Qılıncla qələmin kəsişdiyi zirvə: İLK DÖVLƏT KİTABXANA FƏRMANI

Qılıncla qələmin kəsişdiyi zirvə: İLK DÖVLƏT KİTABXANA FƏRMANI

“İNFONEWS” təqdim edir:

Qılıncla qələmin kəsişdiyi zirvə: Tarixin ilk DÖVLƏT KİTABXANA FƏRMANI

Gündəmimizdən tarixə nəzər salanda XVI əsrin əvvəllərində Şərq dünyası görünməmiş bir hərbi və siyasi silkələnmə yaşadığını görərik. Cəmi 14 yaşında Təbrizdə taxta çıxan, alov rəngli saçları və solaxay qılıncı ilə imperiyalar devirən gənc şah — İsmayıl Səfəvi, tarix səhnəsinə təkcə yeni bir dövlət gətirmirdi. O, həm də dünya incəsənətinin gedişatını həmişəlik dəyişəcək unikal bir mədəniyyət inqilabının təməlini qoyurdu. Bu inqilabın ürəyi isə Təbrizin mərkəzində qurulan və Şərqin intibah mərkəzi sayılan “Kitabxana-yi Şahi” (Şah Kitabxanası) idi.

Ancaq bura bizim bu gün bildiyimiz, səssizcə kitab rəflərinin arasında gəzişdiyimiz adi bir kitabxana deyildi. Bura dünyanın ən parlaq zəkalarının, vizioner rəssamlarının, xəttatlarının və kimyagərlərinin toplandığı sehrli bir incəsənət laboratoriyası, dövrünün ilk böyük “İncəsənət Akademiyası” idi.

Şah İsmayıl Xətainin həyat və idarəçiliyini araşdırdıqda onun kitaba və sənətə sadə bir hökmdar həvəsi ilə yaxınlaşmadığının şahidi oluruq. Onun üçün kitabxana dövlətin gücünü, intellektini və fəlsəfəsini dünyaya nümayiş etdirən ən strateji qala idi.

1510-cu ildə Herat şəhərini dövlətinə birləşdirən gənc Şah orada Şərqin “Rafael”i adlandırılan dahi rəssam Kamaləddin Behzadla tanış olur. Xətai Behzadı və onun ətrafındakı ustad sənətkarları Təbrizə dəvət edir.

1522-ci ildə Şah İsmayıl dünya tarixində bənzəri az olan bir addım atır və kitabxananın fəaliyyətini tənzimləyən xüsusi dövlət fərmanı imzalayır. Bu fərmanla Kamaləddin Behzad kitabxananın baş rəhbəri – kitabdar təyin olunur.

Şərqşünas alim Ə.Məmmədovun tədqiqatlarına görə, saray kitabxanasında “Əmələyi-kitabxaneyi-hümayun” adlanan və 58 nəfərdən ibarət olan xüsusi məmur heyəti fəaliyyət göstərib.

Sənəddə rəssamların, xəttatların, cildçilərin və hətta kağız hazırlayanların hüquqları, onların cəmiyyətdəki toxunulmaz statusu rəsmən dövlət təminatına götürülürdü. Qılıncı ilə imperiya idarə edən Şah bu addımı ilə qələm sahiblərini özünün ən yaxın sirdaşları elan etmişdi.

Bu kitabxanaya kitabların hazırlandığı qapalı laboratoriya da desək, yanılmarıq. Belə ki, Təbriz emalatxanasında (skriptoriumda) bir kitabın ərsəyə gəlməsi illərlə çəkən və vahid mexanizmlə işləyən möhtəşəm bir zəncirvari istehsal prosesi idi. Öncə ipək kimi hamar, əsrlərlə saralmayan xüsusi kağızlar hazırlanırdı. Rəngkarlar dağ süxurlarından, qızıl tozundan, qiymətli daşlardan (məsələn, lacivərd) və bitki köklərindən min il solmayacaq rənglər əldə edirdilər. “Nəstəliq” xəttinin atası sayılan Şah Mahmud Nişapuri kimi ustadlar aylarla, bəzən illərlə otağına qapanaraq böyük şairlərin misralarını kağıza köçürürdülər. Səhifələrin kənarlarını təmiz qızıl suyu ilə bəzəyir, həndəsi bədii naxışlar vururdular. Sultan Məhəmmədin rəhbərlik etdiyi rəssamlar qrupu mətnə həyat verən o məşhur miniatürləri çəkirdilər.

Sultan Məhəmmədin Təbriz üslubu dünya rəngkarlığına tamamilə yeni bir nəfəs gətirmişdi. Səfəvi rəssamları təbiəti canlı bir orqanizm kimi görürdülər. Sultan Məhəmmədin hazırda Nyu-York Metropoliten Muzeyində saxlanılan və sənət tarixinin zirvəsi sayılan “Kəyumərsin divanı” (The Court of Gayumars) miniatürünə baxanda insan gözlərinə inanmır. Sıldırım, rəngbərəng qayaların, buludların və yarpaqların içinə diqqətlə baxdıqda, rəssamın ustadlıqla gizlətdiyi insan və heyvan simalarını, qorxunc divləri, sehrli varlıqları görmək olur. Bu, dövrün miniatür sənətində vizual bir “kodlaşdırma” və sənətçinin mistik dünyagörüşünün təzahürü idi.

Xətainin oğlu, gələcək şah I Təhmasib daxil olmaqla, bütün Səfəvi şahzadələri hər gün bu emalatxanaya gəlir, ustadlardan rəsm, xəttatlıq və fəlsəfə dərsləri alırdılar. Şah ailəsi üçün qılınc oynatmaq nə qədər vacib idisə, fırça tutmaq da bir o qədər təbii idi.

Şah İsmayılın təməlini qoyduğu və oğlu Təhmasibin tamamladığı bu kitabxanadan çıxan əsərlər — xüsusilə 258 miniatürlü möhtəşəm “Şahnamə” və Nizami Gəncəvinin qızıl suyuna çəkilmiş “Xəmsə” nüsxəsi bu gün bəşəriyyətin ən bahalı və qiymətli əlyazmaları siyahısındadır.

Tarixin fırtınaları, imperiyaların süqutu və beynəlxalq diplomatik hədiyyələr bu kitabları dünyanın dörd bir yanına səpələyib. Bu gün Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Londonun Britaniya muzeylərində və Tehranın xüsusi xəzinələrində qorunan həmin vərəqlər sadəcə rəsm əsəri deyil. Onlar Şah İsmayıl Xətainin Təbriz sarayında qurduğu o sehrli dünyanın, qılınclarla qorunan sənət və elm imperiyasının bu günümüzə çatmış canlı şahidləridir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Arzu Məmmədova

UNEC KİM-in 24/7 kitabxanasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir