Türk dillərinin elmi inteqrasiyasının təməl daşı- I Türkoloji Qurultay

Türk dillərinin elmi inteqrasiyasının təməl daşı- I Türkoloji Qurultay

“İNFONEWS” xəbər verir ki, AZƏRTAC-da Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Arzu Abdulzadə təqdim edir.

I Türkoloji Qurultay kontekstində Türk dilləri

Türk dilləri dünya dil ailələri arasında geniş yayılma arealı, qədim yazılı ənənəsi və zəngin dialekt sistemi ilə seçilən böyük bir dil qrupudur. Bu dillərin elmi əsaslarla müqayisəli şəkildə öyrənilməsi XX əsrin əvvəllərində türkoloji tədqiqatların əsas istiqamətlərindən birinə çevrilib. 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının dil, mədəniyyət və elmi əsaslar üzərində inteqrasiyasına yönəlmiş ilk sistemli təşəbbüs kimi xüsusi əhəmiyyət kəsb edir.

Müasir türk dilləri həm ortaq struktur xüsusiyyətlərini qorumaqda davam edir, həm də yeni sosial-mədəni proseslərin təsiri ilə yenilənir. Qloballaşma, informasiya texnologiyaları və regional inteqrasiya dillərin inkişaf dinamikasına təsir göstərir. I Türkoloji Qurultayda türk dillərinin bu dəyişən şəraitdə ortaq elmi prinsiplər əsasında inkişaf etdirilməsi, türk xalqları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.

Türk dillərinin müqayisəli təhlili onların ümumi mənşəyə bağlılığını, lakin zaman və məkan amilləri nəticəsində müxtəlif istiqamətlərdə inkişaf etdiyini göstərir. Qurultay çərçivəsində aparılan müzakirələr türk dillərinin genetik yaxınlığının elmi əsaslarla sübut edilməsinə və bu yaxınlığın türk xalqlarının inteqrasiyasında aparıcı rol oynamasına yönəlib. Bu dillər aqlütinativ quruluşa, ahəng qanununa əsaslanan fonetik sistemə və oxşar qrammatik prinsiplərə malikdir.

Onun fikrincə, fonetik səviyyədə sait harmoniyası türk dillərinin ortaq xüsusiyyəti kimi çıxış edir. Azərbaycan, türk, türkmən və qırğız dillərində ahəng qanununun sabitliyi, Qıpçaq və Karluk qruplarında müşahidə edilən fərqlər dillərin tarixi inkişafının nəticəsi kimi dəyərləndirilib. Qurultayda bu fərqlər türk xalqlarını ayıran deyil, onların ümumi dil kökünü təsdiqləyən xüsusiyyətlər kimi təqdim olunub.

Morfoloji baxımdan bütün türk dillərinin aqlütinativ olması, ismin hallanma sistemi və fel şəkilçilərinin funksional oxşarlığı türk dillərinin vahid dil sisteminə mənsub olduğunu göstərir. Bu morfoloji ümumiliklər I Türkoloji Qurultayda türk xalqları arasında elmi və mədəni inteqrasiyanın dil əsasları kimi qiymətləndirilib.

Sintaktik baxımdan türk dillərində əsas söz sırasının oxşarlığı, köməkçi fellərin və feili bağlamaların geniş istifadəsi də ortaq dil təfəkkürünün göstəricisi hesab edilib. Bununla yanaşı, hər bir dilin öz sintaktik inkişaf xüsusiyyətlərinin olması inteqrasiya prosesinin vahidliklə yanaşı, çoxşaxəliliyi də ehtiva etdiyini göstərir.

Leksik səviyyədə qədim türk sözlərinin bütün dillərdə qorunması türk xalqları arasında tarixi-mədəni birliyin ən mühüm sübutlarından biridir. Eyni zamanda, müxtəlif dillərdən alınmalar regional fərqləri formalaşdırıb. I Türkoloji Qurultayda ortaq leksik fondun qorunması və sistemləşdirilməsi türk xalqlarının mədəni inteqrasiyasının əsas vasitələrindən biri kimi irəli sürülüb.

I Türkoloji Qurultay türk dillərinin müqayisəli öyrənilməsini elmi əsaslara bağlamaqla yanaşı, türk xalqlarının dil, mədəniyyət və elmi əməkdaşlıq zəminində inteqrasiyasının ideoloji və metodoloji əsaslarını formalaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir