“UNEC-95” həsr olunmuş növbəti kitab – “Akademik yazı”

“UNEC-95” həsr olunmuş növbəti kitab – “Akademik yazı”

 

UNEC – in 95 illik yubileyinə həsr edilmiş İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların VII Beynəlxalq Elmi konfransı (ISCEMR-2025) çərçivəsində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müəllimləri tərəfindən hazırlanmış akademik yazı bacarıqlarını sistemləşdirən və təkmilləşdirən bir əsəri “Akademik yazı” kitabını geniş oxucu kütləsinə təqdim etdik.

“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unversitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “Biznesin idarə edilməsi”, “Menecment”, “Marketinq”, “Dövlət və Bələdiyyə idarə edilməsi” ixtisasları üzrə  üzrə proqram rəhbəri, “İqtisadi və texnoloji elmlər” kafedrasının müdir müavini, i.f.d., dosent Samirə Şamxalova iyunun 12-də baş tutmuş VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) çərçivəsində təqdim edilən kitab sərgisində söyləyib.

Dosent Samirə Şamxalova “Niyə məhz “Akademik yazı ” kitabı?” sualını, “Çünki bu gün sürətlə inkişaf edən informasiya axını, rəqəmsal transformasiyalar və süni intellektin elmi proseslərə inteqrasiyası akademik yazının rolunu daha da artırıb”, – deyə cavablandırıb.
“Tədqiqatçıların elmi biliklərini cəmiyyətə çatdırılması, ideyalarının yayılması və tədqiqat nəticələrinin obyektiv qiymətləndirilməsi üçün aydın, sistemli və əsaslandırılmış yazı tələb olunur. Məhz bu ehtiyacdan yola çıxaraq, magistrantların, doktorantların və gənc tədqiqatçıların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, onlara fikirlərini elmi üslubda ifadə etmək vərdişləri aşılamaq üçün bu kitabı hazırladıq. Düşünürük ki. kitab, eyni zamanda, ali təhsil müəssisələrində akademik yazı dərslərini tədris edən müəllimlər üçün də dəyərli bir metodiki bələdçi rolunu oynayacaqdır. Çünki “Akademik yazı” kitabı nəzəri çərçivədən praktik mərhələlərə keçidlə, yazı prosesinin bütün vacib komponentlərini əhatə edir.”, – Samirə xanım qeyd edib.

Həmçinin, dosent kitabın  10 bölmədən ibarət olduğunu deyərək, hər bölmə haqqında qısa məlumatı təqdim edib.
Bölmə 1: Akademik yazının bütövlüyü, əsas prinsipləri və modelləri – Burada yazının konseptual əsasları, müasir müzakirə formaları və ümumi struktur modelləri təqdim olunur.
Bölmə 2: Akademik yazının əsas xüsusiyyətləri və digər yazı növlərindən fərqləri – Elmi yazının spesifik üslub xüsusiyyətləri və elmi dilin tələbləri geniş şəkildə şərh edilir.
Bölmə 3: Akademik yazıda arqumentasiya və tənqidi təfəkkür – Məntiqi sübut, arqumentin qurulması, müqayisə və təhlil strategiyaları, elmi debatların forması və funksiyası izah olunur.
Bölmə 4: Akademik yazıda mənbə və ədəbiyyatların istifadəsi qaydaları – Elmi ədəbiyyatın axtarışı və seçilməsi məsələlərinə yer verilir.
Bölmə 5: Elmi əsərlərdə giriş, nəticə və xülasə hissələrinin yazılması – Mövzunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, metodları və nəticələrinin təqdim olunması qaydaları müzakirə edilir.
Bölmə 6: Elmi məqalənin yazılması qaydası – Elmi məqalənin beynəlxalq formatlara uyğun qurulması və tezis-arqument inteqrasiyasına fokuslanır.
Bölmə 7: Elmi əsərlərin qiymətləndirilməsi – Beynəlxalq və yerli meyarlar əsasında elmi işlərin keyfiyyətini anlamağa kömək edir.
Bölmə 8: Akademik yazıda etik dəyərlər – Plagiat, müəlliflik hüquqları, dürüstlük və istinadların əhəmiyyəti kimi etik məqamlara xüsusi diqqət yetirir.
Bölmə 9: Beynəlxalq elmi jurnallarda məqalə nəşr etdirmənin əsas şərtləri – Web of Science, Scopus kimi nüfuzlu bazalarda indekslənən dərgilərdə nəşr imkanları və prosesləri haqqında ətraflı məlumat verir.
Bölmə 10: Akademik yazıda süni intellektdən istifadə: mövcud trendlər və gələcək inkişaf istiqamətləri – Süni intellektin tədqiqat və yazıdakı roluna, etik dilemmalara və gələcək perspektivlərə elmi yanaşmalar təqdim edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir