Tərtərli fermerlər bağlarda müasir suvarma sistemlərinin tətbiqini genişləndirirlər
”İNFONEWS” Azərtac’a istinadən xəbər verir.
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıqdır. Son illərdə rayonda intensiv bağların salınmasına üstünlük verilir, müasir suvarma sistemlərindən istifadə genişlənir.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, rayonda 1500 hektar sahədən çox meyvə bağları və giləmeyvəlik var. Ötən il 71,7 hektar sahədə yeni meyvə bağları salınıb ki, onun da 62 hektarı intensiv bağlardır. Tərtər rayonunda bu ilin əvvəlindən salınan meyvə bağlarının da əksəriyyəti müasir damlama suvarma sistemi ilə təchiz olunub.
Dövlətin təsərrüfatlarda müasir suvarma sistemlərinin quraşdırılmasına dəstək verməsi fermerlərin bu sahəyə marağını artırıb. Belə ki, fermerlərə yeni salınan intensiv meyvə bağlarına görə ilk 4 ildə hektara 700 manat, 4 ildən sonra isə 240 manat subsidiya müəyyən edilib. Bundan başqa, fermerlər dövlət güzəştindən yararlanaraq müasir suvarma sistemlərini dəyərinin 20 faizini ilkin ödəniş etməklə əldə edə bilirlər. Avadanlığın dəyərinin 40 faizini dövlət ödəyir, qalan 40 faiz isə banklar tərəfindən 5 il müddətinə kreditləşdirilir. Beş il ərzində kreditin əsas hissəsini fermer, faizlərini isə dövlət ödəyir.
Arif Behbudov müasir suvarma sistemlərinin tətbiq edilməsinin üstünlüklərindən danışarkən deyib: “Bu sistemlərin tətbiqi su ehtiyatlarından qənaətlə istifadəyə imkan verir, fermerin işi asanlaşır. Ağacların lazımi minerallarla müəyyən olunmuş ölçüdə təminatını həyata keçirir, gübrə və dərman sərfiyyatını azaldır, torpağın şoranlaşmasının və eroziyaya uğramasının qarşısının alır. Müasir suvarma sistemi ilə təchiz olunmuş bağlarda məhsuldarlıq adi bağlara nisbətən çox olur”.
Tərtər rayonunun Kəngərli kənd sakini Telman Abbasov 10 ilə yaxındır bağçılıqla məşğuldur. 7 hektar sahədə meyvə bağları var. Bu il isə ilk dəfə olaraq 3,75 hektar sahədə armud, şaftalı, gilas, ərik ağaclarından ibarət yeni intensiv bağ salıb. “Bağda müasir damlama suvarma sistemi quraşdırmışıq, 480 tonluq su anbarı yaratmışıq. Damlama suvarma ilə həm suya qənaət edilir, su itkisinin qarşısı alınır, həm də suvarma tez vaxtda aparılır. Belə ki, 3,75 hektar bağ ənənəvi üsulla 3 günə, müasir damlama üsulu ilə isə bir neçə saata suvarılır. Həm vaxt baxımından irəli düşürük, həm də zəhmətimiz az olur. Bağçılıqla məşğul olanlara damlama suvarma sistemindən istifadə etməyi tövsiyə edirəm”, – deyə fermer bildirib.