Arda Gülərin möhtəşəm qolu Belçika mediasının diqqətini çəkib: “Təəccübləndilər və sonra yenidən ayağa qalxdılar”
Türkiyə milli komandası UEFA Millətlər Liqasının A Liqasında Belçikaya 2:1 hesabı ilə məğlub olub. Qarşılaşmada Arda Gülərin vurduğu möhtəşəm cərimə zərbəsi isə Belçika mediasında geniş müzakirələrə səbəb olub.
“İNFONEWS” xəbər verir ki, Türkiyə A Milli Futbol Komandası UEFA Millətlər Liqasının beşinci turunda İzmir şəhərindəki Gürsel Aksel stadionunda Belçika yığmasını qəbul edib.
Qarşılaşmada hesabı 20-ci dəqiqədə Arda Gülər açıb. Gənc futbolçunun cərimə zərbəsindən vurduğu top rəqib komandanın oyunçularından ibarət səddi keçərək qapının sol yuxarı küncündən tora daxil olub.
Lakin Belçika millisi Kevin De Bruyne və Charles De Ketelaere-nin qolları ilə hesabı dəyişərək 2:1 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Belçika xallarının sayını 9-a çatdıraraq 1/4 finala yüksəlmək şansını qoruyub.
Belçika mediası İzmir şəhərində keçirilən qarşılaşmaya geniş yer ayırıb. Yerli idman şərhçiləri xüsusilə “Real Madrid”in ulduz futbolçusu Arda Gülərin çıxışını və onun cərimə zərbəsindən vurduğu qolu yüksək qiymətləndiriblər.
Belçika millisinin qapıçısı Senne Lammens də Arda Gülərin qolunu xüsusi qeyd edib:
“Bu, həqiqətən möhtəşəm idi. Bəzən topun belə gözəl vurulduğunu qəbul etmək lazımdır”.
Flamand ictimai yayımçısı VRT qarşılaşma ilə bağlı materialını “Belçika millisi Türkiyədə qələbə qazandı: De Bruyne və De Ketelaere çılğın dörd dəqiqədə çətin vəziyyəti dəyişdirdi” başlığı ilə yayımlayıb.
VRT-nin məlumatına görə, oyuna gözlənilmədən zəif başlayan Belçika millisi Arda Gülərin möhtəşəm cərimə zərbəsindən sonra hesabda geri düşüb. Yayımçı komandanın sonradan toparlanaraq oyunun gedişatını dəyişməsini xüsusi vurğulayıb.
VRT-nin şərhində Belçika millisinin baş məşqçisi Mark van Bommelin Türkiyə ilə qarşılaşmada rəqibə təzyiq göstərmək strategiyasının ilk dəqiqələrdə istənilən nəticəni vermədiyi, lakin 15-ci dəqiqədən sonra Belçikanın oyunda üstünlüyü ələ aldığı bildirilib.
Qeyd edək ki, Arda Gülərin Belçikaya qarşı vurduğu cərimə qolu həm qarşılaşmanın, həm də Belçika mətbuatının diqqət çəkən məqamlarından biri olub.