“Mədəniyyətlərarası dialoq: humanist dəyərlər”- TƏQDİMAT
Sentyabrın 5-də Bakı Kitab Mərkəzi, “Çaşıoğlu” nəşriyyatı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Azərbaycan, Litva, Almaniya, Çexiya, Böyük Britaniya və Türkiyədən gənc və təcrübəli müəlliflərin 11 hekayəsindən ibarət almanaxın təqdimatı keçirilib. Bu əsərlər humanizm və ümumbəşəri dəyərlər mövzularına həsr olunub.
“İNFONEWS” xəbər verir ki, kitab Səbinə Zülalova və Ülviyyə Axundova tərəfindən təsis edilmiş “Smart Community” beynəlxalq intellektual platformasının 2022-ci ildə təşkil etdiyi “Sevgi haqqında 5 səhifə” ədəbi müsabiqəsi çərçivəsində üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunub. Platformanın məqsədi müxtəlif yaradıcı istiqamətlərin nümayəndələri üçün mühazirələr, ustad dərsləri, kiçik festivallar və yaradıcı görüşlər vasitəsilə ünsiyyət, təcrübə mübadiləsi və inkişaf üçün platforma yaratmaqdır.
Təqdimat zamanı almanaxa daxil olan müəlliflərin hekayələri dinlənilib ki, bu da tədbirin qonaqlarına onların yaradıcılığı ilə daha yaxından tanış olmaq və əsərlərdə təqdim olunan ideyalara nüfuz etmək imkanı verib.
Nəşr Azərbaycanın on tanınmış rəssamı tərəfindən tərtib edilib və onun tərkibinə Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, şairə və “Söz” layihəsinin müəllifi Nigar Həsənzadə və “Ali & Nino” mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərlinin daxil olduqları münsiflər heyəti tərəfindən seçilmiş mətnlər daxildir.
Almanaxın müəllifləri Leyla Bəyim, Anara Axundova, Valdas Papievis, Məryəm İsmayılova, Erika Noy, Nurcan Ören, Əsmər Bayramova, Aleksandra Şlyaxtina, Günel Behbudovadır.
Rəssamlar İrina Eldarova, Müseyib Əmirov, Mehriban Şəmsədinskaya, Sayalı Məmmədova, Nazim Yunus, Nigar Nərimanbəyova, Nazim Məmmədov, Orxan Qarayev, Leyla Ağamalova, Zöhrab Salamzadədir.
Layihənin ideya müəllifləri və kuratorları almanaxa hekayələri də daxil edilən Yazıçılar Birliyinin üzvləri Ülviyyə Axundova və Səbinə Zülalovadır.
Layihə “Shams Translation”, “Fernando & Rafael”, “Grand Tourismo”, “Terra Leone”, “Aqua Vita” şirkətləri və “Soloha” restoranının dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev layihə ilə bağlı təəssüratlarını bölüşüb, onun əhəmiyyətini vurğulayıb: “Bu layihənin böyük əhəmiyyəti var, çünki burada dünyanın müxtəlif yerlərindən gənc istedadlar toplaşıb. Müəlliflər arasında ingilis, rus və Azərbaycan dillərindən tərcümə edənlərin olduğunu görmək xüsusilə xoşdur. Layihə həm dünyaya açıq olduğumuzu, həm də beynəlxalq ictimaiyyətin ədəbiyyatımıza cəlb edilməsini nümayiş etdirir. Mən həmişə inanmışam ki, bizdə çoxlu istedadlı insanlar var, lakin dünyanın hər yerindən əsərlər almaq çox müsbət haldır”.
“Smart Community” təşkilatının təsisçilərindən biri olan Səbinə Zülalova AZƏR-ın müxbirinə platformanın yaradılması ideyasının necə meydana gəldiyini deyib: “Ülviyyə Axundova ilə mən sənətə dəstək və özəl ədəbiyyat layihələri üzərində işləmiş uzunmüddətli təcrübəmizdən sonra “Smart Community”ni yaratdıq. Birlikdə daha çox şeyə nail ola biləcəyimizi anlayaraq, səylərimizi birləşdirməyə qərar verdik. Məqsədimiz təkcə müəlliflərə və rəssamlara özlərini ifadə etmək imkanı vermək deyil, həm də onların həmfikirlərini tapmaq, təcrübə mübadiləsi apara biləcəkləri məkan yaratmaqdır”.
“Smart Community”nin həmtəsisçisi və layihə kuratoru Ülviyyə Axundova da fikirlərini bölüşüb: “Əsas çətinliklərdən biri müəlliflərin yazdıqları dillərin fərqli olması idi. Müxtəlif ölkələrdən olan iştirakçıların əsərləri ilə işləmişik və onların hər biri öz ana dilində yazıblar. Tərcümə ciddi problemə çevrildi – təkcə mənanı deyil, həm də müəlliflərin üslubunu çatdırmaq vacib idi. Bu işdə bizə tam həvəslə işləyən bir çox tərcüməçilər və redaktorlar kömək etdilər. Sevinirik ki, yazıçı və sənət adamlarının bu birgə işi alındı və hər bir müəllifin yaradıcılıq fərdiliyini qoruyub saxlayaraq, onun ruhunu əks etdirə bildi”.