İcbari sığorta ilə bugün – dəyişən ad, həmin keyfiyyət
2016-cı ilin sonları ölkə vətəndaşları üçün yeni bir ifadə ortaya çıxdı – “İcbari Tibbi Sığorta”. Cənab Prezidentin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə hamımız üçün yenilik olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətə başladı. Xalq çox sevindi, çünki sözügedən qurumdan böyük gözləntilər var idi. Qurumun yaranması ilə növbəti yeni ifadələrin – “Xidmətlər zərfi”; “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB)” və s. ortaya çıxması ilə Azərbaycan xalqı dahada həvəsləndi.
“Görəsən necə olacaq?”, “Axır ki, yüksək səviyyəli xidmət ala biləcəyik.” kimi fikirləri tez-tez eşitmək olurdu.
Bildiyiniz kimi 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında və daha 36 şəhər və rayonda tətbiq edilməkdədir. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunub.
Bəs görəsən sözügedən qurum işinin öhdəsindən yetərincə gələ bilirmi?
İlk öncə maraqlı durum onda oldu ki, Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi aprelin 1-dən icbari tibbi sığorta ilə əhatə olunsa belə əhalidən yanvar ayının 1-dən tibbi sığorta üzrə ödənişlər (aylıq maaşının 2 %-i məbləğində) toplanmağa başladı.
Belə olmasına baxmayaraq xidmətin keyfiyyəti yüksək səviyyəli olsa idi bəlkədə əhalinin “ürəyinə su sərpilərdi”. Lakin belə olmadı. Araşdırmalarımız göstərir ki, vətəndaş tibbi sığorta üzrə xidmətlərdən istifadə etmək istədikdə əvvəlki süründürməçilik hələdə davam edir.
Məsələ ilə bağlı vətəndaş müraciətlərinin birində qeyd edilir ki, vətəndaşa koronavirusla bağlı anticismlərin yoxlanılması ilə bağlı laborator analizdən keçməsi üçün sahə tibb müəssisəsi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmiləri tərəfindən razılaşdırılaraq müvafiq göndəriş təqdim edilir. Vətəndaş həmin göndərişi götürərək “şad-firəvan” şəkildə analizdən keçəcəyinə inanaraq göndərişdə qeyd edilmiş 5 nömrəli Şəhər Xəstəxanasına müraciət edir. Dərd isə elə burda başlayır. 5 dəqiqəlik analizdən keçəcək deyə saatlarla növbə gözləyən vətəndaşa növbə çatdıqda, bu səhiyyə müəssisəsində həmin laborator testin keçirilmədiyi, bununla bağlı göndəriş veriləcəyi bildirilir. Çarəsiz razılaşan vətəndaş göndərişin verilməsini xahiş edir. Belə olduqda isə növbəti gözləmə saatları başlayır. Sistemdən başları çıxmayan əməkdaşlar 1 saata göndərişi tərtib edib təsdiq üçün göndərir. Bir müddət daha gözlədikdə isə göndərişin təsdiq edilməyəcəyi bildirilir. Səbəb tələb etdikdə isə gedin yaxma verin cavabı verilir. Simptomlar olsa belə 2 dəfə götürülmüş yaxmanın negativ gəldiyi üçün həkim tərəfindən sözügedən analizin tərtib edildiyi bildirilir. Belə olanda isə həmin analiz olunmayacaq, negativ çıxıb, simptom varsa gedin 14 gün evinizdə oturun cavabı verilir.
Qeyd olunanlardan görülür ki, agentlik təminat verilən xidmətlərin siyahısında olsa belə vətəndaşın xidmətdən yararlanmasına mane olur. Demək ki, hələ çox şey dəyişilməlidir. Mövcud vəziyyətdən görsənir ki, dəyişən yalnız addır, keyfiyyət elə olduğu kimi qalmaqdadır, bir sözlə, xidmət adını dəyişsə də, köhnə mahiyyətini saxlayıb. Mirzə Cəlil demişkən,“Haman göl, haman qurbağa“.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…