Gürcüstanın sabiq Baş naziri yeni siyasi partiya yaradıb
”İNFONEWS” AZƏRTAC’a istinadən xəbər verir.
Bu gün Gürcüstanda “Gürcüstan naminə” adlı yeni siyasi partiyanın yaradıldığı elan edilib.Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariya “Gürcüstan naminə” partiyasının sədri seçilib.
Partiyanın təqdimat mərasimində 400-ə yaxın partiya tərəfdarı, diplomatik korpusun nümayəndələri və qonaqlar iştirak ediblər.
G.Qaxariya partiyadaşları qarşısında çıxış edərək bildirib ki, partiya kiminsə, hansısa siyasi qüvvə və ya partiyanın əleyhinə deyil, Gürcüstan naminə yaradılıb.
Onun sözlərinə görə, rəhbərlik edəcəyi siyasi təşkilat Gürcüstandakı siyasi proseslərdə, ölkənin çiçəklənməsi və Avroatlantik inteqrasiyasında fəal iştirak edəcək.
Qeyd olunub ki, partiya bu ilin payızında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcək.
Partiyaya parlamentin 6 deputatı, hökumətdə vəzifə tutan bir sıra nüfuzlu şəxslər üzv olublar. Ötən gün Gürcüstanın NATO-dakı sabiq səfiri Levan Dolidze və keçmiş prezident Giorgi Marqvelaşvilinin müşaviri Giorgi Abaşişvili də partiyaya qoşulublar.
Məlumat üçün bildirək ki, Rusiyada uzun müddət biznes fəaliyyəti ilə məşğul olan G.Qaxariya 2012-ci ildən Gürcüstanda müxtəlif vəzifələrdə çalışıb. O, 2019-cu ilin sentyabrından bu ilin fevral ayının 18-dək hökumət başçısı vəzifəsini tutub.