Merdinli məscidinin divarındakı kitabəni oxumaq mümkün olub
İşğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinə məruz qalmış tarixi abidələrimizdən biri də Füzuli rayonunun Merdinli kəndində yerləşən məsciddir. Məscid işğal dövründə böyük dağıntılara və təhqirlərə məruz qalıb. Sevindirici hal ondan ibarətdir ki, ibadət ocağının bəzi hissələri və üzərində ərəbcə yazılmış kitabəsi dövrümüzə gəlib çatıb.
“İNFONEWS” xəbər verir ki, bunu AMEA-nın Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir” şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev söyləyib.
“Merdinli kəndinə ziyarətimiz zamanı məscidin divarındakı kitabəni oxumaq mümkün oldu. Epiqrafik abidənin üzərinə “Tövbə” surəsinin 18-ci ayəsinin bir fraqmenti və abidənin inşa edildiyi tarix həkk olunub”, – deyə o bildirib.
Alimin sözlərinə görə, kitabədə əks olunan məlumata əsasən dini abidə 1912-ci ilin mart ayında inşa edilib.
Şöbə müdiri qeyd edib ki, abidəyə məxsus kitabə ermənilər tərəfindən vəhşiliyə məruz qalıb. Yazılı abidənin üzərində bir neçə mərmi və güllə izlərinə rast gəlmək mümkündür. Bundan əlavə, işğal dövründə kitabədə yazıları silmək məqsədilə bəzi hərflər pozulub və ya dağıdılıb.
“Lakin abidənin bir hissəsinin pozulmasına və ərazidə mina təhlükəsi olmasına rəğmən yazını oxuya bildik. Bu cür yazılı abidələri qorumaq olduqca vacib və Azərbaycan tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu növdən olan abidələr vasitəsilə dövrün mədəniyyəti, siyasi, dini, ictimai fikri, görkəmli şəxsləri, memar və xəttatları, eyni zamanda, memarlıq üslubu və digər məsələlər haqqında məlumatları əldə etmək olur. Bu isə öz növbəsində Azərbaycan tarixinin nə qədər rəngarəng və zəngin olduğunu sübut edir”, -deyə E.Mustafayev əlavə edib.

