Kondisioneriniz işləyib soyutmursa, səbəb bunlar ola bilər
İsti havalarda ev və iş yerlərində intensiv şəkildə istifadə edilən kondisionerlərin performansının aşağı düşməsi və səmərəsiz işləməsi istifadəçiləri narahat edir.
Cihazın sıradan çıxdığı düşünülsə də, mütəxəssislər soyutmama probleminin əsasən baxımsız qalan hava filtrlərindən qaynaqlandığını bildirirlər.
“İNFONEWS” xəbər verir ki, kondisioner filtrləri havadakı toz, tük və mikro hissəcikləri tutaraq içəri təmiz havanın daxil olmasını təmin edən qoruyucu qalxan rolunu oynayır. Lakin zamanla dolan filtrlər təmizlənmədikdə hava axını əngəllənir və cihazın soyutma performansı 50 faizə qədər azala bilər. Çirkli filtrlərə görə otağı istənilən temperatura gətirməkdə çətinlik çəkən sistem daha çox güc sərf edərək elektrik xərclərini qatlayır. Eyni zamanda, kondisionerdən gələn qəribə qoxular və normaldan yüksək işləmə səsi də filtrin təcili təmizlənməli olduğundan xəbər verən əsas əlamətlərdəndir.
Təmizlik işinə başlamazdan əvvəl cihazın tamamilə söndürülməsi və elektrik bağlantısının kəsilməsi lazımdır. Filtrelərdə yığılan tozların zəif güclü elektrik süpürgəsi ilə təmizləndikdən sonra ilıq su ilə yaxalanması, sərt kimyəvi maddələrdən və yuyucu süngərlərdən istifadə olunmaması tövsiyə edilir.
Təmizlənmiş filtrlərin nəm şəkildə cihaza taxılması kiflənməyə və pis qoxulara səbəb olduğu üçün kölgədə tamamilə qurudulması həyati əhəmiyyət daşıyır. Filtr təmizliyinə baxmayaraq soyutmayan, su damlası quran və ya qoxu yaymağa davam edən cihazlar üçün isə daxili hissələrin baxımını mütəxəssis servislərə həvalə etmək məsləhətdir.