edama aparılmasını təsvir etmək asan iş deyildi. Əsasən də onun Vodka alverçisindən ayrılmasını təsvir etmək… Həmin hissənin sonundakı cinsinə, yaşına görə olan fantastik edam səhnəsini yuxuda gördüm. Havalı kimi yuxudan ayıldım: “İlahi, bu gerçəkdir!” – dedim. Ayrı-ayrılıqda detalları o qədər düşünmüşdüm, axırda hadisə kimi bir yerə cəm olmuşdular. Hansısa bir qüvvə mənə diqtə edirdi, sən əsəri belə bitirməlisən!
Hasan Barın: İranın sizi heç sevmədiyini bilirik. Bu romanı yazarkən və ya roman çıxdıqdan sonra İrandan və Hizbullahdan basqı gördünüzmü?
Eluca Atalı: Çox təhdidlər, təhqirlər gördüm. Edamıma fitva verdilər, düşündülər, bununla qorxub yolumdan çəkinəcəyəm. Çox da söyüb yamanlayırlar, guya mən hansısa qüvvələrə çalışıram. Kitab çap olunmamışdan öncə İran yanıma elçisini göndərdi kitabı çapa verməyim. Qarşılığında mənə qədərincə para verəcək, digər əsərlərimi yayımlayacaq, projelərimi dəstəkləyəcək və s. Vədlər verdi. Hamısını rədd etdim, əgər mən onların dediklərini qəbul etsəydim, ilk növbədə öz gözümdən düşərdim vicdansız biri olaraq. Mən bu əsəri para üçün yazmadım, haqsız edam olunmuşların, analıqdan məhrum edilmiş qadınların haqq səsi olmaq istədim. Bu missiyanı çiyinlərimə götürdüm.
İran məni yolumdan döndərə bilməyəndə başladı əleyhimə videolar hazırlamağa, məni gözdən salan yazıları trollarına yazdırmağa.
Hasan Barın: Bir dost olaraq maraq etdiyim bir mövzu var. Mən öz yazılarımdan çox ratslaşmışam. Bir yazarın anlatmaq istədikləri ilə oxucunun anladıqları fərqli ola bilir. Sizə gələn təpgilər – anlatmaq istədiklərinizi tam olaraq anlada bilmisinizmi?
Eluca Atalı: Məncə, anlatdım. Hətta romanın bəzi hekayətlərində qədərindən artıq anlatdım inqilabın, ideologiyanın insan taleyinə gətirdiyi faciə oxucuya yaxşı çatsın deyə, beyninə həkk olunsun, yadından çıxmasın. O da yaxşıdır, bu da yaxşıdır kimi ölçüsüzlükdən insanlar qurtarmalıdırlar. İnsan hər şeydə, hər yerdə özünü mərkəzdə qoymağı bacarmalıdır, təbii, xudbincəsinə yox. Hər şey insan üçündür, hər şeyin insanlıq naminə olduğunu dərk etməlidir. Əgər hər hansı hadisənin mərkəzində insan durmursa, o faciə ilə nəticələnir. İnqilablar insanlıq naminə olmadı, o inqilab yoxdur ki, son anda öz evladlarını yeməsin. İnqilablar mövcud cəmiyyəti dəyişdi, insandan başlamalıydılar bunu, formadan başladılar. Ona görə də, hamısının sonu faciə ilə bitdi. Dünyada olan bu sonuncu İran islam inqilabına bir baxın. Bu dəqiqə söhbətimizin də canı ondandır, onun qələbəsi ilə milyonlar öz doğma vətənindən mühacir olub, yüz minlərlə insan zindana atılıb, təkcə 3 ay ərzində 30 mindən artıq insan edam edilib. Siz də oxuduğunuz kimi mən də romanda 1988-ci ilin 3 ayı ərzində olan kütləvi edamlardan bəhs etmişəm.
Təəssüf, bəzən belə də olur. Bu əsasən o zaman olur ki, yazar ideyanı lazımı qədər həll edə bilmir və ya bədii təsvirləri doğru olmur. Bəzi yazarlar düşünürlər oxucuya hər şeyi hazır vermək olmaz, o özü düşünməlidir yazıçı nə demək istəyir. Mən bunu romana şamil etmirəm. Çünki romanda təsvirlər qat-qat verilir, səbrli oxucu o təsvirləri yaşayır, həzm edir. Asif Atanın fikrincə desəm, “Nəsrdə təsvir mənaya xidmət edir”. Əgər yazar mənanı təsvirdə verə bilibsə, o zaman tapmaca qalmır…
Əgər mənim yazdığım bu kitabdan İslam İnqilabının İrana və bəşərə gətirdiyi faciəni anlamayan oxucu varsa, o zaman mən deyərdim, belə bir oxucunun qəti dərk etmə imkanı yoxdur.
Hasan Barın: İllərdir davam edən dostluğumuza sığınaraq ortaq nöqtəmiz olaraq Güney Azərbaycanlı soydaşlarımızla bağlı bir sual sormaq istədim. Kitabınızda İrandakı, xüsusən Güney Azərbaycanda yaşayan türklərin sıxıntılarından bəhs edirsiniz. Həm bir yazar, həm də bir aydın olaraq son zamanlarda İranda yaşanan olaylar Güney Azərbaycanlı qardaşlarımıza olumlu və olumsuz təsir etməsi, sizcə, necə olacaq?
