Qarabağda alban irsimiz və Azıx mağarasının tədqiqatları
“İNFONEWS” xəbər verir.
Azərbaycan Silahli Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməsi ilə ölkəmizin, xalqımızın həyatında yeni tarixi mərhələ başlanıb. Bu şanlı Qələbə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltdi və dünya siyasətində mövqeyini möhkəmləndirdi. Dünyanın ən qüdrətli dövlətləri Qarabağ uğrunda 44 gün davam etmiş müharibədə Azərbaycanın hərbi əməliyyat təcrübəsini öyrənir və buna uyğun olaraq öz ordularında köklü dəyişikliklər edirlər. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri sürətlə davam edir. Həmin ərazilərə ardıcıl səfərlərində ölkə başçısı bu işləri diqqətdə saxlayır və növbəti tapşırıqlarını verir. Ölkə Prezidenti bu torpaqlara hər bir səfərində, çıxışlarında işğaldan azad edilmiş rayonlarda tarixi abidələrin vəziyyətini diqqətə çəkir, bir sıra abidələrimizin ermənilər tərəfindən saxtalaşdırılmasını, digərlərinin, eyni zamanda dini abidələrimizin tamamilə dağıdılmasını xüsusi vurğulayır.
Bunu açıqlamasında Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.
Professor bildirib ki, martın 16-da Prezident İlham Əliyevin Füzuli və Xocavənd rayonlarına səfəri zamanı da ölkə rəhbərinin qaldırdığı əsas məsələlərdən biri tarixi abidələrin vəziyyəti ilə bağlı olub. Xocavənd rayonundakı tarixi irsimizin yadigarları olan alban məbədlərinin vəziyyəti ilə tanış olan Prezident İlham Əliyev Hünərli kəndindəki alban məbədinin ermənilər tərəfindən yararsız hala salınmasına diqqəti yönəldərək deyib ki, bu erməni kilsəsi olsaydı onlar bunu bu vəziyyətə salmaz və təhqir etməzdilər. Dövlət başçısı Tuğ kəndindəki alban məbədində olarkən də bu abidənin ermənilər tərəfindən saxtakarlığa məruz qaldığını bildirib. Prezident qeyd edib ki, ermənilər bunu da erməniləşdirmək istəyiblər, amma alınmayıb və alınmayacaq. Bundan sonra Azərbaycan dövləti bu Alban məbədini qoruyacaq.
İşğal dövründə Azərbaycanın həm xristian, həm də islam mədəniyyəti irsinə qarşı vandallıq göstərən ermənilər yaxın günlərdə daha bir riyakarlıq edərək guya azərbaycanlıların Cəbrayıl rayonunda erməni tarixi irsinə aid kilsəni dağıtdıqları barədə car çəkirlər. Halbuki Cəbrayılda heç bir zaman ermənilər yaşamayıb və müvafiq olaraq orada erməni tarixinin izləri də yoxdur. Əslində söhbət işğal dövründə, işğalçı erməni hərbçilərinin dini əməllərinin icrası üçün 2017-ci ildə istifadəyə verilmiş müasir binadan gedir. Ermənilər belə hesab edirlər ki, yüzlərlə kəndimizi, şəhərimizi viran qoyub özləri üçün kilsə inşa edib bunu tarixi abidə elan edə bilərlər və onların məntiqinə görə bu normal bir haldır. Bu son hadisələr bir daha sübut edir ki, “erməni” adlı xəstəliyin ən yaxşı müalicəsi Azərbaycan əsgərinin zərbələridir.
Dünyaca məşhur Azıx mağarası da işğal müddətində erməni saxtakarlığından kənarda qalmayıb. Azərbaycanda ən qədim insan düşərgəsi olan bu abidədə ermənilər digər ölkələrin alimlərini də cəlb etməklə beynəlxalq qanunlara zidd arxeoloji qazıntılar aparıblar. Azıx mağarasının önündə çıxış edən dövlət başçısı bildirib ki, bu mağaranı azərbaycanlı alim, Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılıb. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparıb. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.
Yaşı milyon ildən artıq olan Azıx mağara düşərgəsi insanlıq tarixinin ən qədim mərhələlərinin ardıcıllığını əks etdirən yeganə abidədir. Ocaqların (700 min il əvvəl), tikili qalığının (350-400 min il əvvəl) aşkar edildiyi Azıx mağarası bu göstəriciləri ilə dünyada cəmi bir neçə ən qədim abidələrdən biridir. Ümumiyyətlə, Azıx mağarası dünya arxeologiya elmində müstəsna əhəmiyyətə malik abidələrdəndir.
“Azıx mağarasını aşkar etmiş və orada 20 ildən artıq intensiv tədqiqatlar aparmış professor Məmmədəli Hüseynovun 2022-ci ilin aprelində anadan olmasının 100 ili tamam olacaq. Bu görkəmli alimin yubileyinin beynəlxalq elmi konfrans keçirməklə qeyd edilməsi növbəti ildə əsas elmi tədbirlərdən biri olmalıdır. Bunun üçün indidən hazırlıq işlərinə başlanılmalı, təşkilat komitəsi (və ya işçi qrup) yaradılmalıdır. Bu konfransda xarici ölkələrin Paleolit (qədim daş) dövrü tədqiqatçılarının sanballı nümayəndələrinin iştirakı təmin edilməlidir. Konfrans çərçivəsində iştirakçıların Azıx mağarasına səfərinin təşkil edilməsi olduqca vacibdir. Əlbəttə, bu nadir abidə elmin müasir tələbləri əsasında yenidən tədqiq edilməlidir. Bu konfransın təşkili Azıx mağarasının tədqiqatları ilə bağlı ölkə Prezidentin çağırışlarının həyata keçirilməsi istiqamətində ilk addımlardan biri ola bilər”, – deyə Nəcəf Müseyibli qeyd edib.