İlon Mask Ağ Evdə gecələdiyini bildirib

İlon Mask Ağ Evdə gecələdiyini bildirib

Biznesmen və Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ağ Evdə gecələdiyini bildirib.

“İNFONEWS” xəbər verir ki, bu barədə “Fox Business” jurnalisti Çarlz Qasparino X sosial şəbəkəsində məlumat verib. Sahibkar televiziya kanalına müsahibə verib.

Jurnalistin sözlərinə görə, Mask növbəti dörd ayını DOGE-də işləməyə sərf etməyi planlaşdırır. Departament rəhbərinin planlarına ABŞ büdcəsini 2 trilyon dollar azaltmaq daxildir ki, bu da inflyasiyanı 2% səviyyəsinə endirəcək, deyə o əlavə edib.

Mask hələ ABŞ prezidenti Donald Trampın inauqurasiyasından əvvəl federal xərcləri 2 trilyon dollar azaltmaq istədiyini bildirmiş və məmurlar arasında ixtisarların bəzi amerikalılar üçün “müvəqqəti çətinliklər” yaradacağını etiraf etmişdi. O, həmçinin ABŞ hakimiyyətinin dövlət borcu ilə bağlı siyasətini dəyişmədiyi təqdirdə ölkənin faktiki olaraq iflas edə biləcəyini demişdi.

Biznesmen ABŞ-ın NATO üzrə Avropa müttəfiqlərinin müdafiə xərclərinə çəkdiyi vəsaiti də tənqid edib. “Niyə Amerika vergi ödəyiciləri Avropanın müdafiə xərclərinin dörddəbirini maliyyələşdirməlidir? Bu, mənasızdır, xüsusilə də bizim böyük büdcə kəsirimiz və dözülməz borc artımımız olduğu bir vaxtda,” – deyə o bildirib.

Mask, həmçinin, KİV-lərə ayrılan xərcləri “vergi ödəyicilərinin vəsaitlərinin səmərəsiz istifadəsi” adlandırıb. Ağ Ev bildirib ki, DOGE Politico nəşrinin maliyyələşdirilməsinin ləğvi üzərində işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir