ARTİ və BMU-nun birgə əməkdaşlığı ilə dəyirmi masa təşkil olunub – COP29
COP29 çərçivəsində 17 oktyabrda Təhsil İnstitutu və Bakı Mühəndislik Universitetinin birgə əməkdaşlığı ilə “COP29 ekoloji və sosial-iqtisadi davamlılığın təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib.
“İNFONEWS” – un İnstitutdan əldə etdiyi məlumatına görə, tədbirin moderatoru ARTİ-nin şöbə müdiri, dosent Aynur Paşayeva bu il respublikamızda prezident İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlər, o cümlədən, “yaşıl gələcək” naminə daim səfərbər olan Azərbaycanın COP29-a ev sahibliyinin iqtisadi, siyasi, elmi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkəmizin iqtisadi davamlılığının təminatına yönələn ciddi addımlardır.
BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva “COP29: Azərbaycan üçün yeni ekoloji, sosial perspektivlər və imkanlar” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, son 21 ildə Prezident cənab İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən əsas istiqamətlərdən biri məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır. O, məruzəsində Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi ilə yanaşı, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətinin başlıca istiqaməti kimi yaşıl enerjinin istehsalı və ixracında Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsinin bərpaolunan enerji potensialını xüsusi diqqətə çatdırıb.
ARTİ əməkdaşı Məhəbbət Paşayeva isə “COP29-un Azərbaycan üçün əhəmiyyəti və iqlim dəyişmələri ilə mübarizənin həlli yolları” mövzusunda çıxış edərək iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsinə toxunub və iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən bəhs edib.
Dəyirmi masada Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova “Müasir Akademik kitabxanalarda “Yaşıl Kitabxana” konsepsiyası” mövzusunda çıxış edərək, kitabxananın ölkə daxilində və xaricində baş verən ən mühüm hadisələrdə, siyasi, iqtisadi, mədəni, sosial, istənilər sahələrdə fəal iştirakı, aktual layihələrlə qatılması, gənclərin həyatında aparıcı rol oynamasından danışıb. Hazırda davam edən “Yaşıl Kitabxana” layihəsi barədə məlumat verib, layihə çərçivəsində dünyanın ekoloji təmiz, xüsusi qaydalarla yaradılmış və məqsədli xidmətləri ilə seçilən kitabxanaları, “Yaşıl kitabxana hərəkatları”, eləcə də insan sağlamlığına təsir edən, ciddi fəsadlar yarada bilən nəşrlər barədə araşdırmaları cəmiyyətin diqqətinə çatdırmaq kimi işlərdən danışıb. Sonda tədbir iştirakçılarına KİM-in təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgisi təqdim edilib.
Tədbir boyu tələbələrlə aktiv diskussiya aparılaraq onların ekoloji məsələlərə yanaşması ilə bağlı fikirləri dinlənilib, onların yaşıl enerji ilə bağlı startap layihələrinin aktuallığı, bu istiqamətdə araşdırmaları maraqla qarşılanıb.