Yenilənmiş Azərsu niyə bu istidə əhalini suya möhtac qoyub?
Xatırlayırsınızsa, 6 il əvvəl Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdı. Bununla bağlı olaraq, ölkə Prezidenti cənab İlham Əliyev 2018-ci il iyul ayının 4-də keçirdiyi müşavirədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə üzünü tutaraq,
Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. – deyə bildirmişdi.
Təbii ki, cənab Prezident çox haqlı idi. Çünki o hər zaman olduğu kimi hər şeydən öncə öz xalqını, millətini, onun qayğılarını düşünürdü.
30 mart 2023-cü il tarixində cənab Prezidentin 2074 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Həmin Fərmanla müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Sözügedən Fərmanla Agentliyin yaradılması əhalidə böyük ümidlər yaratdı. “Azərsu”nun “inkişaf etdirdiyi” ölkənin su təchizatı sistemini təkmilləşdirəcəyi xəyalları quran Bakı əhalisi bugün xəyallarının düşəcəyi suyu belə tapa bilmir.
Agentliyin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ictimaiyyətə açıqlamasında:
Avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz – Qəbələ xəttində təmir-bərpa işləri aparılır. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər aparılır.İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.Oğuz – Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır. – deyə qeyd edib.
Yəqin bunun səbəbi Agentliyin sədri Zaur Mikayılovun öz qudalarını “şəxsi Agentliyində” başına yığıb sonra isə ictimai qınaq səbəbindən uzaqlaşdırmaqdan ölkənin su sistemini təkmilləşdirməyə vaxtının olmamasıdır. Gərək ictimai qınağı “dayandıraq” ki, “müəllim” qudalarını, digər qohumlarını başına yığıb, əl-ələ verib ölkənin su sistemini təkmilləşdirməklə, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəlməklə məşğul ola bilsin.
2021-ci ilin əvvəlinə olan məlumata görə, yalnız qeydiyyatda olmaqla,
Binəqədi – 268,4 min nəfər;
Yasamal – 249,3 min;
Sabunçu – 247,2 min nəfər;
Nəsimi – 222,6 min nəfər;
Suraxanı – 222 min nəfər;
Xəzər – 168,4 min nəfər;
Səbail – 102,6 min nəfər;
Pirallahı – 20,6 min nəfər yaşayır ki, bu da ümumilikdə 1279,1 min (bir milyon iki yüz yetmiş doqquz min yüz) nəfər edir. Əhalinin artım tempini və qeydiyyatsız yaşayanları nəzərə alsaq, bu say 2 milyona qədər gəlib çıxır.
Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində çıxışı zamanı:
“Bakını içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri artıq istismara verilmişdir və bu kəmərin fəaliyyəti nəticəsində su ilə təchizat xeyli dərəcədə yaxşılaşdırılmışdır. Bakı qəsəbələrində bu layihə icra edilir və bəzi qəsəbələrdə artıq 24 saat fasiləsiz su verilir. Eyni yanaşma bölgələrdə də tətbiq edilir. Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin. “
Təəssüf hissi ilə bildirməliyik ki, baş verənlər göstərir ki, “Azərsu”nu əvəz etməyə çalışan yeni qurum da ölkə rəhbərinin etimadını doğrulda bilməyərək, qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələ bilmir.
Rəhmətlik Mirzə Cəlil demişkən:
“Haman göl, haman qurbağa”
QARŞI TƏRƏFİN MÖVQEYİNİ İŞIQLANDIRMAĞA HƏR ZAMAN HAZIRIQ…