“Rəqəmsal dövrdə universitet kitabxanalarının rolu yenidən formalaşır”
Rəqəmsal transformasiya şəraitində ali təhsil müəssisələrinin akademik və universitet kitabxanaları dərin struktur və funksional dəyişikliklər mərhələsini yaşayır. Kitabxanaların inkişafında ən aktual istiqamətlərdən biri informasiya resurslarının idarə olunması və kitabxana xidmətləri proseslərinə rəqəmsal texnologiyaların inteqrasiyasıdır. Müasir kitabxanalar təkcə biliklərin saxlanıldığı məkanlar olmaqdan çıxaraq, universitetlərin elmi, tədris və tədqiqat fəaliyyətini dəstəkləyən çoxfunksiyalı informasiya-təhsil mərkəzlərinə çevrilməkdədir.
“İNFONEWS” xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin Elmi kitabxanasının müdiri Əzizə Cəfərova “Rəqəmsal transformasiyaların müasir kitabxanaların inkişafında rolu” mövzusunda beynəlxalq seminarda çıxışı zamanı söyləyib.
“Hazırda BANM Elmi kitabxanasının qarşıya qoyduğu aktual vəzifələrdən biri də istifadəçilərin rəqəmsal səriştələrinin formalaşdırılması, informasiya savadlılığının və elmi məlumatlarla işləmə bacarıqlarının inkişaf etdirilməsidir. Bu kontekstdə kitabxanamız tələbə və tədqiqatçıların informasiyanın səmərəli axtarışı, qiymətləndirilməsi və istifadəsi üzrə fəaliyyətini daha da genişləndirməyi hədəfləyir. Həmçinin, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi, fərdiləşdirilmiş xidmətlərin təqdim edilməsi və kitabxana resurslarına çevik məsafədən çıxış imkanları üzərində də işlər aparılmaqdadır”, – deyə Əzizə Cəfərova əlavə edib.
Qeyd edək ki, dekabrın 16-da Bakı Ali Neft Məktəbində (BANM) “Rəqəmsal transformasiyaların müasir kitabxanaların inkişafında rolu” mövzusunda beynəlxalq seminar keçirilib.