SÖZ AZADLIĞININ İŞIĞI
İnsanlar dünyaya gələndən sonra onlar sözü, danışmağı, ünsiyyət vasitəsini əsas dəyər kimi qiymətləndiriblər. Heç şübhəsiz, sözün və ünsiyyətin yerini heç bir başqa vasitələr verə bilməz. Ən azından ona görə ki, söz var ki sülh yaradar, əmin-amanlığı bərpa edər, insanları bir-birinə birləşdirər, söz də var ki, bir ölkənin altın üstünə çevirər, məmləkətləri bir-birinə düşmən edər. Bir sözlə, fitnə-fəsad yaradar, ev yıxar və bununla da insanların həyatında çox ağır, çox çətin məqamlar başlanar.
“İNFONEWS” “adalet.az” – a istinadən təqdim edir.
Tarixən sözə çox önəm və qüvvət veriblər. Yəni sözün gücünü, qüdrətini və yerini biliblər. Ölkəmizdə də həmişə söz, mətbuat, fikir plüralizmi və düşüncə azadlığına xüsusi diqqət yetirilib. Düzdür, Sovet dönəmində də az-çox demokratik prinsiplər var idi, amma bu çox məhdud və qısa bir formada idi. Çünki Sovet dönəminin özünün sərt, ciddi bir rejimi vardı. Belə ki, bütün mətbuat orqanlarında gedən materiallar senzura tərəfindən yoxlanılır, araşdırılır, dəqiqləşdirilir və bundan sonra möhür vuraraq həmin materialların qəzetdə və televiziya kanallarında getməsinə icazə verilərdi. Bu isə təbii ki, birmənalı qarşılanmırdı.
Biz həmin dövrdə çoxtirajlı qəzetlərin birində çalışırdıq və həmin qəzeti biz oxuyub hazırlayandan sonra müəssisənin partiya komitəsinin katibi diqqətlə oxuyar, hər şeyi dəqiqləşdirər, adi bir sözə görə bizə iradını bildirər, «yazdığınız fikir rejimin tələblərinə uyğun deyildir» deyib bizə iradını bildirər, hətta raykomun birinci katibi ilə hədələyərdi. Elə bir neçə dəfə bizim işlədiyimiz qəzet raykomun bürosunda müzakirəyə çıxarılmışdı, bir neçə ədalətli və vicdanlı insanların hesabına bizə töhmət verilmədi. Dedilər ki, həmin yazılarda dövlətin əleyhinə elə bir şey getməyib. Sadəcə olaraq, qəzeti çapa hazırlayanlar bir balaca siyasi cəhətdən təcrübəsiz olublar və xırda bir xətaya yol veriblər.
Bax, Sovet dönəmində mətbuatda vəziyyət bu durumdaydı. Elə ki müstəqillik qazandıq, bundan sonra Azərbaycan mətbuatında da demokratik prinsiplərə, söz, mətbuat azadlığına, fikir plüralizminə və düşüncə sərbəstliyinə münbit şərait yaradıldı. Əlbəttə, Azərbaycan mətbuatında belə bir şəffaf mühitin və durumun yaradılması ilk növbədə yazarlar və cəmiyyət üçün əlverişli imkanlar yaratdı. Bu isə o deməkdir ki, artıq Azərbaycanda Sovet rejiminin mətbuatla bağlı qadağaları aradan qaldırılmış, senzura ləğv edilmiş və insanlar azad şəkildə müxtəlif mətbuat orqanlarında öz fikir və düşüncələrini ifadə etmək gücünə malik oldular.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ölkəmizdə demokratiyanın, hüquqi dövlətin və dünyəvi dəyərlərin daha da inkişafına yeni bir sağlam mühit yaratdı. Bu sağlam mühit ondan ibarət idi ki, kimliyindən asılı olmayaraq ölkəmizdə və cəmiyyətimizdə insanlar azad şəkildə öz fikirlərini ifadə etməyə başladılar. İstər mətbuat orqanlarında, istər televiziyalarda, istərsə də saytlarda yeni bir ab-hava yarandı. Bu ab-havanın yaranması onu deməyə əsas verirdi ki, ölkə müstəqillik dövrünə qədəm qoyandan sonra söz, mətbuat və fikir azadlığına «yaşıl işıq» yandırıldı. Heç şübhəsiz bu yaşıl işığın yandırılması cəmiyyətin rahat nəfəs almasına, insanların öz fikirlərini azad şəkildə ifadə etməsinə çox əlverişli bir təkan verdi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi dövründə sözün həqiqi mənasında Azərbaycan mətbuatı can verirdi. Çünki əksər müxalifət və müstəqil mətbuat maddi cəhətdən böyük çətinliklərlə üzləşirdi. Onların «Azərbaycan» nəşriyyatına böyük məbləğdə borcları vardı və bu borca görə də artıq bir neçə mətbuat orqanı çapını dayandırmalıydı. Amma Heydər Əliyev mövcud vəziyyəti söz yüksək dəyərləndirdi, çox sayda mətbuat orqanının «Azərbaycan» nəşriyyatına olan borcunun ləğv edilməsi ilə bağlı göstəriş verdi.
Aydındır ki, bu cür humanist addımlar nəticəsində iqtisadi cəhətdən çətinliklər yaşayan qəzetlərə yeni bir nəfəs verildi. Əgər bu yeni nəfəs olmasaydı, heç şübhəsiz, onlarla ictimai rəyə təsir edən və cəmiyyətin yüksək hörmət bəslədiyi mətbuat orqanları nəşrini dayandıracaqdı. Bununla yanaşı, Azərbaycan mətbuatında yeni bir mühit, yeni bir ruh yarandı. Bu da ondan ibarət idi ki, müxtəlif qəzetlərdə artıq heç bir senzuraya məruz qalmayan demokratik, orijinal və cəmiyyətə yeni mesajlar ötürən məqalələr çap olunurdu. Bu məqalələrin hər birində fikir plüralizmi, düşüncə sərbəstliyi və ən nəhayət, insanlarla səmimi bir dildə danışmaq, ünsiyyət yaratmaq elementləri var idi. Heç şübhəsiz, oxucular mətbuatı izləyəndə, televiziyaya baxanda, saytlara göz gəzdirəndə bu yenilikləri hiss edirdilər.
Azərbaycanda demokratiya, söz azadlığı və fikir plüralizmi prezident İlham Əliyevin iyirmi illik hakimiyyəti dövründə daha geniş vüsət aldı. Ulu Öndər Heydər Əliyevdən sonra prezident İlham Əliyev maddi çətinliklər içində olan 30-a yaxın mətbuata vəsait ayırdı. Bu vəsait ildə iki dəfə həmin mətbuat orqanlarının hesabına köçürüldü. Əgər bu vəsait olmasaydı, indiki çətin iqtisadi durumda həmin qəzetlər çapını dayandırardı. Azərbaycan mətbuatına İlham Əliyevin böyük diqqət və qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə çoxlu sayda demokratik dəyərlərə söykənən çap mətbuatı var və bu mətbuat ölkəmizdə dövlətçiliyin möhkəmlənməsinə, demokratiya və söz azadlığının genişlənməsinə, fikir plüralizminin vüsət almasına, düşüncə sərbəstliyinə təkan verir. Üstəlik də bir neçə dəfə Azərbaycan prezidenti «Jurnalistlərin dostu» mükafatına layiq görülüb. Tam səmimi deyirik, əgər bu dostluq olmasaydı bu gün ictimai rəyə təsir edən və xalq tərəfindən sevilən qəzetlərin hamısı çapını dayandırmışdı.
Əlbəttə, jurnalistlərin belə sağlam mühitdə işləməsi, fəaliyyət göstərməsi onların sərbəstliyinə və istədiyi vəziyyətdə işləməsinə çox əlverişli mühit yaradır. Bu mühitin olması isə ona dəlalət edir ki, Azərbaycanda demokratik ənənələr inkişaf edəcək, söz, mətbuat azadlığı gündən-günə çiçəklənəcək, fikir plüralizmi və düşüncə sərbəstliyi yeni bir mərhələyə qədəm qoyacaqdır.
Emil FAİQOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.