“Koblandı-batır”dan “Koroğlu”ya: türk epik ənənəsində qəhrəmanlıq xətti

“Koblandı-batır”dan “Koroğlu”ya: türk epik ənənəsində qəhrəmanlıq xətti

“Koblandı-batır” qazax xalqının ən qədim qəhrəmanlıq dastanlarından biri kimi vətənə bağlılıq, igidlik, şücaət və doğma eli yadelli işğalçılardan qorumaq ideyasını tərənnüm edir.

“İNFONEWS” AZƏRTAC -ın “Türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsi” -nə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.

Onun sözlərinə görə, qazax qəhrəmanlıq dastanlarının ən qədim qatı VIII–X əsrlərə gedib çıxır və epik ənənənin formalaşmasında tayfaların etnik birləşməsi, köç prosesləri, tayfalararası vuruşlar, sonrakı dövrlərdə isə cunqar-kalmık yürüşləri kimi tarixi hadisələr mühüm rol oynayıb. “Koblandı-batır”ın müxtəlif variantlarının həcmi 6 min sətirdən 9 min sətirədək dəyişir; əsərin ilkin qeydə alınması XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərinə, tam variantın yazıya alınması isə XIX əsrin 90-cı illərinə təsadüf edir. Dastan 2017-ci ildə professor, türkoloq-tərcüməçi, ədəbiyyatşünas Nizami Məmmədov-Tağısoy tərəfindən Azərbaycan dilinə tərcümə olunub və bu nəşrdə əsərin yaranma tarixi, yayılma arealı, obrazlar sistemi və ümumi səciyyəsi barədə də geniş məlumat verilib.

Məhəmməd Məmmədov qeyd edib ki, dastan möcüzəli doğuluş motivi ilə başlayır: Toktar bəy və Analığın ahıl çağlarında Koblandı və bacısı Qarlıqanı dünyaya gətirməsi, qəhrəmanın sürətlə böyüməsi, hələ uşaq yaşlarından at çapmaq və sərrast atıcılığı öyrənməsi onun gələcək batır taleyinin başlanğıcı kimi təqdim olunur. Süjet xəttində əsas xətt qəhrəmanın şəxsi maraqları deyil, vətən və xalq amilidir: Koblandı qızılbaşlara və kalmıklara qarşı mübarizədə elin bütövlüyünü, əmin-amanlığını hər şeydən üstün tutur, döyüş səhnələri isə türk epik təfəkkürünə xas poetik mübaliğələrlə təsvir edilir. Əsərdə Koblandının Tayburıl adlı atı, eləcə də Bokenbay və Qaraman kimi döyüş yoldaşları xüsusi yer tutur; düşmən obrazları da (Qazan xan, Alşaqır, Kobikti və digərləri) fərdi cizgilərlə xarakterizə olunur.

Dosent vurğulayıb ki, dastanda sevgi xətti də qədim epik ənənənin motivləri ilə birləşir: qəhrəmanın yarışda qələbə əldə etməklə gözəl Qurtqanı öz doğma yurduna aparması, Kobikti xanın qızı Qarlıqanın sevgi uğrunda mübarizəsi, qəhrəmanı zindandan azad etməsi, əsir düşmüş igidə düşmən qızının kömək göstərməsi kimi motivlər türk dastan poetikasının ortaq qatlarını nümayiş etdirir. Eyni zamanda “Koblandı-batır” dini-mənəvi müraciətlər, müqəddəslər və peyğəmbər adları, “Qurani-Kərim”, ayələr, namaz və inanclarla bağlı məqamlarla zəngin olub xalqın mənəvi dünyagörüşünü də əks etdirir.

Məhəmməd Məmmədovun fikrincə, “Koblandı-batır” dastanı ilə “Koroğlu” dastanı arasında ciddi oxşarlıqlar var: hər iki əsər türk xalqlarının qəhrəmanlıq dastanları silsiləsinə daxildir və haqsızlığa, zülmə, ədalətsizliyə qarşı mübarizə əsas ideya xəttidir; qəhrəmanlar şəxsi mənafe üçün deyil, xalqın rifahı üçün döyüşürlər. Hər iki dastanda igidin gücünü tamamlayan məşhur at obrazı (“Koblandı-batır”da Tayburıl, “Koroğlu”da Qırat) mühüm simvoldur, həmçinin düşmən qızının qəhrəmana kömək etməsi motivi qədim epik ənənənin ortaq cəhəti kimi diqqəti çəkir. Açıqlamada bildirilib ki, hər iki dastan uzun müddət şifahi şəkildə ozan-aşıq və jırau ənənəsi ilə yaşadılıb, milli dəyərləri – birlik, igidlik, sədaqət və milli kimlik kimi anlayışları təbliğ edib, “ideal igid” modelini mərdlik və ədalət rəmzi kimi tanıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir