Özünün dəfn mərasimində “dirildi”, uşaq kimi davranmağa başladı
Bu ilin fevral ayı başlayar-başlamaz dünyanın müxtəlif ölkələrində “ölülərin dirildiyi” haqqında məlumatlar yayılıb.
“İNFONEWS” xarici KİV-ə istinadən xəbər verir ki, Taylandın Buriram əyalətində 85 yaşlı Fua Şripxadunq (Phua Sriphadung) öz dəfn mərasimində “dirilib”.
Qadın ölü elan edildikdən 40 dəqiqə sonra ayılıb. Qohumları hesab edirlər ki, o, “yaxşı karmasına görə” ölümdən qayıdıb. Fua Şripxadunq məbədədə dini ayinlərin keçirilməsi üçün cəsədin daşınmasına hazırlıq zamanı ayılıb.
Hadisə fevralın 5-i axşam baş verib. Qohumları Fua Şripxadunqu huşsuz vəziyyətdə taparaq onun öldüyünü düşünüblər. Onlar cəsədin daşınması üçün xilasetmə xidmətinə müraciət ediblər. Lakin təxminən 40 dəqiqə sonra qadın qəfil oturaraq qohumlarını və qonşularını təəccübləndirib. Hadisədən sonra Fua Şripxadunqun davranışı dəyişib, o, uşaq kimi davranmağa başlayıb: qucaqda gəzdirilmək və şirniyyatlarla bəslənmək istəyir. Həmçinin, rahib Phra Acaran Laosak Varasapho Fua Şripxadunqun nə qədər kiçik olmasına təəccüblənib. Yaşlı qadının boyu 112 sm, çəkisi isə cəmi 15 kq-dır. Ruhani onun ümumilikdə şüurlu davrandığını, lakin hərəkətlərinin uşaq davranışına bənzədiyini etiraf edib.
Daha bir xəbərə görə, öz dəfn mərasimi zamanı 80 yaşlı Halit Bayşu Cənazə namazına hazırlıq zamanı ayılıb. Hadisə Türkiyədə baş verib. Dəfndə iştirak edənlər tabutdan səslər gəldiyini eşidib və dərhal həkimləri çağırıblar. Tabut açıldıqda Halit Bayşunun nəbzinin döyündüyü məlum olub. Onu xəstəxanaya çatdırsalar da, orada tezliklə vəfat edib.
Oxşar hadisə İndoneziyada da baş verib: dəfnə hazırlıq zamanı 12 yaşlı Siti “dirilib”. Qız diabet və daxili orqanların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Onu oksigen aparatına qoşublar, lakin xilas etmək mümkün olmayıb — təəssüf ki, qızcığaz bir saat sonra vəfat edib.
Mümkündür ki, qızın “dirilməsi” qəfil qan dövranının bərpası (Lazar sindromu) ilə bağlı olub. Bu, bəzən ürək çatışmazlığından ölüm zamanı və ya reanimasiyadan sonra ölüm elan edildikdən təxminən on dəqiqə sonra baş verə bilər. Lazar sindromu zamanı ürək fəaliyyəti bərpa oluna bilər: insan nəfəs almağa, öskürməyə, bəzən hətta hərəkət etməyə başlayır. Lakin bəzi hallarda “həyata qayıdanlar” qan dövranı bərpa edildikdən sonra yenidən vəfat edirlər.