“UNEC-95” həsr olunmuş daha bir kitab– “Dairəvi İqtisadiyyat”

“UNEC-95” həsr olunmuş daha bir kitab– “Dairəvi İqtisadiyyat”

 

Müasir iqtisadiyyatın prioritet istiqamətlərindən olan “Dairəvi iqtisadiyyat” mövzusuna əhatə edən bu kitab Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransı çərçivəsində nəşr olunub.

“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unversitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat”, “Statistika” və “Sənayenin təşkili və idarə olunması” ixtisasları üzrə proqram rəhbəri, “İqtisadi və Texnoloji Elmlər” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Səkinə Babaşova iyunun 12-də baş tutmuş VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) çərçivəsində təqdim edilən kitab sərgisində söyləyib.

“Məlumdur ki, illərdir dünyada “istehsal et, istifadə et, at” prinsipi üstünlük təşkil edir. Lakin bu ənənəvi model artıq nə təbiət, nə də iqtisadi sistem üçün dayanıqlı deyil. Resursların sürətlə tükənməsi, tullantıların artması və ətraf mühitin çirklənməsi davamlı inkişafa ciddi təhdid yaradır. Dairəvi iqtisadiyyat isə bu çağırışlara cavab verən alternativ yanaşmadır. O, “istifadə et, yenilə, təkrar istehsal et” prinsiplərinə əsaslanaraq, resurslardan ağıllı və effektiv istifadəni, tullantıların minimuma endirilməsini və dəyərin sistem daxilində mümkün qədər uzun müddət qorunub saxlanılmasını hədəfləyir. Bu model təbiəti qorumaqla yanaşı, iqtisadi fayda yaratmağı da mümkün edir.

Bu cəhətdən tərəfimizdən ərsəyə gələn “Dairəvi iqtisadiyyat” kitabında mövzu həm nəzəri, həm də praktik aspektdən araşdırılmış, beynəlxalq təcrübələr, uğurlu ölkə modelləri və Azərbaycan üçün tövsiyələr təqdim edilib”, – Səkinə Babaşova qeyd edib.

Həmçinin, Səkinə xanım nəşrin ümumilikdə 9 əsas bölmədən ibarət olduğunu, dairəvi iqtisadiyyatın konseptual əsasları ilə yanaşı, resursların idarə olunması, eko-innovasiyalar, iqlim dəyişikliyi, məhsulun xidmətə çevrilməsi, təkrar emal mexanizmləri, sosial ədalət və inklüzivlik, eləcə də qlobal siyasətlərin təsiri geniş şəkildə təhlil edildiyini vurğulayıb, kitabın yalnız tələbələr və tədqiqatçılar üçün deyil, eyni zamanda dövlət siyasətini formalaşdıran mütəxəssislər üçün də faydalı olacağına və ölkəmizdə davamlı və ağıllı iqtisadiyyatın formalaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir