Yaşıl iqtisadiyyat nədir? – Jalə TEYMURLU
“İNFONEWS” təqdim edir.
Yaşıl iqtisadiyyat nədir?
Günümüzdə “Yaşıl” sözünü müxtəlif ifadələrin tərkibində tez-tez eşitmək mümkündür. Xüsusilə, son 35 ildir ki, bu ifadə “İqtisadiyyat” termininin qarşısında rastımıza çıxır. İlk dəfə 1989-cu ildə İngiltərədə bir qrup ekoloji fəal tərəfindən elmə daxil olan “Green Economy” termini qısa vaxtda genişlənmiş və şaxələnmişdir. Günümüzdə “Yaşıl Enerji”, “Yaşıl İstehsal”, “Yaşıl Maliyyə” kimi terminlərin yaranmasına da yol açmışdır. Nisbətən yeni olan bu terminlər beynəlxalq səviyyədə aktual olan mövzuya çevrilmiş, dünya miqyaslı problemlərin həll yollarından biri olaraq qiymətləndirilmişdir. Hətta 2024-cü ildə 29-cusu ölkəmizdə keçiriləcək COP da məhz ekoloji problemlərə “Yaşıl həll yolları” tapmağa və davamlı inkişafın genişlənməsinə xidmət göstərir.
Biz iqtisadiyyat terminini izah edərkən deyirik: “İqtisadiyyat- qıt resurslardan səmərəli istifadə etməyi öyrənən elm sahəsidir”. İqtisadiyyat elmi olduqca genişdir. Onun ənənəvi (mikroiqtisadiyyat, makroiqtisadiyyat və s.) və yeni yaranmış (Davranış iqtisadiyyatı, Yaşıl iqtisadiyyat və s.) kimi növləri də vardır. Dünya inkişaf etdikcə yeni yaranmış sahələrin araşdırılması, öyrənilməsi və elm kimi formalaşması vacib hal almışdır. Məsələn, son 200 ildə təbiətin bizlərə bəxş etdiyi məhdud resurslar şüursuzca israf edilmiş, ekoloji böhranlar yaşanılmışdır. Bununla yanaşı, sosial, iqtisadi, texnoloji inkişaf pik həddə çatmışdır. Belə hadisələrin mənbəyində duran səbəbləri öyrənmək üçün yeni bir elmə ehtiyac duyulurdu. Bu, 1989-cu ildə ingilis ekoloji aktivistlər tərəfindən yaradılan “Yaşıl İqtisadiyyat” idi. Son illərdə tez-tez qarşımıza çıxan “Yaşıl İqtisadiyyat” elmi ekoloji problemləri, resurs qıtlığını aradan qaldırmaqla yanaşı, insanların rifahını, fərdlərarası bərabərliyi yaratmağa çalışan iqtisadiyyat növüdür.
Yaşıl iqtisadiyyat təbiət və insan arasındakı harmoniyanı tənzimləməyi və bu harmoniyanın nəticəsi olaraq təbiətə heç bir ziyan vermədən qıt resurslardan səmərəli istifadə etməyi öyrənir. Bu terminin qarşısında mühüm məqsədlər qoymuşdur:
1) Regional, subregional və milli forumlar vasitəsiylə davamlı iqtisadi artıma makroiqtisadi yanaşmanın təbliği;
2) Yaşıl maliyyə, texnologiya və investisiyalara çıxışı diqqət mərkəzində saxlamaqla Yaşıl iqtisadi yanaşmaların nümayişi;
3) Yaşıl iqtisadiyyata keçidi dəstəkləmək üçün makroiqtisadi siyasətlərin inkişafı və ümumiləşdirilməsi baxımından ölkələrə dəstək.
Yaşıl iqtisadiyyatın prinsipləri isə aşağıdakılardır:
Rifah səviyyəsinin yükəldilməsi,
Ədalət və bərabərlik,
Ətraf mühitin qorunması,
Səmərəlilik və yetərlilik,
Güclü idarəetmə prinsipləri.
Bu prinsiplərə tam riayət olunacağı halda, “Yaşıl İqtisadiyyat” daha öncə sadaladığımız məqsədlərinə nail ola biləcək. Diqqətinizə bir neçə tarixi məqamları çatdırmaq istəyirəm. 5 iyun 1972-ci ildə Ətraf mühitin çirklənməsi, iqlim dəyişməsi, su ehtiyatlarının azalması kimi amillər BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaradılmasını zəruri etmişdir. Həmin ilin sonunda qlobal ÜDM-nin miqdarı $3,816.82 milyard olmuşdur. 2023-cü ildə bu rəqəm $105 trilyonadək artmışdır. Bu, 51 ildə təqribi 27,5 dəfə artım deməkdir, yəni son 51 ildə yüz minlərlə şəxsin həyat səviyyəsi yaxşılaşmışdır. Başqa sözlə, “Yaşıl İqtisadiyyatın” ilk prinsipi olan rifah səviyyəsinin yüksəldilməsi, qismən də olsa, yerinə yetirilmişdir. Lakin bu illərdə ətraf mühitin qorunması prinsipinə əməl olunmamış, əksinə ekoloji poblemlərin həcmi də qat-qat artmışdır: şirin su ehtiyatlarının çatışmazlığı, qlobal istiliyin artması bunun ən geniş yayılmış nümunələridir. Dünyada və ölkəmizdə “yaşıllaşma” və ekoloji problemlərə diqqət çəkmək naminə ciddi addımlar atılır.
Prezident İlham Əliyev 2 fevral 2021-ci ildə “Azərbaycan 2030: Sosial- iqtisadi İnkişafa Dair Milli Prioritetlər” adlı sənədi təsdiq etmişdir. Bu sənəddə 5 əsas Milli Prioritetlərdən bəhs olunur ki, onlardan biri məhz “Təmiz ətraf mühit və yaşıl artrım ölkəsi” prioritetidir. Prioritetin başlıca məqsədi Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanını yaratmaqdır. Dövlət rəhbərinin bu kontekstdə digər bir addımı isə, 2024-cü ili “Yaşıl Dünya naminə Həmrəylik İli” olaraq qeyd etməsidir. Bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP-29) paytaxt Bakıda keçirilməsi Milli Prioritetin reallaşmasına öz tövhəsini verəcəkdir. Məlumat üçün bildirirəm ki, COP tədbirlərinin məqsədi, 2015-ci ildə imzalanmış Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Konfransda hər il olduğu kimi, bu il də qlobal iqlim dəyişikliyinin həlli istiqamətində birgə tədqiqatlar aparılacaqdır. Tədqiqatların nəticəsi olaraq ekoloji problemlərin bərpası üçün təkliflər dəyərləndirilir. Əlbəttə, təhrif olunmuş mühiti bərpa etmək olduqca çətindir, buna baxmayaraq belə problemlərin həlli üçün bir neçə üsul vardır. Üsullardan biri də yaşıl maliyyənin tətbiqinin genişləndirilməsidir.
Jalə Anar qızı TEYMURLU
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), tələbə