Azərbaycan Britaniya Kolleci TEDx tədbirinə ev sahibliyi edib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Azərbaycan Britaniya Kolleci (ABC) TEDx tədbirinə ev sahibliyi edib.
SOCAR-dan bildirilib ki, tədbirdə Milli Məclisin deputatları, müəllimlər, şagirdlər və ölkəmizin tanınmış simaları çıxış ediblər. Tədbirin açılışını SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, məktəbin İdarə Heyətinin sədri Xalik Məmmədov edərək belə bir tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu deyib. Daha sonra məktəbin direktoru Carl Lander çıxış edərək məktəb haqqında qısa məlumat verib, tədbirin ərsəyə gəlməsi üçün şagird və müəllim heyətimizə təşəkkürünü bildirib.
TEDx səhnəsində Milli Məclisin deputatı Etibar Əliyev, ürək cərrahı, deputat Rəşad Mahmudov, BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər tanınmış simalar, həmçinin məktəbin şagirdləri aktual mövzular haqqında çıxış edərək izləyicilərə ilham mənbəyi olublar.
Pandemiya şəraitini nəzərə alaraq, tədbir zalında auditoriya olmayıb, tədbir canlı olaraq məktəbin “Facebook” və “YouTube” kanallarında göstərilib.
Qeyd edək ki, TED yayılmağa dəyər ideyaları dünyaya yayan Amerika mərkəzli təşkilatdır və TEDx tədbirləri yalnız həmin təşkilatdan alınan lisenziya ilə ildə bir dəfə keçirilə bilir. Azərbaycan Britaniya Kollecinin şagirdləri komanda olaraq bu təşkilata müraciət edib və lisenziya alıb. Bununla Azərbaycanda ilk dəfə bir orta məktəbdə TEDx tədbiri keçirilib.
Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlayıb, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 635 şagird üçün xidmət göstərməkdədir. ABC-də İngiltərə Milli Kurikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənləri də kurikuluma daxil edilib. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.