Yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində intensiv tədbirlər davam etdirilir
”INFONEWS” xəbər verir.
Ötən il açıq sahələrdə, meşə və meşəətrafı ərazilərdə, eləcə də biçilmiş və biçilməmiş əkin sahələrində baş vermiş yanğın hadisələri və onların səbəbləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində təhlil edilib, yaz-yay mövsümündə, o cümlədən dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğınların daha çox baş verdiyi ərazilər müəyyənləşdirilib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, bunun nəticəsi olaraq Xidmət tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə yanğınların başvermə ehtimalı yüksək olan yerlərdə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr, həmçinin aidiyyəti təşkilatlarla birlikdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq, əkin sahələri və meşə ərazilərinin ətrafının, avtomobil və dəmir yolları, yüksək gərginlikli hava elektrik xətləri və digər kommunikasiyalar keçən və bunlara yaxın olan sahələrin şumlanması üsulu ilə yanğına qarşı mühafizə zolaqlarının yaradılması işlərinə başlanılıb.
Məsələ ilə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidməti aidiyyəti təşkilatlara rəsmi müraciətlər ünvanlayıb, zəruri tədbirlərin həyata keçirilməsi və müvafiq rejimə əməl olunmasının əhəmiyyəti bir daha diqqətə çatdırılıb. Həmçinin meşə mühafizəsi və bərpası müəssisələrinin, fermer təsərrüfatları və fərdi sahibkarların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilir.
Xidmət bu istiqamətdə tədbirləri davam etdirir.