Eluca Atalı: Güney Azərbaycandakı soydaşlarımız ağır mücadilə edirlər. Haqlarını tələb edirlər, təəssüf, onların haqları İran anayasasında yer almayıb. Və haqq verilmir, haqq alınır! Bunu onlar dərk edib yollarından dönmürlər, baxmayaraq, hər cür haqsızlıqla qarşılaşırlar. İranda kimin prezident, kimin ali dini rəhbər seçilməsindən, yəni əbanı kim geyib, kimin başına əmmamə qoymasından asılı olmayaraq, güneylilər öz haqq yollarından dönməyəcəklər. Bizim davamız hakimiyyət deyil, biz bilirik ki, heç bir hakim bizim haqqımızı verməyəcək. Biz milli haqlarımızın yer aldığı öz özgür dövlətimizi istəyirik Güney Azərbaycanda. Əslində biz İranda yeni dövlət qurmuruq. 1946-cı ildə Məhəmmədrza Pəhləvi şahın ordusunun təpiyi altında qanına qəltan olunaraq devrilmiş Milli Hökümətimizi geri alırıq, alacağıq da. Başqa yol yoxdur. Əgər İran hakimiyyətinin dövlət qəzetləri türkləri tarakana bənzədib təhqir edirsə və hakimiyyət buna göz yumursa, sən onunla birgə necə yaşaya bilərsən? Kim onu aşağılayan bir hakimiyyətlə birgə yaşamağı ləyaqətinə sığışdırar ki, güney azərbaycanlılar bunu sığışdırsınlar?
Bir də görürsən İran parlamentində türkləri təmsil edən bir deputat bir ağız Şəhriyardan şeir oxuyur. O dəqiqə onu qaldırıb milli qəhrəman kimi bizə sırıyırlar və bizim milli liderimiz etmək istəyirlər. Bunun hamısı molla rejiminin oyunudur. Milli lider rejimə xidmət edə bilməz. Rejimin xidmətində olanların səmimiyyətinə inanmırıq. Güney Azərbaycan bizim üçün yalnız ikiyə bölünmüş vətənin bir hissəsi deyil. Asif Atanın fikirncə desəm, “Güney Azərbaycan siyasi xilasımızdır. Azərbaycanın bütün problemləri ikiyə bölünəndən başladı. Eyni zamanda Qarabağın biryolluq həlli də Güney Azərbaycandan – BÜTÖVLÜYÜNDƏN, birliyimizdn keçir”
Hasan Barın: Bir qəzetə verdiyiniz reportajda bir sözünüz mənə çox təsir etdi, hətta bu sözü duyar duymaz sizi aramışdım. “Yazar zamanının yetimidir”. Elə isə sizcə, nə zaman yazar zamanının yetimi olmaqdan qurtulacaq?
Eluca Atalı: Əsl yazar yetimlikdən heç zaman qurtulmayacaq. Söhbət həqiqi yazardan gedir, onlar özlərinə ata olurlar, ana olurlar, kimsə onların qayğısına qalmaz. Özləri özlərini doğurlar və tərbiyə edirlər, təbii ki, əqidələri ilə, ideyaları ilə. Belələri tarixdə azdır, barmaq hesabıdır. Zəmanə yazarı çoxdur, zamandan üstün olan yazar azdır. Mən az olan o yazarları həqiqi yazar hesab edirəm. Yoxsa mükafat, ad-san xatirinə yazan, populyarlaşmaq üçün dəri-qabıqdan çıxanlar var, onlar hər gün doğulurlar, lakin onlar yaşamırlar. Yazarlıq yetməz yalnız istedadlı olasan, həm də əqidəli olacaqsan, öz yolun olacaq, cəsarətli olacaqsan. Siz mənə nə qədər belə yazar saya bilərsiniz tanıdıqlarınız içində?
Bir gün Amadeus Motsartla Antonie Salyeri iki bəstəkar yol getdikləri zaman uzaqdan kralın karetası görünür. Bu zaman Salyeri başından şlyapasını çıxarır. Motsart ona deyir, sən düz etmirsən. Biz ona yox, o bizə təzim etməlidir. İzah edir ki, krallar zamanın hakimidirlər, sənətkarlar isə bütün zamanların hakimidirlər. Kralın karetası gəlib onlara çatanda karetanı kral saxlatdırıb yerə enir və Motsarta yaxınlaşıb slyapasını çıxarır. Nəticə: əsl sənətkar zamanın hakiminə yalmanmamalıdır.
Hasan Barın: Özünüz, öz görüşləriniz və kitablarınızla bağlı bilgiləndirməniz və məni qırmayıb sizlə reportaj istəyimi yerinə yetirməkdən ötrü mənə vaxt ayırdığıız üçün sizə çox təşəkkür edirəm. Son olaraq söyləmək istədiyiniz bir şeylər varmı?
Eluca Atalı: Borcumuzdur, nə zaman istərsinizsə, sizlə söhbətə hazıram. Sizlə söhbət etməyi zaman itirmək hesab etmirəm. Çünki biz milli taleyüklü dərdimiz olan Güney Azərbaycandan və İran İslam İnqilabının bəşərə, insanlığa gətirdiyi fəlakətdən danışırıq. Əslində mənə bu fürsəti verdiyiniz üçün mən sizə təşəkkür edirəm.
Güney Azərbaycan məsələsinə Türkiyədə xüsusi yer ayrılmasını, türk qardaşlarımızın güney azərbaycanlılara dəstək olmasını istərdim. Əgər Turan birliyindən danışırıqsa, ilk əvvəl bu gün əsir olan türk yurdlarında türklərin nələr yaşadığını öyrənməliyik. Həkim xəstənin dərdini bilməsə, onu necə müalicə edə bilər? Biz də həmçinin dərdi öyrənməmiş dərman tapa bilmərik.