UEFA Super Liqa klublarına qarşı cəza tətbiq edə bilər
“İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
UEFA prezidenti Aleksander Çeferin növbəti həftə Super Liqanın yaradılması ideyasından hələ də əl çəkməyən klublara qarşı cəza tətbiqinin müzakirə ediləcəyini bildirib.
O, UEFA-nın hazırda hüquqi qiymətləndirmənin nəticəsini gözləyir və onun əsasında qərar qəbul edəcəkdir. A.Çeferin Assoşieyted Press Agentliyinə verdiyi müsahibədə, həmçinin qeyd edib ki, hər kəs öz qərarlarından doğan nəticələrə görə məsuliyyət daşımalıdır və klublar bunu yaxşı bilirlər.
Prezident qeyd edib ki, UEFA İcraiyyə Komitəsinin iclasında Super Liqanın yaradılmasında iştirak edən klubların yerləşdiyi ölkələrin milli federasiya və liqaları ilə müzakirələr barədə də qərar qəbul edilib. Məqsəd müvafiq liqa, federasiya və UEFA-nın bu proseslə bağlı hansı addımla ata biləcəyini müəyyən etməkdir: “Klublar Super Liqada oynamaq, yaxud da Avropa klubu olaraq qalmaq barədə qərar verməlidirlər. Əgər onlar Super Liqada olacaqlarsa, onda təbii ki, Çempionlar Liqasında iştirak edə bilməyəcəklər.” 53 yaşlı sloveniyalı UEFA rəhbəri bununla da Super Liqa layihəsindən hələlik rəsmi imtina etməmiş İspaniyanın “Barselona” və “Real Madrid” və İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klublarını nəzərdə tutub. O, bu layihədə iştirak edən və səhvlərini anlayaraq imtina edən digər klublarla bağlı məsələnin isə tam fərqli olduğunu söyləyib.
Super Liqa layihəsinin əsas təşəbbüskarı, “Real Madrid” klubunun prezidenti Florentino Perez ilkin olaraq Avropanın 12 aparıcı klubunun qoşulduğu və hazırda ciddi tənqidlərə məruz qalan ideyanın iflasa uğradığı fikrini rədd edib. Özünü Avropada futbolun xilaskarı hesab edən F.Perezin bu layihəsi ilk növbədə əzəli rəqib “Barselona“ klubu tərəfindən dəstəklənir.
Qeyd edək ki, aprelin 19-da Avropanın on iki futbol klubu Super Liqanın yaradıldığını bəyan edib. Bu qərar UEFA-nın etirazına səbəb olub. “Real Madrid” və “Barselona“ klubları istisna olmaqla, bu layihəyə qoşulan Böyük Britaniya, İtaliya və İspaniya klubları rəsmi və ya qeyri-rəsmi şəkildə daha bu ideyanın tərkib hissəsi olmadıqlarını bəyan ediblər.