“GÜNƏBAXANLAR” təqdim edir: “Qürurum – AZƏRBAYCANIM!” Kamal Nuriyev

“GÜNƏBAXANLAR” təqdim edir: “Qürurum – AZƏRBAYCANIM!” Kamal Nuriyev

“İNFONEWS”– un “GÜNƏBAXANLAR” yay forumunda İNCƏSƏNƏT

İNCƏSƏNƏT GƏLƏCƏYƏ GÖNDƏRDİYİMİZ MƏKTUBDURMU?

Min illər sonra bizi tanımayan insanlar əsərlərimizə baxaraq kim olduğumuzu anlaya biləcəkmi?

Təsəvvür edin ki, bir gün bütün insanlar yox olur. Telefonlar susur, virtual dünya yoxa çıxır, şəhərlər dağılır. Minilliklər keçir. Nə vaxtsa gələcəyin insanları bizim sivilizasiyamızın qalıqlarını tapırlar. Onların əllərində isə yalnız bəzi kitablar, musiqi yazıları, rəsm əsərləri və binalardan qalan izlər var.

Əslində biz keçmiş insanları məhz belə tanımışıq. Qədim insanlar haqqında bildiklərimizin böyük hissəsini onların divarlara, papiruslara və məbədlərə həkk etdikləri izlərdən, işarələrdən, naxışlardan öyrənirik. Mağara divarlarında çəkilmiş heyvan təsvirlərinin müəlliflərini tanımırıq, amma bütün bunlar onların dünyasına baxmağa imkan yaradır. Əlbəttə ki, həmin insanların ağlından belə keçməzdi ki, onların rəsmlərini bu gün biz seyr edə bilərik.

Bəlkə də ilk rəssamlar özləri də bilmədən gələcəyə məktublar yazırmışlar.

Maraqlı tərəfi isə, bu məktubların yalnız sözlərdən ibarət olması deyil. Bir musiqi notu bir insanın hisslərini əsrlər sonra belə yaşada bilər. Bir kitab bir dövrün düşüncə tərzini qoruyar. Bir bina artıq mövcud olmayan bir şəhər haqqında danışa bilər. Bir rəsm isə bütün bunları eyni anda edə bilər.

Mən də rəsm əsərləri üzərində işləyəndə məhz bu fikri əsas tuturam. “Qürurum – AZƏRBAYCANIM!” adlı kompozisiyada səmada dalğalanan bayrağımız, at, kitab, musiqi notları, qədim memarlıq nümunələri, xalça naxışları, milli ornamentlər və azad Şuşa qalasını bir araya gəlib. Bunlar mənim üçün sadəcə dekorativ elementlər deyil. At hərəkəti və insanın axtarışını, kitab biliyi və yaddaşı, musiqi notları hissləri və səsi, qədim memarlıq isə zamanın içində qalan izləri ifadə edir.

Bu elementlərin hamısını bir əsərdə birləşdirəndə ortaya mənim üçün belə bir sual yaranır: “İnsan nə qədər dəyişsə də, özündən sonra nəyi qorumaq istəyir?”

Bəlkə də cavab incəsənətin özündədir. Çünki insanın həyatı qısadır, amma yaratdığı əsərin ömrü ondan qat-qat uzun ola bilir. Rəssamın özü artıq həyatda olmayanda belə, onun çəkdiyi adi bir xətt başqa bir insanın qarşısında dayanıb nəsə deməyə davam edir. Lakin burada daha maraqlı bir məqam var, gələcək bizi doğru-düzgün anlamaya da bilər.

Bu gün qədim bir simvolun mənasını necə yozduğumuzu düşünün. Biz onun nə demək olduğunu təxmin edə, amma onu yaradan insanın beynindən keçənləri tam olaraq heç vaxt bilməyəcəyik. Deməli, sənət əsəri gələcəyə hazır cavab göndərmir. O, gələcək nəsillərə sual göndərir. Bəlkə də buna görə eyni rəsm əsəri yüz il sonra tamam başqa cür görünəcəkdir. Bəlkə də elə bu, incəsənətin ən gözəl tərəflərindən biridir. Rəssam əsəri yaradır, zaman isə onun mənasını yenidən yazır.

Bəlkə də hər rəsm, hər kitab, hər musiqi əsəri insanlığın gələcəyə göndərdiyi kiçik bir məktubdur. Biz sadəcə onun kim tərəfindən və nə vaxt oxunacağını bilmirik.

Əminliklə deyə bilərəm ki, bu gün “Qürurum – AZƏRBAYCANIM!” rəsminə baxanların hər biri vətənimizin qədimiliyini, milli irsimizin zənginliyinı, mədəniyyət beşiyimiz Şuşamızın başından dumanların dağılmasını, səmada dalğalanan bayrağımızın, yerdə küləklərlə yarışan Qarabağ atlarımızın azadlıq ruhunu duyur və hər birinin içində “Xudayar təsnifi” səslənir.

Kamal NURİYEV

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, gənc dizayner

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir